Məhkəmə qərarları › İş №2(011)-4427/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4427/2023

18.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4427/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona əsassız hesablanmış 2.592 manat cərimə borcunun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh İBin əməkdaşları tərəfindən sayğac çıxarılaraq, yoxlamaya aparılmış və bundan sonra sayğacın hara aparıldığı ilə bağlı ona məlumat verilməmişdir. İddiaçı qeyd edir ki, köhnə sayğac aparıldıqdan sonra Cavabdeh İB-in əməkdaşları sayğaca müdaxilənin aşkar edildiyini bildirmiş və ona 2.592 manat məbləğində zərər hesablamışdır. Daha sonra iddiaçı cavabdehə müraciət etmiş və borcun hansı əsasla hesablandığını soruşmuşdur. Cavabdeh aktı təqdim edərək, kənar təsir nəticəsində smart kart tipli sayğacın xarab olduğunu və bu əsasla borcun hesablandığını bildirmişdir. İddiaçı qeyd edir ki, ona məxsus smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuş və sayğacda olan plomblar da cavabdehin əməkdaşları tərəfindən açılmışdır. O, bildirir ki, sayğacın içində hər hansı bir kənar təsir edilməsi üçün onu açmaq gərəklidir və plombları qırmadan sayğacı açmaq mümkün deyil. Bu əsasla qeyd edir ki, plombların qırılmaması onun tərəfindən sayğaca müdaxilə edilmədiyini göstərir. Cavabdeh İB lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmişdir və İddiaçı tələbinə dair etirazın və digər sübutların olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdeh heç bir etiraz və sübutunun olmasını məhkəməyə bildirməmişdir. İş materiallarına əlavə olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. İş materiallarında olan 30 aprel 2023-cü il tarixli ******* saylı akt əsasında tərtib olunmuş “dəymiş ziyanın bərpasına dair” 30 aprel 2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, 21.600 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. **********50000 saylı kod üzrə İddiaçı məxsus abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin aprel ayı üzrə cədvəlin “qalıq və aktlar” qrafasında 2.592 manat borcu olmuşdur. Məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, sayğacın düzgün işləməməsi səbəbindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2.592 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə qaz sayğacının düzgün işləmədiyi halda iddiaçıdan 2.592 manat məbləğində borcun tələb edilməsini əsassız hesab edir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğaca müdaxilə ilə bağlı iddiaçının məsuliyyət daşıdığı hallarla bağlı cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən və borcun sayğacın düzgün işləmədiyi dövrə görə tələb olunduğuna görə iddia təmin edilərək 2592 manat məbləğində borc silinməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan 45,92 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,92 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə (abonent kodu: **********50000) 2023-cü ilin aprel ayı üçün hesablanmış 2.592 (iki min beş yüz doxsan iki) manat cərimə borcu silinsin. 45,92 (qırx beş manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar