Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4379/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Əhmədova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC-si Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2021-ci il tarixli MAS-4165 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “KHAZAR LX” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı, NVABA1 HHFMF802596 ban, 147H091094 mühərrik nömrəli, ağ rəngli avtomobil 14950 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 24.5 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 389.61 manat, ümumilikdə isə 21802 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 21802 manatın 14950 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR LX” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil 17 mart 2022-ci il tarixdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 450 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 19 aprel 2022-ci il tarixdə 100 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 09 avqust 2021-ci il tarixli MAS-4165 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 mart 2022-ci il tarixə 330.08 manat gecikdirilmiş əsas, 440.54 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 273.61 manat dəbbə pulu, cəmi 1044.23 manat borcu vardır. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1, 552.2, 747.1, 748-1.8, 748-1.12, 748-7.11 və 748-7.1-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh 09 avqust 2021-ci il tarixli MAS-4165 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 17 mart 2022-ci il tarixə 330.08 manat əsas, 440.54 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 273.61 manat dəbbə pulu, 450 manat dəymiş zərər, ümumilikdə 1494.23 manat borcun və ödənilmiş 35.35 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında itirak etməmişdir. Buna görə də, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2021-ci il tarixli MAS-4165 saylı “Daxili lizinq” müqaviləsinə əsasən məlum olur ki, 2021-ci il buraxılışlı, “KHAZAR LX” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı, NVABA1 HHFMF802596 ban, 147H091094 mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı MMC-nin mülkiyyətinə alınmış və Lizinq alanın Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, həmin tarixdə İddiaçı MMC-si ilə Cavabdeh arasında “KHAZAR LX” minik markalı avtomobilin təhvil-təslimi aparılmışdır. İş materiallarında olan İddiaçı MMC-si tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 09 avqust 2021-ci il tarixli MAS-4165 saylı “Daxili lizinq” müqaviləsi üzrə 17 mart 2022-ci il tarixə 330.08 manat əsas, 440.54 manat mükafat borcu, 273.61 manat cərimə borcu olmaqla, cəmi 1044.23 manat borcu vardır. İş materiallarında olan İddiaçı MMC (Servis) tərəfindən verilmiş Qüsur Aktından görünür ki, “KHAZAR LX” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilə 450 manat maddi zərər hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-nin 748-2.1-ci maddəsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. MM-nin 748-2.3-cü maddəsinə əsasən, lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. MM-nin 748-1.12-ci maddəsinə görə Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.3. Lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olduğundan, lakin borclu pul məbləğini ödəməli olmasına dair vəzifəsini yerinə yetirmədiyindən, iddia tələbi lizinq və mükafat məbləğlərinin ödənilməsi hissəsində əsaslıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə mülki işdə olan sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh lizinq müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirmədiyindən və bu işdə olan sübutlarla təsdiq edildiyindən Cavabdeh 17 mart 2022-ci il tarixə 330.08 manat əsas, 440.54 manat mükafat borcu alınaraq iddiaçıya ödənilməlidir. Eyni zamanda “KHAZAR LX” minik markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobil (lizinq obyekti) Cavabdeh müvəqqəti sahiblik və istifadəsində olduğu müddətdə həmin avtomobilə zərərin dəyməsi və həmin zərərin 450 manat məbləğində müəyyən edilməsi işdə olan sübutlarlatəsdiq edildiyindən həmin məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimənin məbləği 10%-dək azaldılaraq cavabdehdən 27 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 330.08 manat əsas, 440.54 manat mükafat, 27 manat dəbbə pulu və 450 manat dəymiş zərər olmaqla, cəmi 1247.62 manat borc və 35.35 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-4379/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4379/2022
28.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver