Məhkəmə qərarları › İş №2(011)-4336/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4336/2024

06.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4336/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. X2 Bakı şəhəri, Nizami rayonu, Türkmənistan küçəsi, 4 saylı fərdi yaşayış evi üzrə **********00050 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı Rza Rzayevin arvadıdır. Rza Rzayev Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı xx.xx.2003cü il tarixdən Rza Rzayevlə nikaha daxil olaraq xx.xx.2003-cü il tarixdən qeyd edilən fərdi yaşayış evində yaşayır.

2. İddiaçının yaşadığı yaşayış evinə qaz sayğacı, abonent saldosuna əsasən, cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə isə cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edilməsi barədə qeyd aparılaraq, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 51840 m3 olması müəyyən edilmişdir.

3. İddiaçının adına olan “abonentin saldosu”nun “qalıq və aktlar” bölməsində də 2023-cü ilin yanvar ayı üzrə onun 6220,80 manat borcunun olması əks olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdeh tərəfindən ona hesablanmış 6220,80 manat əsassız borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun xəbəri olmadan cavabdehin əməkdaşları yaşadığı evinə gəlmiş və guya onun təbii qazdan sayğacdan kənar istifadə ediyini aşkar edərək akt tətrib edilmişlər. Akt onların iştirakı olmadan tərtib edilmişdir. Akta əlavə olunmuş fotoşəkil onun evinə aid deyil. Sayğacdan kənar təbii qadan istifadə etməmişlər. Hər ay mütəmadi olaraq istifadə etdiyi qazın dəyərini ödəyir və heç bir məblığdə borcu olmamışdır. Sayğac ərinin adına rəsmiləşdirilmişdir. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edildiyi üçün iddianı özü qaldırmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

11. Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

12. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

13. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

14. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

15. 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

16. 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

17. 4.3-cü bəndinə əsasən Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.

18. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

20. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

26. Yuxarıda qeyd edilən müddəalrdan da göründüyü kimi, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər.

27. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur.

28. Lakin cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir.

29. Şərh edilənlərdən əlavə, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir.

30. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olubolmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər.

31. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.

32. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün həm də sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi də vacibdir.

33. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda küçədə yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.

34. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.

35. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

1. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 82,21 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

2. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Türkmənistan küçəsi, 4 saylı fərdi yaşayış evinə (abonent kodu: **********00050) dair hesablanmış 6220,80 manat məbləğində borc silinsin. 82,21 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar