Məhkəmə qərarları › İş №2(011)-448/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-448/2023

23.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-448/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı ASC Cavabdeh qarşı cavabdeh tərəfindən Xətai rayonu, Sadıqcan küçəsində keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi, kollektorun mühafizə zonalarının boşaldıması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri üzrə formalaşan yağıntı suların kollektorlar vasitəsi ilə qəbul edilib müvafiq məntəqələrə ötürülməsi gündəlik həyat üçün çox vacib vəzifələrdəndir. Yağış sularının düzgün və fasiləsiz idarə edilməsi üçün şəhərə xidmət göstərən kollektorların mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara mütəmadi texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Belə ki, iddiaçı tərəfindən Yağış kollektoruna texniki baxış keçirilən zaman Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında”, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunları və digər normativ-hüquqi aktların tələbləri kobud qaydada pozulmaqla diametri 800 mm olan dəmir beton konstruksiyadan ibarət, Xətai rayonunun bir hissəsində formalaşan yağıntı sularının ərazilərdən kənarlaşdırılması üçün istifadə edilən “Sadıqcan” yağış kollektorunun ünvan 1 ünvanının yaxınlığından keçən hissəsinin üzərində və mühafizə zonasında özbaşına tikilinin inşa edildiyi məlum olmuşdur. Halbuki, mövcud qanunvericilik normalarına görə Yağış kollektorunun üzərində və ya onların mühafizə zonalarında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. Bu səbəblə də, İddiaçı ASC-yə məxsus diametri 800 mm olan yağış kollektorunun mühafizə zonalarında inşa edilmiş tikili statusuna görə Mülki Məcəllənin 180-ci maddəsi ilə müəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli Magistral su xətlərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi təmin edilməlidir. Cavabdeh iddiaya dair münasibəti: Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmədən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürdüyünə görə iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları: Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 91/113 ünvanında istifadədə olan 0,09927 ha torpaq sahəsində yerləşən 921,1 kv.m. ümumi, 822,5 kv.m. əsas, 98,6 kv.m. köməkçi sahədən ibarət əmlak kompleksini tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 432 nömrəli vərəqində qeydiyyata alınmışdır. KİS-nin rəisi Sadiq Mollayev, mühəndislər Eynulla Hacıyev, Murad Əlieyev tərəfindən xx.xx.2022-ci il tarixində, ünvan 2 ünvanında İddiaçı ASC-yə məxus diametri 800 mm olan Sadıqcan yağış kollektorunun üzərində tikilinin inşa edildiyinə dair akt tərtib edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində məhkəməyə təqdim edilmiş 10/2100 xx.xx.2023-cü il tarixli rəydən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 91/113 ünvanında yerləşən Cavabdeh məxsus tikiliyə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarış olduğu, eyni zamanda, həmin Əmlak Kompleksinə dair həmin idarə tərəfindən verilmiş Texniki Pasport sənədinin verildiyini nəzərə alaraq, inşa edilmiş tikilinin tikinti norma və qaydalarının tələblərinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. İddiaçı ASC-nin balansında olan diametri 800 mm olan “Sadıqcan” yağı kollektorunun Xətai rayonu, Sadıqcan küçəsindən keçən hissəsinin üzrə bağlı olduğundan kanalizasiya xətlərin istiqamətini müəyyən edilməsinin mümkün olmaması səbəbindən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 91/113 ünvanında yerləşən Cavabdeh məxsus tikililərin diametri 800 mm olan “Sadıqcan” yağış kollektorun üzərindən və ya mühafizə zonasında yerləşib-yerləşmədiyi müəyyən etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.[ Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 384. İddia müddətinin şamil edilmədiyi tələblər 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

Maddə 62. Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı torpaq sahələrinin verilməsi Elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər.

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 70. Su kəmərləri və kanalizasiya sistemlərinə təsir göstərən qurğuların tikintisi Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə ekspertizası tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 91/113 ünvanında yerləşən tikili inşaat norma və qaydalarına tələblərinə uyğun inşa edilmişdir. Həmin tikiliyə dair cavabdehin mülkiyyət hüququ da Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu hal yuxarıda qeyd edilmiş daşınmaz əmlakı özbaşına tikinti kimi qiymətləndirilməsini istisna edir. Bu səbəblə də cavabdehin Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 91/113 ünvanında yerləşən tikiliyə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsinin normalarının tələblərinə müvafiq olaraq müdafiə edilməlidir. Digər tərəfdən məhkəmə iddiaçı tərəfin yağış kollektorunun üzərində və ya onların mühafizə zonalarında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılmasının qanunvericiliklə qadağan edilməsi ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, bu cür qadağa tikilinin kollektorlara texniki xidmət göstərilməsinə maneçilik törətməsi, bu səbəbdən qəza hallarının baş verməsinə real şəraitin yaranması, ətrafda yaşayan insanların həyatının, onlara məxsus şəxsi mülkiyyətin təhlükə altına düşməsinə səbəb olması ilə bağlıdır. Bu cür bədbəxt hadisələrin qarşısının alınması İddiaçı ASC-nin pozitiv öhdəliyidir. Lakin bu öhdəliyin icra edildiyi zaman vətəndaşların mülkiyyət hüququnun əsassız pozulması hallarına yol verilməməlidir. Mülkiyyət hüququna müdaxilə dövlət qarşısında duran öhdəliyin təmin edilməsi baxımından ağlabatan və mütənasib olmalıdır. Belə olan halda, məhkəmə hesab edir ki, işin faktiki hallarına görə iddiaçı tərəfindən qanunvericiliklə üzərinə qoyulmuş öhdəliklərin icrası məqsədi ilə görülən tədbirlər cavabdehin mülkiyyət hüququnu pozmamalı, tikilinin sökülməsi kimi tədbirlər yalnız cavabdehə məxsus tikiliyə dair kompensasiyanın ödənilməsi şərti ilə görülə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC Cavabdeh qarşı cavabdeh tərəfindən Xətai rayonu, Sadıqcan küçəsində keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi, kollektorun mühafizə zonalarının boşaldıması tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Sədrlik edən cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsi üzrə iddiaçı qanuni sahib qismində çıxış etdiyinə görə və sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə tələblərə iddia müddəti şamil edilmədiyinə görə iddiaçının qeyd edilən ərizəsi məhkəmə tərəfindən nəzərə alınmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddiaçı ASC Cavabdeh qarşı cavabdeh tərəfindən Xətai rayonu, Sadıqcan küçəsində keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi, kollektorun mühafizə zonalarının boşaldıması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar