Məhkəmə qərarları › İş №2(011)-4406/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4406/2023

01.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4406/2023 01.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* nömrəli və xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlara əsasən ona məxsus ünvan 1 ünvanının **********30010 nömrəli abonent hesabına yazılmış 216 və 3110,40 manat məbləğində borcların silinməsi, 11/2020-ci il tarixindən 04/2023-cü il tarixinə kimi ona məxsus ünvanın abonent hesabından ümumilikdə borca görə tutulmuş 177 manat məbləğində pul vəsaitinin onun istifadəsində olan smart qaz sayğacı kartına geri qaytarılılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin abonent hesabına 04/2020 və 03/2023-cü illər tarixində “Azəriqaz’" İB tərəfindən 216 və 3110,40 manat məbləğində borclar yazılmışdır. Borcun yaranma əsası ilə bağlı iddiaçı maraqlandıqda ona bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqli olması əsası ilə abonent hesabına 216 manat məbləğində, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən isə sayğac sərfıyyatının qeyd etməməsi, sərfiyyat zamanı sayğacın elektron göstəricisinin dəyişməməsi və sayğacın işləməməsi əsası ilə abonent hesabına 3110,40 manat məbləğində borclar yazılmışdır. İddiaçı qaz sayğacına, onun üzərinə vurulmuş plomba, sayğacın elektron göstəricisinə müdaxilə etməmişdir. Qaz sayğacı sərfıyyatı qeyd etməmişdirsə, eləcə də qaz sayğacında hər hansı digər texniki qüsurlar və nasazlıqlar aşkar edilmişdirsə bu iddiaçının təqsiri ucbatından baş verməmişdir. Qaz sayğacına, habelə onun üzərinə vurulmuş plomba, elektron göstəricisinə müdaxilə edilmişdirsə və ya qaz sayğacı sərfıyyatı qeyd etməmişdirsə, bu hal küçədən keçən istənilən şəxs, hətta iddiaçı ilə və ya ailəsi ilə qərəzliyi olan şəxslər tərəfindən, o cümlədən qaz sayğaclarına birtərəfli qaydada baxış keçirən zamanı səlahiyyəti təsdiq olunmayan Cavabdeh İB-nın öz işçiləri tərəfindən də qəsidli şəkildə törədilmiş ola bilər. Bu cür hərəkətlərində məqsədləri də, iddiaçıya əsassız borc yazmaq və haqsız qazanc əldə etmək ola bilər. Qaz sayğacına müdaxilə edilməsi və ya qaz sayğacında yaranmış nasazlığa görə istehlakçı qismində iddiaçıya ayrı-ayrılıqda 2160 m3 və 25920 m3 əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyündən, belə olan halda abonent hesabına yazılmış 216 və 3110,40 manat məbləğində borcların hesablanmasının qanuni əsasını göstərmək öhdəliyi də Cavabdeh İB-nın üzərinə düşür. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddianın məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan 30 aprel 2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqlənir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 216 manat borc tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğac qaz sərfiyyatını qeyd etmir, sərfiyyat zamanı sayğacın elektron göstəricisi dəyişmir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 3.110,40 manat borc tələb edilmişdir. İş materiallarından görünür ki, 2020-ci ilin aprel ayına abonentin 216 manat, 2023-cü ilin mart ayına 3.110,40 manat borcu mövcud olmuşdur. İddiaçıya yazılan cərimə məbləğindən sonra onun balansına yüklədiyi məbləğlərin 50 % miqdarı təyin edilmiş borc hesabına balansından silinmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2020-ci ilin noyabr ayından 2023-cü ilin aprel ayınadək abonentin hesabından 177 manat məbləğində tutmalar aparılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 2020-ci ilin aprel ayına 216 manat, 2023-cü ilin mart ayına 3.110,40 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən 50% tutulması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, iddia bu hissədə də təmin edilməli, cavadehin iddiaçının abonent hesabından sildiyi 177 manat məbləğində pul vəsaitini iddiaçının istifadəsində olan smart qaz sayğacı kartına geri qaytarılmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********30010 saylı abunə koduna hesablanmış 2020-ci ilin aprel ayına 216 manat, 2023-cü ilin mart ayına 3.110,40 manat məbləğində borc silinməli, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 177 manat məbləğində pul vəsaitini iddiaçının istifadəsində olan smart qaz sayğacı kartına geri qaytarılmalıdır. Həmçinin məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatdan artıq olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 55.04 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********30010 saylı abunə koduna hesablanmış xx.xx.2020-ci il tarixli akta əsasən 216 (iki yüz on altı) manat və xx.xx.2023-cü il tarixli akta əsasən 3.110,40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 177 (yüz yetmiş yeddi) manat məbləğində pul vəsaiti iddiaçının istifadəsində olan smart qaz sayğacı kartına geri qaytarılsın. Cavabdehndən 55.04 (əlli beş manat dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar