Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-441/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı «Azəriqaz» İB-yə qarşı borcun silinməsi tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-ə (abonent kodu: **********00000) «Azəriqaz» İB tərəfindən cərimə kimi yazılmış olan 2367,6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi G.G.Ağayeva iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı ünvan 1 ünvanında birgə yaşayır, həmin yaşayış evinə yoxlama apararkən bir neçə dəfə akt tərtib edilmişdir, həmin aktlarda onun sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi, sayğacın çıxış plastmas borusunun deşilməsi göstərilmişdir, o həmçinin qeyd edir ki, sayğac həyətdən kənar yerləşir və ona nəzarət edə bilməz. Sonda G.G.Ağayeva iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda “Azəriqaz” İB-in əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş akta əsasən çıxış plastmas borusunda deşik ehtimalı var və sayğacdan kənar qanunsuz istifadə edildiyi aşkarlanmışdır, 2367,6 manat cərimə borcu hesablanmış və həmin məbləğ də iddiaçıdan tələb edilir. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan «Azəriqaz» İB-nin 27.09.2016-cı il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş təbii qazın bərpası üzrə 1728 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.09.2016-cı il tarixli ******* nömrəli aktın surətindən görünür ki, aktda abonent mənzilində təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmış və dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 26.01.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, aktda qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qanunsuz istifadə edildiyi aşkarlanmış və dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan «Azəriqaz» İB-nin 25.01.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş təbii qazın bərpası üzrə 5091 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin 27.02.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş təbii qazın bərpası üzrə 1008 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02.2018-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, aktda qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar xətt aşkarlanmış və dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan «Azəriqaz» İB-nin 24.04.2018-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, itirilmiş təbii qazın bərpası üzrə 1814 metr3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25.04.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar xətt aşkarlanmış və dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 11.06.2018-ci il tarixli gasrep sənədindən görünür ki, onun **********00000 saylı abonent hesabına 2018-ci il oktyabr ayı üçün 2367,6 manat borc hesablanmışdır. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli 30.10.2018-ci il tarixli aktdan görünür ki, sayğac yeni sayğacla əvəzləşdirilmişdir, aktda, sayğacda plastmas boruda deşik olma ehtimalı olması barədə qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə ekspertiza mərkəzinin 09.04.2021-ci il tarixli 10/673 nömrəli məlumatdan görünür ki, 01.03.2021-ci il tarixli vəsatət təmin edilmədiyindən “Məhkəmə Ekspertiza fəaliyyəti haqqında” AR Qanununun 12-ci maddəsinə və “AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”-ın 3.2-ci bəndinə əsasən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmişdir, sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan istifadə etməsi və sayğacdan kənar xətt aşkarlanması barədə akt tərtib edilərək cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2367,6 manat tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi, həmçinin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, «Azəriqaz» İB tərəfindən X3 itirilmiş qazın bərpası üzrə hesablanmış 2367,6 manat məbləğində borc silinməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı **********00000 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 2367 (iki min üç yüz altmış yeddi) manat 60 (altmış) qəpik məbləğində borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-441/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-441/2021
07.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver