Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-434/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi qanuni nümayəndəsi X3 “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, xx.xx.1980-ci il doğum tarixli psixi qüsurlu oğlu Ərizəçi ƏƏSMN-nin tabeliyində Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixindən əlillik səbəbi ümumi xəstəlik olmaqla, ikinci dərəcə əlilik, diaqnoz “F20.0 Paranoid şizofreniya, Şizofreniya paranoid forma, fasiləsiz gediş, emosional-iradi qüsur halı. Ağırlaşma F20.0 Paranoid şizofreniya, Şızofreniya paranoid forma, fasiləsiz gediş, emosional-iradi qüsur halı. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU orta dərəcəli miopiya. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, NSD kardial tipli” əmək qabilliyyətsiz qeyd edilməklə əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti isə müddətsiz” kimi qiymətləndirilərək əlillik dərəcəsi təyin edilmişdir. Oğlunun heç bir ünsiyyət forması qura bilməməsi, affektiv pozuntular, suisid (özünü öldürmə), hallüsinasiya (qarabasma), avtonom həyat eləcə də minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşaması qeyri-mümkündür. Eləcədə adi şərtlərlə təhsil ala və ya işləyə bilməməsi, ətrafdakılarla adaptasiya və qarşılıqlı əlaqə zamanı nəzərə çarpacaq çətinliklər yaşaması, cari fərdi gündəlik zəruri tələbatın ödənilməsi üçün kənar şəxslərin köməyinə ehtiyacının olması mütləqdir. Beləliklə özünə xidmət, verbal əlaqə, qeyri-verbal davranış, sadə gündəlik gigiyenik vəzifələri yerinə yetirə bilməməsi, daimi qayğıya ehtiyacının olmasına, eləcə də əsəb kontrol probleminə və sosial təhlükəli davranış ağırlığına görə iddiaçı hesab edir ki, oğlu Taryelin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və anası kimi ona qəyyum təyin edilməyinə dair qətnamə çıxarılmalıdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, psixi qüsurlarına görə xx.xx.1980-ci il doğum tarixli psixi qüsurlu oğlu Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə və anası kimi qəyyum təyin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu Ərizəçi fəaliyyət qabiliyyətsiz olması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X3 ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 15 aprel 2023-cü il tarixli məlumatdan görünür ki, 07 avqust 1980-ci il təvəllüdlü Ərizəçi İİ dərəcəli əlil olmaqla, ona “F20.0 Paranoid şizofreniya, Şızofreniya paranoid forma, fasiləsiz gediş, emosional-iradi qüsur halı. Yanaşı xəstəliklər H52.1 Miopiya, OU orta dərəcəli miopiya. Yanaşı xəstəliklər G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, NSD kardial tipli” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X6 Məhkəmə Psixiatrik Ekspertizasının 12 dekabr 2024-cü il tarixli, 5558 saylı rəyi ilə təsdiq olunur ki, 07 avqust 1980-ci il təvəllüdlü Ərizəçi şizofreniya paranoid forma, psixi qüsur vəziyyəti xroniki psixi xəstəlik qeyd olunur. Ərizəçi öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də Ərizəçi tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçi müəyyən edilən şizofreniya paranoid forma, psixi qüsur vəziyyəti ilə əlaqədar səhhəti mülki işə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağrılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, 07 avqust 1980-ci il təvəllüdlü Ərizəçi psixi xəstəliyi iş materiallarında olan sənədlərlə və ekspertiza rəyi ilə sübut olunduğundan Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 317-321-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 07 avqust 1980-ci il təvəllüdlü Ərizəçi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-434/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-434/2025
03.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver