Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-447/2023 31.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, hazırda o, Xəzər rayonu, Binə qəsəbəsi ünvanda yerləşən evində ailəsi ilə birlikdə yaşayır. Sözügedən evə xx.xx.2019-cu il tarixdə qaz sayğacı quraşdırılaraq qaz xətti çəkilmişdir. Sözügedən evdə daimi yaşayış olmamış, yalnız 2022-ci ilin mart ayından həmin evdə daimi yaşamağa başlamış və istifadə etdiyi qazın dəyərini əvvəlcədən ödəmişdir. Qısa müddət bundan öncə smart karta ödəniş etdikdə smart kartından pul tutulmalarının aparıldığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə getdikdə ona bildirmişlər ki, hesabına cərimə hesablanmışdır. Cərimə ilə bağlı maraqlandıqda ona bildirilmişdir ki, guya yaşadığı evdə 2022-ci ilin mart ayında təbii qazdan qanunsuz sayğacdan kənar istifadə edilmiş və buna görə də barəsində xx.xx.2022-ci il tarixli, ******* saylı cərimə aktı tərtib edilərək 2008.80 manat məbləğində cərimə hesablanmışdır. Bütün bunların absurd olduğunu, onların heç bir zaman təbii qazdan qanunsuz istifadə etmədiklərini vurğulasa da, dediklərinə məhəl qoyan olmamışdır. O, heç bir zaman təbii qazdan qanunsuz istifadə etməmiş, istifadə etdiyi qazın dəyərini daim vaxtında ödəmişdir. Cərimənin hesablanmasına əsas olmuş sənədlərə baxdıqda o, bir daha cavabdeh təşkilatın nə dərəcədə saxtakar olduğunu müəyyən etmişdir. Cavabdeh təşkilat tərəfindən tərtib edilmiş saxta aktlar kim tərəfindən və nə zaman tərtib edildiyindən məlumatları olmamışdır. Digər tərəfdən aktın özünə baxdıqda belə məlum olur ki, cavabdeh onun istifadəsində mövcud olmayan cihazları qeyd etmiş və həqiqətə uyğun olmayan halı əsas gətirərək ona cərimə hesablanmışdır. Aktlarda qeyd edilən hesablama qaydası hansı qanuna və ya hüquqi akta əsaslanaraq aparıldığı məlum deyil. Cavabdeh təşkilat öz mülahizəsinə uyğun heç bir qanuna əsaslanmadan əsassız borc hesablanmışdır . Bu cür aktlar tərtib edilərkən onun və ya hər hansı hal şahidinin iştirakı təmin edilməli idi. Göründüyü kimi cavabdeh təşkilat öz qanunsuz hərəkətlərini gizlətmək üçün ona və ya digər ailə üzvlərinə məlumat vermədən saxta akt tərtib etmişlər. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanda yerləşən evə (kod:**********064447) hesablanmış 2008.80 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, həmçinin cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci il üçün 2008.80 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/293 saylı, 5 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edildi. Təqdim edilən sayğacın üzərində hər hansı müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli, ******* nömrəli aktın surətində “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 2008.80 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/293 saylı, 5 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı evə dair hesablanmış 2008.80 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********06447) dair əsassız hesablanmış 2008.80 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-447/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-447/2023
31.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver