Məhkəmə qərarları › İş №2(011)-4375/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4375/2025

17.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4375/2025 17.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli, ******* nömrəli və ******* nömrəli aktlar əsasında qanunsuz hesablanaraq iddiaçının abonent hesabına 2018-ci ilin oktyabr ayına 172,80 manat, 2021-ci ilin fevral ayına 561,60 manat və 2022-ci ilin mart ayında 673,92 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının ünvanı qazla təmin edilmiş, istifadə etdiyi sərfiyyata uyğun qazın dəyəri ödənilmişdir. Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Həmin aktlar əsasən iddiaçıya 2018-ci ilin oktyabr ayına 172,80 manat, 2021-ci ilin fevral ayına 561,60 manat və 2022-ci ilin mart ayına 673,92 manat məbləğində borclar hesablanmışdır. Qeyd edilən borcların ödənilməsi iddiaçıdan tələb edilmişdir. İddiaçı əsassız olaraq yazılmış cəriməyə görə borcun silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları İddiaçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda sayğacın zavod plombunun kəsik olduğu qeyd edilmişdir. Akta əsasən abonentə 172,80 manat məbləğində borc hesablanmışdır. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda abonentin sayğacdan kənar, qeyri-qanuni qaz xəttindən istifadə etdiyi qeyd edilmişdir. Akta əsasən abonentə 561,60 manat məbləğində borc hesablanmışdır. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda abonentin fərdi evinə quraşdırılmış qaz sayğacını açaraq, şlanq birləşməsi ilə qazdan qanunsuz istifadə etdiyi qeyd edilmişdir. Akta əsasən abonentə 673,92 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1071 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Ekspertiza tədqiqatının dəyəri 110 manat təşkil etmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası

4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iddiaya Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli ******* nömrəli aktına əsasən hesablanmış 172,80 manat məbləğində borcun silinməsi hissəsində qiymət verərək qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya xx.xx.2018ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 172,80 manat məbləğində borc silinməlidir. Məhkəmə iddiaya xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 561,60 manat və xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 673,92 manat məbləğində borcun silinməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia aşağıda göstərilən hallara görə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə xx.xx.2021-ci il tarixli ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və müvafiq olaraq, hesablanmış 561,60 manat və 673,92 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə trasoloji ekspertizası nəticəsində iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, sözü gedən aktlar əsasında borcun hesablanaraq iddiaçıdan tələb edilməsi qanunsuz və əsassızdır. Buna görə də iddia araşdırılan hissədə təmin edilərək, Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 561,60 manat məbləğində borc və xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 673,92 manat borc məbləğləri silinməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

Məhkəmə xərcləri: Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 110 manat məbləğində ekspertiza tədqiqatının dəyəri və 34,08 manat məbləğində dövlət rüsumu da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Saatlı rayonu, Əhmədbəyli kəndində yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********02240) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 172,80 (yüz yetmiş iki manat səksən qəpik) manat, ) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 561,60 (beş yüz altmış bir manat altmış qəpik), “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 673,92 (altı yüz yetmiş üç manat doxsan iki qəpik) manat borc silinsin. Cavabdeh İB-dən 110 (yüz on manat) manat məbləğində ekspertiza tədqiqatının dəyəri və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar