Məhkəmə qərarları › İş №2(011)-443/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-443/2024

02.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-443/2024 02.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı “tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh tərəfindən iddiaçıya məxsus neft məhsulları saxlanılan 5000 tonluq rezervuarın “Mühafizə Zonası”nın 92 metrliyində torpaq zəbt edilməklə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bir hissəsini sökərək özbaşına mişar daşından 6.5 x 3.8 x 15 metr ölçüdə tamamlanmamış qeyri-yaşayış obyekti inşa edilmişdir.

2. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, tikinti işlərinin aparılması ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq edilmiş və bu barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə müvafiq aktlar tərtib edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa olunun 6.5 x 3.8 x 15 metr ölçüdə tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonasrndan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən Heydər Əliyev adına X5 məxsus neft məhsulları saxlanılan 5000 tonluq rezervuarın "Mühafizə Zonası'nın 92 metrliyində torpaq zəbt edilməklə ünvan 2 ünvanında yaşadığı evin bir hissəsini sökərək özbaşına mişar daşından 6.5 x 3 8 x 15 metr ölçüdə tamamlanmamış qeyriyaşayış obyekti inşa edilmişdir. İddiaçıya məxsus rezervuarın "Mühafizə Zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin rezervuara qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə tam razıdır.

7. Cavabdeh məhkəmə baxışı zamanı bildirdi ki, həmin Fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdi, hadisədən sonra bərpa işləri görüb, ancaq əlavə heç bir şey etməyib. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

8. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

9. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

10. Maddə 152. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

11. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

12. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarinı ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.

13. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarına əsasən sökülə bilər.

14. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

20. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

21. Belə ki, iş materiallarında olan iddiaçının X2 Mühafizə İdarəsinin əməkdaşlarının və bir polis əməkdaşnın iştirak ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:35-də ünvan 3 ünvanında yerləşən NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinə və neft məhsulları ilə dolu olan çənin yaxınlığında cavabdehə məxsus 10x8 metr ölçüdə tikilməkdə olan obyektin tikintisi aşkar edilmiş, tikintinin qanunsuz oduğu üçün dayandırılması barədə şifahi xəbərdarlıq edilsə də, cavabdeh mübahisə yaratmış və işləri davam etdirəcəyini bildirmişdir.

22. Həmçinin, işdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçının əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Z.Yusifov küçəsisində cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş, bu zaman Fərdi yaşayış evin bir hissəsini sökərək özbaşına mişar daşından 6.5 x 3.8 x 15 metr ölçüdə tamamlanmamış qeyri-yaşayış obyekti müəyyən olunmuş, tikintinin qeri-qanuni olması barədə cavabdehə xəbərdarlıq edildikdən sonra tikinti işləri dayandırılmşdır.

23. Habelə, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin mühəndistexniki ekspertizasının 3-16-16/2-10/9769 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişir ki, ünvan 4 ünvanında yerləşən, mübahisə predmeti olan qeyri-yaşayış tikilisi ilə Heydər Əliyev adına X5 məxsus 5000 tonluq saxlama çəni arasındakı məsafənin 97-114 metr təşkil etdiyini nəzərə alaraq həmin qeyri yaşayış tikilisinin 17.30 kv.m hissəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalan”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarına əsasən Heydər Əliyev adına X5 məxsus saxlama çəninin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur.

24. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan neft boru kəmərlərinin mühafizə zonasında özbaşına tikili inşa etmişdir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4.1-ci bəndinə görə iracx neft boru kəmərlərinin (İNBK) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

26. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan qadağandır.

27. İşin faktiki hallarına, göstərilən sübutlara və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 1 ünvanında cavabdehin yaşadığı fərdi yaşayış evinin bir hissəsi sökülürək, tamamlanmamış qeyri-yaşayış sahəsi onun tərəfindən hər hansı icazə və qanuni əsas olmadan tikildiyindən həmin tikili özbaşına tikili hesab edilməlidir.

28. Lakin məhkəmə hesab edir ki, həmin tikili tam deyil onun bir hissəsi cavabdehin hesabına sökülməlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə qeyri yaşayış tikilisinin yalnız 17.30 kv.m hissəsinin Heydər Əliyev adına X5 məxsus saxlama çəninin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur.

29. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

30. Məhkəmə hesab edir ki, dövlət rüsmunu və məhkəmə tikinti-texniki ekspertizasının dəyəri cavabdehdən tutulmalıdır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanında inşa olunan qeyri-yaşayış tikilinin 17.30 kv.m hissəsi (Heydər Əliyev adına X5 məxsus 5000 tonluq saxlama çəni ilə 97-114 məsafəd olan hissəsi) özbaşına tikili hesab edilərək, Cavabdeh tərəfindən sökülərək mühafizə zonasından çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar