Məhkəmə qərarları › İş №2(011)-4389/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4389/2021

13.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4389/2021 13.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 1353,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Abşeron rayonu, Hökməli qəsəbəsi 20 saylı evdə quraşdırılmış qaz sayğacı Azəriqaz İBnin nümayəndələri tərəfindən 10.04.2017-ci il tarixdə dəyişdirildikdən sonra ona 19.04.2017-ci il tarixdə 453,60 manat cərimə ödəməli olduğu bildirilmişdir, daha sonra həmin ünvanda cavabdeh tərəfindən 30.12.2019-cu il tarixdə 540 manat, 28.02.2020-ci il tarixdə 360 manat cərimə ödəməli olduğu bildirilmişdir, təbii qazdan qeyri-qanuni istifadə etmir, buna baxmayaraq həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borcları aybaay gecikdirmədən ödəmişdir, qaz sayğacına hər hansı müdaxilə etməmişdir, bu qədər borc olduğunu Asan Kommunalda olarkən bilmişdir, orada adam yaşamır, kənar xətt ola bilməz, ona görə hesab edir ki, ona hesablanmış borc silinməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyi aşkar olunmuş, bu barədə aktlar tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, mülki iş materiallarına əlavə olunmuş şəkillərdən də görünür ki, kənar qoşulma olmuşdur, iddiaçının abonent hesabına 1353,60 manat borc hesablanmış və həmin məbləğ hazırda iddiaçıdan tələb olunur. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 17.04.2017-ci il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “itirilmiş qazın bərpasına dair” 19.04.2017-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********06220 saylı abonent kodu üzrə sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 2268 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24.01.2018-ci il tarixli ******* saylı akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “itirilmiş qazın bərpasına dair” 24.01.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********06220 saylı abonent kodu üzrə sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 3210 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2019-cu il tarixli ******* saylı akta əsasən, abonentin sayğacdan kənar qaz tənzimləyicisini açaraq qeyri-qanuni qaz xəttinə qoşularaq diametri 15 mm rezin boru vasitəsi ilə yaşayış mənzilinə çəkərək istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv oluması barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” 30.12.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, **********06220 saylı abonent kodu üzrə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 5400 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2020-ci il tarixli ******* saylı akta əsasən, abonentin sayğacdan kənar qaz tənzimləyicisini açaraq qeyri-qanuni qaz xəttinə qoşularaq diametri 15 mm rezin boru vasitəsi ilə yaşayış mənzilinə çəkərək istifadə etməsi aşkar olunmuş, dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv oluması barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” 28.02.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********06220 saylı abonent kodu üzrə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 3600 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 30.04.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********06220 saylı abonent hesabına 2017-ci il tarixinə 453,60 qəpik, 2018-ci il tarixinə 642 manat, 2019-cu il tarixinə 540 manat, 2020-ci il tarixinə 360 manat borc hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli 2(011)-750/2019 saylı qətnaməsi ilə iddiaçının yaşadığı , Abşeron rayonu, Hökməli qəsəbəsi 20 saylı fərdi yaşayış evinə hesalanmış qaz sərfiyyatına görə 642 manat və sayğacdanın dəyərinə görə 212,28 manat borcun silinməsi cavabdehə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan 10/2622 nömrəli 27.08.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq, Abşeron rayonu, Hökməli qəsəbəsində İddiaçı Əliasda oğluna məxsus ünvanda sayğacdan kənar qaz xəttinə qeyri-qanuni olaraq qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 102 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçıya yaşadığı evə baxış keçirilərkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə 17.04.2017ci il, 24.01.2018-ci il, 30.12.2019-cu il, 28.02.2020-ci il tarixlərdə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə borc hesablanmışdır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli 2(011)- 750/2019 saylı qətnaməsi ilə qaz sərfiyyatına görə 642 manat və sayğacdanın dəyərinə görə 212,28 manat borcu silinmişdir, hazırda 1353,60 manat iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 1353,60 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, İddiaçı **********06220 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1363,60 manat silinməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin məhkəməyə verilməsi məqsədilə nəzərdə tutulan 30 manat dövlət rüsumu və işə baxılması ilə əlaqədar məsrəf kimi ekspertiza dəyərini təşkil edən 102 manat müvafiq olaraq dövlət büdcəsinə və məhkəmə ekspertizasının hesabına cavabdehdən alınaraq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********06220 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1353 (min üç yüz əlli üç) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (yüz iki) manat məbləğində pul Cavabdehndən alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar