Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-441/2025 11.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Ərizəçinin qızı X3 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin qızı əmək qabiliyyətsiz olmaqla, müddətsiz ikinci dərəcəli əlildir. Ona təyin olunmuş diaqnoz belədir: uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri:
2. Ərizəçi qızı xx.xx.1995-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
3. Ərizəçi ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1995-ci il təvəllüdlü X1 anasıdır. X3 hal-hazırda xəstədir və İİ-ci qrup əlildir. Onun himayəsindədir. Kənar şəxsin daimi ümumi qulluğuna ehtiyacı vardır. Daimi olaraq ona qulluq və nəzarət edilir. Onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, onun adından rəsmi olaraq hər hansı iş görə bilmir. Habelə, qəyyumu kimi onun adından valideynləri çıxış edə bilmir.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
4. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
5. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
6. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
7. Maddə 28.8 Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
9. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
10. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
11. Maddə 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
İşə baxan məhkəmənin mövqeyi:
12. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
13. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş arayışa əsasən X3 ikinci qrup əlildir, əlillik müddətsiz müəyyən edilib.
14. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli, 3676 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü X2 uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik (idiotiya dərəcəsində) davranış pozuntular müəyyən edilir, X3 ağır dərəcəli əqli gerilik ilə əlaqədar öz hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
15. Qeyd edilənlərdən də göründüyü kimi, X3 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X3 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.
16. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.
17. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1995-ci il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı