Məhkəmə qərarları › İş №2(011)-4465/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-4465/2021

24.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4465/2021 24.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə müraciət edərək məhkəmə prosesini iştirakı olmadan keçirərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi, iddiaçı ********** saylı VÖEN üzrə Vergi Uçotunda vergiödəyicisi olduğundan AGİS və Gasper proqramlarında qeyri-əhali (kommersiya) tipli istehlakçılar arasında qeydiyyata alındığından mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə ərizənin dəlillərini araşdıraraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki mülki iş baxılmağa ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 nömrəli 18 sentyabr 2020-ci il tarixli Qərarına istinadən məhkəmə qeyd edir ki, fiziki şəxslərdən fərqli olaraq sahibkarlıq subyektlərinin, qeyri-hökumət təşkilatlarının, publik hüquqi şəxslərin, bələdiyyələrin və dövlət orqanlarının su, qaz və elektrik enerjisindən istifadə etmələri (fərdi sahibkar statusuna malik olan fiziki şəxsin şəxsi istehlakı istisna olmaqla) onların şəxsi tələbatını ödəmək məqsədi daşımadığından “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən bu münasibətlər istehlak münasibətləri hesab edilmir. İstinad edilənlər, habelə hüquq münasibətlərinin xarakteri ilə bağlı bu Qərarın 13-cü bəndində qeyd edilənlər baxımından təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən Cavabdeh İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu mübahisələrin bir tərəfi qismində qeyri-hökumət təşkilatları və publik hüquqi şəxslər çıxış etdikdə isə, həmin işin kommersiya məhkəməsində baxılması imkanı sərfiyyatın onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətindən irəli gəldiyi halla məhdudlaşmış olacaqdır. Dövlət orqanları və bələdiyyələrlə adıçəkilən enerji və su təchizatı qurumları arasında olan mübahisələrə isə bu Qərarın 23-cü bəndinə əsasən kommersiya məhkəmələrində baxılacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında mübahisə İddiaçı mənfəət əldə etmək məqsədilə nəticə etibarı ilə əmlakın istifadəsi, əmtəə satışı, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətin, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Odur ki, hazırki iddia ərizəsi üzrə mülki işə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda göstərilən normativ hüquqi aktın müddəalarına əsasən məhkəmə hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar