Məhkəmə qərarları › İş №2(011)-4326/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4326/2023

23.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4326/2023 23.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Həsənov Elçin Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü X3 Ərizəçi qardaşıdır. Qardaşının ümumi xəstəliyi vardır. Belə ki, qardaşı xəstəliyi nəticəsində özünü idarə edə bilmir, daimi qulluğa ehtiyacı vardır. Qarabağ müharibəsində iştirak etdikdən sonra qardaşında bu fəsadlar ortaya çıxmış, həmin vaxtdan etibarən sağalmamışdır. Hətta getdikcə xəstəliyi pisləşmişdir. İllərdir qardaşı bu xəstəlikdən əziyyət çəkir. Belə ki, X3 öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna, nəzarətinə ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası Quliyeva Qızxanım qızıdır. İş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası Qızxanım Quliyevadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X5 xx.xx.2023-cü il tarixli 3560 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, X2 “şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə (F20.0)” xroniki psixi xəstəliyi qeyd olunur. X3 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. İş materialları və verilmiş “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X5 xx.xx.2023-cü il tarixli 3560 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, X2 psixi xəstəlik olduğundan və bunun nəticəsində sonuncu öz hərəkətlərini başa düşməyib, özünü idarə edə bilmədiyindən, məhkəmə hesab edir ki, o, Mülki Məcəllənin qeyd olunan normasına əsasən, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin, Mülki-Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar