Məhkəmə qərarları › İş №2(011)-445/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-445/2024

11.09.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-445/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı “tikilinin sökülərək mühafizə zonasından çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində özbaşına inşa edilmiş fərdi yaşayış evində ailəsi ilə birikdə yaşayır. Fərdi yaşayış evinin qarşı tərəfi evdən bir neçə metr aralı olmaqla, dəmir lövhələrdən ibarət hasarla bağlanmışdır. Fərdi yaşayış evinin yaxınlığından iddiaçıya məxsus bir neçə neft boru kəmərləri keçir və həmin neft boru kəmərlərdən Dş-400 ölçüdə olan neft boru kəməri ilə fərdi yaşayış evinin arasındakı məsafə 0,96 metrdir.

2. Fərdi yaşayış evinə 0,96 metr məsafədən keçən neft boru kəməri evin qarşısına çəkilmiş dəmir lövhələrdən ibarət hasarın 1,30 metr enini əhatə edən hissəsinə bitişik, evin yan tərəfdən uzunluğu boyu cavabdeh tərəfindən əkilmiş üzüm ağacının budaqlarının isə arasından keçir.

3. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, fərdi yaşayış evinin qarşısına dəmir lövhələrdən ibarət hasarın çəkilməsinin dayandırılması ilə bağlı iddiaçıya xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə şifahi xəbərdarlıq edilmiş və bu barədə eyni tarixlərdə müvafiq aktlar tərtib edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

1. İddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində, 6 x 11 metr ölçüdə hasarın özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonasından çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən onlara məxsus neft məhsulu nəql olunan Dş-400 mm neft boru kəmərinin mühafizə zonasının 1 metrlik məsafəsində torpaq zəbt etməklə Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində 6 x 11 metr ölçüdə özbaşına metal lövhələrdən ibarət hasar çəkilmişdir. Həmin ərazidən Dş-400 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-500 mm, Dş-300 mm və Dş- 250 mm (2 ədəd) neft boru kəmərlən keçir. “Mühafizə zonasının müəyyənləşdirilməsi” Qaydalarının təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli, 167 nömrəli Qərara əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə mühafizə zonasına aid edilir. Mühafizə zonası ixrac boru kəmərinin təhlükəsiz istismarına və xidmətinə şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyən edirilmişdir. Mühafizə zonasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyi nəzərə alınaraq, həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən magistral boru kəmərlən hesab olunur. Normativ sənədlərə əsasən neft boru kəmərinin təyinatı diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

3. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

4. İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, zəbt olunmuş ərazidə hər hansı bir qəza olarsa, oraya texnika yaxud insanların girməyi çətin olacaq. Cavabdehin yaşadığı ev də kəmərə texniki qulluq göstərməyə maneə yaradır. Lakin həmin ev köhnə tikili olduğundan, insani nöqteyi nəzərindən onun sökülməsini tələb etmirlər.

5. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməsə də, əvvəlki məhkəmə iclaslarında iddiaya etiraz edərək bildirmişdir ki, yaşadığı fərdi yaşayış evi 60-70 il bundan əvvəl tikilib. Onlar evi hazır vəziyyətdə 19 il əvvəl alıblar. Evi alanda orada neft kəməri var idi. Cavabdehin sökülməsini tələb etdiyi dəmir lövhələrin yerində əvvəl taxta hasar olmuş, çürüdüyündən onlar təxminən 10 il əvvəl onu indiki dəmir lövhələrlə əvəz etmişlər. Amma dəyişərkən iddiaçı tərəfindən heç kəs buna görə irad bildirməmişdir.

Mülki işə tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

6. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

7. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

8. Maddə 152. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

9. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

10. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarinı ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.

11. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarına əsasən sökülə bilər.

12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

14. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

19. Belə ki, iş materiallarında olan iddiaçının X2 Mühafizə İdarəsinin əməkdaşlarının və bir polis əməkdaşnın iştirak ilə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:50-də Bakı şəhəri, Xətai rayonu Mingəçevir küçəsisində iddiaçıya məxsus neft nəql olunan boru xəttinə paralel, 1-cı sırada cavabdeh tərəfindən köhnədən olan yaşayış evinin köhnədən olan dəmir lövhələrindən ibarət hasarına bitişik yeni dəmir lövhədən hasar çəkilməsi aşkar edilmiş, tikintinin qanunsuz oduğu üçün dayandırılması barədə şifahi xəbərdarlıq edilsə də, cavabdeh mübahisə yaratmış və işləri davam etdirəcəyini bildirmişdir.

20. Həmçinin, işdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçının əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mİngəçevir küçəsisində cavabdehin yaşadığı fərdi yaşayış evinin yerləşdiyi əraziyə baxış keçirilmiş, bu zaman ərazidən keçən Dş-400 mm-lik neft boru kəmərinin mühafizə zonasının 1 m-lik hissəsində cavabdeh tərəfindən 6 x 11 metr ölçüdə dəmir lövhələrdən ibarət hasarın çəkilməsi müəyyən olunmuş, tikintinin qeri-qanuni olması barədə cavabdehə xəbərdarlıq edildikdən sonra tikinti işləri dayandırılmşdır.

21. Habelə, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin mühəndistexniki ekspertizasının 3-16-16/2-10/9768 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsisində yerləşən mübahisə premeti olan metal lövhələrdən ibarət olan hasar tikilisi və neft borusu arasındakı məsafənin 0,96 metr təşkil etdiyini nəzərə alaraq həmin hasar tikilisinin AR Yanacaq və Energetika Nazirlyinin xx.xx.2002-ci il tarixli, 45 nömrəli əmri ilə təsdiq edilmiş, AR Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.2, 6.3, 6.4 və 6.7-ci bəndlərinə göstərilən müvafiq olaraq Hüydər Əliyev adına X5 məxsus neft borusunun 50 metrlik mühafizə zonasının hüdudları daxilində yerləşir.

22. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus olan neft boru kəmərlərinin mühafizə zonasında özbaşına dəmir lövhələrdən ibaət hadar inşa etmişdir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4.1-ci bəndinə görə iracx neft boru kəmərlərinin (İNBK) istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır;

24. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən bina və qurğuların tikintisi, ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi, boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi, meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi, hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan qadağandır.

25. İşin faktiki hallarına, göstərilən sübutlara və sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində cavabdehin yaşadığı fərdi yaşayış evinin qarşısına çəkdiyi dəmir lövhələrdən ibarət hasar onun tərəfindən hər hansı icazə və qanuni əsas olmadan çəkildiyindən həmin hasar özbaşına tikili hesab edilməlidir.

26. Lakin məhkəmə hesab edir ki, həmin hasar tam deyil onun bir hissəsi cavabdehin hesabına sökülməlidir. Belə ki, mübahisəli yer məhkəmə tərəfindən yerində müayinə edilərkən müəyyən edilmişdir ki, həqiqətən də cavabdehin yaşadığı fərdi yaşayış evinin qarşısına çəkilmiş dəmir lövhələrdən ibarət hasar iddiaçıya məxsus neft boru kəmərlərinin mühafizə zonasında yerləşir, hətta həmin neft kəmərlərindən biri ilə fərdi yaşayış evinin arasındakı məsafə 0,96 metrdir, habelə dəmir hasarın 1,30 metr hissəsi neft boru kəmərinə bitişik (neft boru kəməri hasarın çöl hissəsində qalmaqla) vəziyyətdədir.

27. Lakin iddia tələbindən də görünür ki, iddiaçı mühafizə zonasında yerləşməsinə baxmayaraq fərdi yaşayış evini deyil, onun qarşısına çəkilmiş dəmir lövhədən ibarət hasarı mübahiləndirir və iddiasını onunla əsaslandırır ki, həmin hasarın mövcudluğu neft boru kəmərinə texniki xidməti, eləcə də mühafizə olunması üçün görüntünü məhdudlaşdırır. İddiaçının bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mühafizə zonasında olan neft boru kəmərinin cavabdehin yaşadığı fərdi yaşaış evinin və mübahisələndirilən hasarın ətrafına düşən hissəsinin maneəsiz mühafizə edilməsi təkcə hasarla deyil, həmçinin də fərdi yaşayış evinin mövcudluğu ilə də çətinləşir. Məhkəmə qeyd edir ki, hər bir evin ətrafına çəkilmiş hasar onun istifadəsində yardımçı funksiya daşıyır və müəyyən qədər evin mühafizəsini təmin etmiş olur. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan hasarın tamamilə sökülməsi, nə qədər ki, iddiaçı tərəfindən evin istifadəsi qəbul edilir, fərdi yaşayış evindən cavabdehin maneəsiz istifadəsində çətinliklər yarada bilər.

28. Bununla belə, məhkəmə hesab edir ki, tikilmiş dəmir lövhədən ibarət hasarın neft kəmərinə bitişik 1,30 metrdən ibarət hissəsinin sökülməsi vacibdir. Belə ki, mübahisəli yerə məhəkəmə tərəfindən baxış keçiriləkən müəyyən edilmişdir ki, hasarın həmin hissəsinin sökülməsi iddiaçının idda ərizəsində göstərdiyi məqsədə çatmağını (neft boru kəmərinə texniki xidmət və mühafizəsi üçün görünütünün təmin edilməsi) təmin edəcəkdir.

29. Məhkəmə hesab edir ki, dövlət rüsmunu və məhkəmə tikinti-texniki ekspertizasının dəyəri cavabdehdən tutulmalıdır.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Heydər Əliyev adına X4 neft boru kəmərlərinin mühafizə zonasında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində dəmir lövhədən ibarət hasarın 1,30 metr hissəsi (neft boru kəmərinə bitişik olan hissə) Cavabdeh tərəfindən sökülərək mühafizə zonasından çıxarılsın. Cavabdeh 100 manat dövlət rüsumu tutularaq Heydər Əliyev adına X5, 50 manat ekspertiza xərci tutulraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elekton məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar