Məhkəmə qərarları › İş №2(011)-4469/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4469/2023

09.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4469/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Ağcabədi rayon Taxta körpü 144 saylı qəsəbəsində 2022-ci il tarixdən ailəsi ilə birlikdə yaşayır. Həmin ünvanda quraşdırılmış əvvəlki və hazırkı qaz sayğacları onun adına qeydə alınmışdır. Cavabdeh Tərtər X2 İdarəsi xx.xx.2023-cü il tarixdə qaz sayğacı dəyişdirərək akt tərtib edilmiş, həmin akta o, imza etməmişdir. Sonra guya qaz sayğacının yoxlanılması barədə Cavabdeh Tərtər X2 idarəsinin xx.xx.2023-cü tarixli ******* saylı aktına əsasən G-4 markalı **********2 nömrəli sayğacının müayinəsi zamanı guya hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilmə aşkar edilməsi ilə bağlı 1555.20 manat məbləğində heç bir günahı olmadan cərimə edilmişdir. Həmçinin sərfiyyata görə abonent saldosuna 1555.20 manat daxil edilmişdir. Qeyd edilən qaz sayğacı darvazadan çöldə yol qırağında olduğu üçün o, hər dəqiqə ona nəzarət edə bilmir. Sayğacın mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilməmişdir. Barəsində cərimə tətbiq edilməsi barədə akt tərtib edilərkən ona məlumat verilməmişdir. Daha sonradan X3 Sahəsinin əməkdaşları iddiaçı barəsində cərimə aktı olması ilə bağlı onu məlumatlandırmışlar. Bundan sonra o, X3 Sahəsinə gedərək aktı oradan əldə etmiş və onun barəsində haqsız yerə cərimə aktı tərtib edildiyi üçün X3 Sahəsinin əməkdaşlarından həmin cərimənin silinməsi və aktın ləvğ edilməsini tələb etsə də, onlar aktın mərkəzdən tərtib edildiyi üçün ləvğ edə bilmədiklərini, yalnız məhkəmə yolu ilə ləvğ ediləcəyini bildirmişlər. Bundan başqa onlar heç bir borcu olmasa da hansı səbəbdən sərfiyyata görə 1555.20 manat qeyd edilməsinə də aydınlıq gətirməmişlər. Bununla əlaqədar olaraq 2023-cü ilin fevral ayında Ağcabədi rayon Taxta körpü 144 saylı qəsəbəsində istismar müddəti başa çatmış qaz sayğacları dəyişdirilən zaman onların da qaz sayğacı dəyişdirilmişdir. Qaz sayğacları dəyişənədək olan dövr ərzində işlək vəziyyətdə olmuşdur. Sayğac keçən yükü qəbul etmiş və sərfiyyatı da qeyd etmişdir. O, da hər ay vaxtı-vaxtında sərfiyyata görə pul ödəmişdir. Sərfiyyata görə də onun heç bir borcu qalmamışdır. Yəni göründüyü kimi həmin cərimə və sərfiyyata görə məbləğ əsassız olaraq onun üzərinə qoyulmuşdur. İddiaçı hesab edir ki, cərimə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini pozmaqla qanunsuz olaraq onun üzərinə qoyulduğu üçün və qanunsuz sərf məbləği üzərindən silinməlidir. Ona görə də qeyd edilən aktın ləvğ edilməsi və cərimənin silinməsini istəyir. Onun aylıq qaza olan ehtiyacı ən çoxu 20 manat ola bilər ki, həmin pulu da hər ay ödəmişdir. Həmin borcun necə və hansı şəkildə yaranması ona məlum deyildir. Onun maddi imkanı da yoxdur ki, həmin qanunsuz pulları ödəsin. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB-nin Tərtər X2 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın ləğv edilməsi və xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən onun **********01390 saylı abonent koduna hesablanmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üçün borcu 1555.20 manat təşkil edir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 28 fevral 2023-cü il tarixli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sayğac laboratoriyaya göndərilmiş, MSK 14-2-2/3-5-2116-1 saylı qaz sayğacının dövlət yoxlanılmasına əsasən “Sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir” kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırkı mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 28 fevral 2023cü il tarixli aktın surətində “Sayğacın hesablama mexanizminin plasmas qapağının alt hissəsi deşici alətlə deşilmişdir” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 1555.20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus evə hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Ağcabədi rayon Taxta körpü 144 saylı qəsəbəsi (Abonent kodu: **********01390) ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 1555.20 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar