Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-449/2023 20.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “yağış kollektorunun üzərində inşa edilmiş tikilinin sökülərək kollektorun mühafizə zonasının boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı “yağış kollektorunun üzərində inşa edilmiş tikilinin sökülərək kollektorun mühafizə zonasının boşaldılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi, kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri üzrə formalaşan yağıntı sularının kollektorlar vasitəsi ilə qəbul edilib müvafiq məntəqələrə ötürülməsı gündəlik həyat üçün çox vacib vəzifələrdəndir. Yağış sularının düzgün və fasiləsiz idarə edilməsi üçün şəhərə xidmət göstərən kollektorların mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara mütəmadi texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Belə ki, iddiaçı tərəfindən yağış kollektorlarına (xətlərə) texniki baxış keçirilən zaman Cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları” haqqında, “Hidrotexniki qurğuların təhlükəsizliyi” haqqında Azərbaycan Respublikası Qanunlarının və digər normativ hüquqi aktların tələbləri kobud qaydada pozulmaqla diametri 800 mm olan dəmir beton konstruksiyadan ibarət, Xətai rayonun bir hissəsində formalaşan yağıntı sularının ərazilərdən kənarlaşdırılması üçün istifadə edilən “Sadıqcan” yağış kollektorunun (xəttinin) ünvan 1 ünvanının yaxınlığından keçən hissəsinin üzərində və mühafizə zonasında özbaşına tikilinin inşa edildiyi məlum olmuşdur. Belə ki, hazırda qüvvədə olan “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsində qeyd olunur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinın 62-ci maddəsində qeyd olunmuşdur ki elektrik, rabitə nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Yuxarıda qeyd olunan qanunvericilik aktların tələblərindən də görünür ki, yağış kollektorunun üzərində və ya onların mühafizə zonalarında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. Qanunvericiliyın tələblərinə uyğun olaraq iddiaçı hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan yağış kollektorunun mühafizə zonalarında inşa edilmiş tikili statusuna görə Mülki Məcəllənin 180-ci maddəsi ilə müəyyən edilən özbaşına tikili olduğuna görə sökülməli, magistral su xətlərinin qanunla müəyyən edilmiş sanitar mühafizə rejimi təmin edilməlidir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında cavabdehin vəkili iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, 03 iyul 2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən məntəqənin istismarına dair icazə verilmiş və tikilinin parametrləri müəyyən edilmiş, Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının 10 iyul 2018-ci il tarixli sərəncamından çıxarış ilə Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən məntəqə X1 müraciətinə əsasən Cavabdeh adına sənədləşdirilmişdir. İddiaçı Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında yerləşməsinə istinad edərək tikilinin sökülməsini və kollektorun mühafizə zonasının boşaldılmasını tələb etmişdir. Məhkəmə işin hallarının araşdırılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli rəydən görünür ki, İddiaçı ASC-nin balansında olan diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun Xətai rayonu, Sadıqcan küçəsindən keçən hissəsinin üzəri bağlı olduğundan kanalizasiya xətlərinin istiqamətinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən Cavabdeh adına sənədləşdirilən tikilinin diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun üzərində və ya mühafizə zonasında yerləşibyerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən bir mərtəbəli tikilinin (məntəqə) müvafiq icra hakimiyyəti orqanının tikinti ilə bağlı icazə sənədində qeyd olunan parametrlərlə eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Qanunvericiliyin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi Cavabdeh tərəfindən inşa edilmiş tikilinin Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında yerləşməsinə istinad edərək tikilinin sökülməsini və kollektorun mühafizə zonasının boşaldılmasını tələb etmişdir. Məhkəmə belə hesab edir ki, iddiaçı kollektorun onun balansında olmasına, sözügedən tikilinin həmin kollektorun mühafizə zonasının üzərində yerləşməsinə aid sənədləri məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən aparılan araşdırma zamanı kollektorun inşa xətləri barədə plan-sxem, o cümlədən həmin plan-sxemin müvafiq göstərişlərə uyğun olmasına dəlalət edən sənədlər iddiaçıdan tələb edilsə də bu sənədlər də məhkəməyə təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza və ekspertin iştirakı ilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus məntəqə tipli tikili müvafiq icra hakimiyyəti orqanının tikinti ilə bağlı icazə sənədində qeyd olunan parametrlərlə eynilik təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli ekspert rəyini sübut kimi qəbul edərək və iddiaçının təqdim etdiyi sübutları iddianın təmin edilməsi üçün kifayət hesab etməyərək qeyd edir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından hazırkı iş üzrə iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və hüquqlarının pozulması ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı “Cavabdeh tərəfindən Xətai rayonu, Sadıqcan küçəsindən keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi, kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-449/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-449/2023
20.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver