Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-445/2022 22.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********30000) ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 9268.70 (doqquz min iki yüz altmış səkkiz manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 28 may küçəsində yerləşən 16 saylı fərdi yaşayış evində öz ailə üzvləri ilə birlikdə yaşayır. Onlara aid qaz sayğacından vaxtı-vatında qanunauyğun formada istifadə etmişdir. Evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Cavabdeh əməkdaşları onun məlumatı olmadan sözgüdən ünvana gəlmiş, guya həmin ünvana baxış keçirtmiş və onun təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də müxtəlif vaxtlarda akt tərtib edərək ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə 9268.70 manat məbləğində əsassız borc yazmışdırlar. Qeyd etmişdir ki, ona məxsus qeyd edilən ünvan 1 ünvanında təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan Cavabdeh əməkdaşları onun məlumatı olmadan 2018-ci ilin iyun, avqust və dekabr aylarında, 2019cu ilin fevral ayından dekabr ayına qədər hər ay, 2020-ci ilin fevral ayından dekabr ayına qədər hər ay, 2020-ci ilin yanvar ayından sentyabr ayına qədər hər ay akt tərtib edərək 2018-ci il üçün ona 2800,80 manat, 2019-cu il üçün 1200,60 manat, 2020-ci il üçün 3114,50 manat, 2021-ci il üçün 2152,80 manat olmaqla, ümumilikdə 9268,70 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, həmin aktlara əlavə olunan fotoşəkil ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə, sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Digər tərəfdən birlik tərəfindən tərtib olunmuş aktların əsas hissəsi əsasən ilin isti vaxtlarına təsadüf etdiyindən bu dövrdə qaz sərfiyyatı ən minimum səviyyədə olduğu üçün ilin bu mövsümündə təbii qazdan qeyriqanuni istifadə edilməsinə heç bir zərurət yaranmır. Cavabdeh əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya onun məxsus ünvanda təbii qaz ilə işləyən “QSSQ”-nın və “Radiator” və “dəmir soba” adlı isitmə cihazının mövcud olması qeyd olunmuşdur. Sözügedən ünvanda əsasən bağ mövsümü ərəfəsində yaşadığı üçün həmin cihazların sözügedən ünvanda quraşdırılması üçün zərurət olmamışdır. Əslində həmin Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz (pitminutka) mövcuddur. Lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihaza görə sərfiyyat hesablamış və ona əsassız borc yükləmişdir. Bununla da Birliyin məqsədi işin həqiqi hallarını aşkara çıxartmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Aktda göstərilən istilik sistemləri mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. Komissiya tərəfindən aparılmış hesablama ilə də razı deyildir. Belə ki, komissiya tərəfindən verilmiş 27 iyun 2018-ci il tarixli rəydə “PQ-4” tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatə 1,2 kub metr, orta günlük iş rejimi 6 saat, “QSSQ”-nin saatlıq qaz sərfiyyatı 1,5 kub metr, orta günlük iş rejimi 10 saat olmaqla hesabat müddəti 180 gün götürülmüşdür. Hərbi komissiyanın 30 avqust 2018-ci il tarixli rəyində “PQ-4” tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 6 saat, “QSSQ”-nin saatlıq qaz sərfiyyatı 1,5 kub metr, orta günlük iş rejimi 8 saat, “Dəmir soba”nın saatlıq qaz sərfiyyatı 1,4 kub metr, orta günlük iş rejimi 18 saat olmaqla, hesabat müddəti 180 gün götürülmüşdür. Eyni komissiyanın 28 dekabr 2018-ci il tarixli rəyində “PQ-4” tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, orta günlük iş rejimi 6 saat, “QSSQ”-nin saatlıq qaz sərfiyyatı 1,5 kub metr, orta günlük iş rejimi 8 saat, “Radiator”un saatlıq qaz sərfiyyatı 0,8 kub metr, orta günlük iş rejimi 18 saat olmaqla hesabat müddəti 120 gün götürülmüşdür. Göründüyü kimi komissiyanın rəyində ünvanda eyni olsa da, həmin ünvandakı qaz cihazları fərqli göstərilmişdir. Bu onu deməyə əsas verir ki, birliyin əməkdaşları ona məxsus ünvana baxış keçirtmədən akt tərtib etmiş, akta isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Həmçinin qeyd etmişdir ki, 2018-ci ildə tərtib olunan rəylərdə hesabat müddəti 180, 180,120 gün kimi qeyd olunmuşdur. Belə oluğu halda, iyun ayında tərtib olunan rəyə əsasən hesabat müddəti akt tərtib olunan tarixdən əvvəlki 180 günü, yəni yanvar, fevral, mart, aprel, may və iyun aylarını əhatə etməlidir. Avqust ayında tərtib olunan aktlarda göstərilən müddət isə avqust ayında əvvəlki altı ayı, yəni mart-avqust aylarını əhatə etmiş olur. Belə olduğu halda mart-iyun ayları, yəni 120 gün üçün ona iki dəfə əsassız borc hesablanmışdır. Bundan başqa Birlik 2019, 2020 və 2021-ci illərdə ona hər ay üçün borc hesablamışdır. Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş və 2019-2021-ci illəri əhatə edən hesabatda ona məxsus ünvanda mövcud olan (PQ-4 tipli qaz plitəsi) və mövcud olmayan (QSSQ, Dəmir soba və radiator) məişət qaz cihazlarının orta günlük iş rejimi 24 saat götürülmüşdür. Birlik yalnız PQ-4 tipli qaz plitəsinə görə ona hər ay 86,40 manat məbləğində borc hesablamışdır. Məişət qaz cihazlarının 24 saat fasiləsiz işləməsi və PQ-4 tipli qaz plitəsinin bir ay ərzində 86,40 manat ekvivalentində təbii qaz sərfiyyatı heç bir halda ağlabatan ola bilməz. Aktların müəyyən hissəsinin ilin isti mövsümündə tərtib olunması da nəzərə alınsa komissiyanın rəyində göstərilən məbləğlərin heç bir hüquqi əsasının olmadığı tam sübut olunur. Buna görə də Cavabdeh əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə göstərilən qaz sərfiyyatı və bu sərfiyyat əsasında hesablanmış borc məbləği ilə razı deyildir. Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində ona məxsus ünvanda istifadə olunan qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd edilmişdir. Lakin, həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Digər tərəfdən Cavabdeh tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssisekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Qeyd olunanlardan və mülki qanunvericiliyin normalarından tam aydın olur ki, Cavabdeh tərəfindən ondan tələb olunan 9268,70 manat məbləğində vəsaitin heç bir hüquqi əsası yoxdur, ona görə də bu borc silinməlidir. Bunları nəzərə alaraq, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********30000) ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 9268.70 (doqquz min iki yüz altmış səkkiz manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” sisteminə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair təyin olunmuş məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********30000) yoxlanılmış və abonent barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27.06.2018-ci il tarixli ******* saylı, 30.08.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 30.04.2020-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı, 30.07.2020-ci il tarixli ******* saylı, 31.08.2020-ci il tarixli ******* saylı, 30.09.2020-ci il tarixli ******* saylı, 30.10.2020-ci il tarixli ******* saylı, 30.11.2020-ci il tarixli ******* saylı, 30.12.2020-ci il tarixli ******* saylı, 29.01.2021-ci il tarixli ******* saylı, 26.02.2021-ci il tarixli ******* saylı, 31.03.2021-ci il tarixli ******* saylı, 30.04.2021-ci il tarixli ******* saylı, 31.05.2021-ci il tarixli ******* saylı, 30.06.2021-ci il tarixli ******* saylı, 30.07.2021-ci il tarixli ******* saylı və 31.08.2021-ci il tarixli ******* saylı aktlarda “abonent qaz sayğacından kənar təbii qazdan istifadə edir” qeyd edilmişdir. Həmin aktlar əsasında tərtib edilmiş “Dəymiş ziyanın ödənilməsinə dair Tələbnamə”lərin və abonent saldosunun surətindən görünür ki, aktlar əsasında qazın dəyərinə görə 9268.70 manat məbləğində borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/20 saylı, 23.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilmişdir. Yaşayış evinə təbii qazın ötürülməsi paylayıcı qaz xəttinə birləşdirilmiş rezin materialdan olan boru vasitəsilə həyata keçirilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmə araşdrıması zamanı müəyyən edilmişdir. Belə olan halda, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlıdır. Odur ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçının qaz sayğacından qeyri-qanuni istifadə etməsi halı həm Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə sübuta yetirildiyindən iddiaçının Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 9268.70 (doqquz min iki yüz altmış səkkiz manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi əsassızdır və rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********30000) ilə bağlı Cavabdeh tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 9268.70 (doqquz min iki yüz altmış səkkiz manat yetmiş qəpik) manat məbləğində borcun silinməsi barədə iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-445/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-445/2022
22.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver