Məhkəmə qərarları › İş №2(011)-435/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-435/2022

17.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-435/2022 17.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi, 02.02.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 02.02.2004-cü il təvəllüdlü X5 ərizəçinin qızıdır. Qızı anadan olduğu vaxtdan onda yüngül dərəcəli əqli gerilik var, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu xəstəliyindən əziyyət çəkir. Belə ki, qızı anadan olduğu zaman ağır doğuş travması alıb, erkən psixi-fiziki inkişafı ləng gedib. Əqli geriliklə əlaqədar 3 nömrəli xüsusi təhsil müəssisəsində təhsil alır. Qavrama qabiliyyəti zəifdir. Qızı xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Onu nəzarətsiz qoymaq mümkün deyildir və onun üzərində daimi nəzarət olmalıdır. Ona qulluğu ərizəçi həyata keçirir, ona görə də qızı fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Ərizəçinin nümayəndəsi və vəkili məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 434256 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 02.02.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X4, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1981ci il tarixdə Şuşa rayonu, Malıbəyli kəndində doğulmuşdur İş materiallarına əlavə edilmiş Vİİ-ЖГ seriyalı, 418538 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X6 arasında 24.07.2001-ci il tarixdə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 39 saylı qeyd olunmuşdur. Nikahdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin 13.11.2019-cu il tarixli ambulator kitabçadan çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan 02.02.2004-cü il təvəllüdlü X5 ağır doğuş travması almışdır və yüngül dərəcəli əqli gerilik müşahidə olunmuşdur. İş materiallarına əlavə edilmiş iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizası üzrə verilmiş 23.12.2021-ci il tarixli 3062 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən 02.02.2004-cü il təvəllüdlü X2 yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilmişdir. 02.02.2004-cü il təvəllüdlü X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə, X1 əqli cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X5 ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X5 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamə 02.02.2004-cü il təvəllüdlü X1 üzərinə qəyyum təyin edilməsi üçün əsas hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 02.02.2004-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırki qətnamə 02.02.2004-cü il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməsi üçün əsas hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar