Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-441/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa kəndi, Bağlar ******* (abunə kodu: **********00003) ünvanına yazılmış 4640,50 manat cərimənin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi üzrə **********00003 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən 30.03.2019-cu il tarixdə ******* saylı, 31.05.2020-ci il tarixdə ******* saylı və 30.12.2020-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması (sayğacdan kənar xətt vasitəsilə istifadə edilmə) barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin 30.03.2019-cu il tarixli, ******* saylı akt üzrə 14880 m3, 31.05.2020-ci il tarixli ******* saylı akt üzrə 8856 m3 və 30.12.2020-ci il tarixli, ******* saylı akt üzrə 22680 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində 2021-ci ilin oktyabr ayında ümumilikdə 4640,50 manat məbləğində borcunun olması qeyd edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanında bağ evi var. Həmin yaşayış sahəsində quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən çıxarılmış və əvəzinə digər sayğac quraşdırılmışdır. Sayğac dəyişdiriləndən sonra Cavabdeh əməkdaşları tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etdiyinə görə müxtəlif vaxtlarda ona 4,640,50 manat dəyərində cərimələr tərtib ediblər. Sayğaclar quraşdırılan zaman və aktlar yazılan zaman evdə yaşayış olmayıb. İndinin özündə də evdə yaşayış yoxdur. Evdə qaz cihazları da qoşulmayıb. İki dəfə onun olmağı şərti ilə gəlib yoxlamalarına görə şikayət ərizəsi yazmışdır. Cavabdeh nümayəndələri gəlib yoxlamamış cərimələrin ödənilməsini məktubla tələb ediblər. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, yaşadığı evin yanında başqa şəxslərə məxsus istixana var və cavabdehin əməkdaşları istixananın qaz sərfiyyatına görə olan borcunu da onun hesabına yazır. İddiaçının vəkili məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçıya hesablanmış borclar onun təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadəsi nəticəsində yaranıb. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Göstərilən qanunvericilik normasının mənasından da göründüyü kimi, aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəalarının da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsi olaraq cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün mütəmadi yoxlamalar həyata keçirməlidirlər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan həmin halların doğruluğunu təsdiq edən sübutları cavadeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini cavadeh sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı aktlar əsasında hesablanmış borcların iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını bildirsə də, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/825 saylı, 18.03.2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi ünvanda sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı aşkar edilməmiş, lakin daşıyıcı qaz xəttini saxlayan metal borudan olan dayaqla daşıyıcı qaz xəttinin təmas yerində, daşıyıcı qaz xətti üzərində sonluğu tıxacla bağlı vəziyyətə olan borucuq vardır. Borucuğun sonluğunun açıq vəziyyətində həmin borucuq vasitəsilə sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə edilməsi texniki cəhətdən mümkündür. Bununla da, iddiaçının, yaxud digər abonentin həmin borucuq vasitəsi ilə sayğacdan kənar təbi qazdan istifadə edib-etməməsi məhkəmə tərəfindən müəyyən edilə bilər. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspert xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, AR “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində təşkil edir. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 4640,50 manat olduğunu nəzərə alındıqda, iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 66,40 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 102 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 326 C saylı bağ evi fərdi yaşayış evi üzrə (abonent kodu **********00003) İddiaçı hesablanmış 4640,50 manat məbləğində borc silinsin. 66,40 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 102 manat məbləğində xərc Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-441/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-441/2022
31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver