Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4468/2024 11.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, 2-ci Ramana sahəsi, 12 saylı binanın 5 saylı mənzili (bundan sonra – Mənzil) üzrə **********01979 saylı abonent kodu ilə qeydiyyata alınmış və onunla xx.xx.2023-cü il tarixdə qazdan istifadə ilə bağlı müqavilə bağlanmış, həmçinin, eyni tarixdə tərəflər arasında “qaz paylayıcı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” Akt tərtib edilmişdir.
2. Mənzilə quraşdırılmış qaz sayğacı sonuncu dəfə xx.xx.2023-cü il tarixdə dəyişdirilmiş və bu barədə ******* aylı akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə isə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda təbii qazdan qeydiyyatsız istifadə edilməsi barədə pozuntu qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 15120 m3 olması müəyyən edilmişdir. Həm sayğacın dəyişdirilməsi, həm təbii qadan istifadə qaydalarının pozulması barədə aktda istehlakçı kimi əvvəlki abonent Zülfüqar Əsgərovun adı qeyd edilmişdir. Həmçinin, abonent saldosunun “qalıq və aktlar” bölməsində 2022-cü ilin fevral ayı üzrə 1814,4 manat məbləğində borcun olması əks olunmuşdur.
3. İddiaçı Mənzili notarial qaydada müqavilə bağlamadan 2023-cü ilin oktyabr ayında almış və həmin vaxtdan sonra orada yaşamağa başlamışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı istifiadəsində olan fədi yaşayış evinə cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 1814,4 manat debitor borcun onun abonent hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən yaşayış evinə abonent kodu **********01979 olan qaz sayğacı quraşdırılmışdır. Ev satışda olmuşdur, həmin evə baxmış, bəyənmiş və almaq qərarına gəlmişdir. O, evə baxan zaman həmin evdə kommunal sayğaclardan işıq sayğacı və su sayğacı yeni quraşdırılsa da, qaz sayğacı quraşdırılmamışdır. O, satıcıya evin pulundan bir hissəsini verərək həmin ünvanda yerləşən evə qaz sayğacının çəkilməsini istəmişdir. X1 qoyulması üçün cavabdehı müraciət etmişdir. Bir neçə gün sonra cavabdehin əməkdaşları evə yaxın yerdən ana xəttə yeni xətt quraşdırdılar və həmin xəttin üstünə vintil bağladılar. Səhəri gün cavabdehin əməkdaşları həmin yerə gələrək evə gedən xətti çəkdilər və kənar şəxslər qazı açıb havaya buraxmasın deyə ana xətdən çıxan borunu evə gedən boruya müvəqqəti olaraq birləşdirdilər. Bir gün sonra cavabdehin əməkdaşları gələrək həmin xəttin üstünə qaz sayğacı quraşdırdılar. Sayğac quraşdırılan günə kimi evdə qazdan istifadə olunmayıb. Evdə bugünə kimi təmir işləri getdiyi üçün evdə qaz avadanlıqları da quraşdırılmamışdır. Əvvəl sayğac evin satıcısı Əsgərov Zülfıqarın adına qoyulmuşdur. Daha sonra ərizə yazaraq sayğacın adına keçirilməsini xahiş etmişdir. Lakin savadı olmadığı üçün və gözü zəif gördüyü üçün həmin ərizənin şablon formasına ona imza atdıraraq, guya ki, yazılmış borcun ödənilməsinə razılıq verdiyi göstərilmişdir. Bu yaxınlarda təzəlikcə smart karta ödəniş edərək, evdə müvəqqəti quraşdırdığı 2 gözlü qaz plitəsindən istifadə etmək istəmişdir. Lakin ödəniş edən zaman etdiyi ödənişin yarısının borca çıxıldığını görmüşdür. Bu səbəbdən də borcun haradan yazıldığını öyrənmək üçün cavabdehə müraciət etmişdir. Cavabdehin əməkdaşı ona bildirmişdir ki, guya ki, sayğac qoyulana kimi, sayğacdan kənar qazdan istifadə olunub. Bu səbəbdən də xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib olunub. O, buna etirazını bildirmişdir. Çünki həmin xətti cavabdehin əməkdaşları evə gedən boruya birləşdirmişdi. Evə gedən boru isə qaz avadanlıqlarına qoşulu deyildi. Bu səbəbdən də o, qazdan istifadə etmədiyini və ona yazılan borcun silinməsini tələb etmişdir. Lakin bundan sonra ona yazılmış dəymiş ziyan borc silinməmişdir. Ona borcun silinməsi üçün məhkəməyə müraciət etməli olduğumu bildirmişlər.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, fərdi yaşayış evini 2023-cü ilin oktyabr ayında almışdır, evi alan zaman evdə qaz sayğacı mövcud idi, ancaq qaz xəttinə qoşulmamışdı. Sonradan sayğac qaz xəttinə qoşulmuş, kart vasitəsilə ödənişlər edilən zaman ödənişlərdən tutulmaların olduğunu görmüşdür.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası:
9. Maddə 26.İİ Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.
10. Maddə 60 İ Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
11. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
15. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
16. Mənzildə əvvəllər Zülfüqar Əsgərovun yaşaması, 2023-cü ilin oktyabr ayından başlayaraq iddiaçının orada işin mübahisəsiz hallarıdır. Fərdi yaşayış evinə dair cərimənin hesablanmasına əsas olmuş təbii qazdan istifadə qaydalarının pozulması barədə akt isə xx.xx.2022-ci il tarixdə, yəni ev hələ Zülfüqar Əsgərovun mülkiyyətində olan zaman tərtib edilmişdir. Belə olan halda iddiaçının hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi iş üçün əhəmiyyətlidir.
17. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin də, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
18. Qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
19. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.
20. İşin əvvəldə göstərilən mübahisəsiz hallarından da, müəyyən edilir ki, halhazırda iddiaçının silinməsini tələb etdiyi borc Fərdi yaşayış evinin əvvəlki sahibi Zülfüqar Əsgərovun təbii qazdan istifadə qaydalarını pozması ilə bağlı tərtib edilmiş akt əsasında hesablanmışdır. Buna görə də, iddiaçı Zülfüqar Əsgərovun təbii qazdan isifadəyə yaranmış borcun silinməsini tələb etmək hüquqna, yəni bu mübahisəni irəli ürmək üçün subyektiv hüquqa malik deyil.
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı