Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4468/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azəriqaz İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ş.M.Mirəliyev küçəsi (C.Cabbarlı) küçəsi ev 106 (abonent kodu: **********00000) ünvanına hesablanmış 1633,98 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;
3. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il Qərarı: 1.3. Ərizənin baxılmamış saxlanılması bütün məhkəmə instansiyalarında iddia icraatı və xüsusi icraat işlərinə baxıldıqda qanunvericilikdə müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla tətbiq edilir.
2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.
14. Ərizə baxılmamış saxlanıldıqda məhkəmə baxışı qərardad qəbul edilməklə başa çatdırılır. Ərizənin qətnamə ilə baxılmamış saxlanılması yol verilməzdir. Qərardadda yalnız mövcud vəziyyətdə işə mahiyyəti üzrə baxmağın mümkün olmaması qanunun konkret normalarına istinad edilməklə əsaslandırılmalıdır. 9.1 Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
5. Mülki iş üzrə ilk hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və iddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilmişdir. Lakin iddiaçı məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Növbəti məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilsə də İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Azəriqaz İB-yə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
6. Məhkəmə MPM-nin 259-cu maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Belə ki, məhkəmə iki hazırlıq iclası keçirmiş, mülki iş üzrə tərəflər lazımi qaydada məlumatlandırılmış, lakin iddiaçı və cavabdeh məhkəmə iclaslarında iştirak etməmişlər. Bununla yanaşı, iddiaçının təqdim etdiyi sənədlər sırasında sübutların kifayət qədər olmaması, prosessual müddətlə bağlı müəyyən vaxt məhdudiyyətinin olması səbəbindən məhkəmə prosesinin davam etdirilməsi mümkün olmamışdır.
7. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi üzrə silinməsi xahiş edilən borc məbləği yüksək olduğundan, iddia ərizsəsi ilə silinməsi xahiş edilən borcla mülki iş materiallarına əlavə edilmiş akt arasında aşkar uyğunsuzluq olduğundan, yəni, iddiaçının iddia tələbinin əsası kimi irəli sürdüyü sübutlar kifayət etmədiyindən iddiaçının məhkəmə iclaslarında iştirakı zəruri olmuşdur. Məhkəmə mülki iş üzrə tərəfin iştirakı olmadan məhkəmə araşdırmasının davam etdirilməsini qeyri-mümkün hesab edir.
8. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır.
9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.
2. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən Samirə Eyvazova