Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-450/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “yağış kollektorunun üzərində inşa edilmiş tikilinin sökülərək kollektorun qanunla müəyyən edilmiş mühafizə zonasının boşaldılması” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. ünvan 1 ünvanında 0,06289 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 525.8 kv2 olan əmlak kompleksinə (Bundan sonra – Əmlak kompleksi) dair iddiaçının mülkiyyət hüququ xx.xx.2010-cu il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.
2. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində “Mühafizə zonasının pozulması barədə akt” tərtib edilmiş, Aktda qeyd edilmişdir ki, Əmlak Kompleksi həmin ərazidən keçən iddiaçıya məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun üzərində inşa edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdeh tərəfindən Sadıqcan küçəsindən keçən iddiaçıya məxsus diametri 800 mm olan “Sadıqcan” yağış kollektorunun (xəttinin) üzərində və mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülməsi, kollektorun mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri üzrə formalaşan yağıntı sularının kollektorlar vasitəsi ilə qəbul edilib müvafiq məntəqələrə ötürülməsi gündəlik həyat üçün çox vacib vəzifələrdəndir. Yağış sularının düzgün və fasiləsiz idarə edilməsi üçün şəhərə xidmət göstərən kollektorların mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara mütəmadi texniki xidmətin göstərilməsi olduqca vacib məsələlərdəndir. Belə ki. Yağış kollektorlarına (xətlərə) texniki baxış keçirilən zaman cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında", “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqınca' Azərbaycan Respublikası Qanunlarının və digər normativ huquqi aktların tələbləri kobud qaydada pozulmaqla diametri 800 mm olan dəmir beton konstruksiyadan ibarət Xətai rayonun bir hissəsində formalaşan yağıntı sularının ərazilərdən kənarlaşdırılması üçün istifadə edilən "Sadıqcan" yağış kollektorunun (xəttinin) ünvan 2 ünvanının yaxınlığından keçən hissəsinin üzərində və mühafizə zonasında özbaşına tikilinin inşa edildiyi məlum olmuşdur. Qeyd olunan tikilinin inşası nəticəsində adı çəkilən kollektora texniki xidmətin göstərilməsini qeyrimümkün etməklə yanaşı, tikilinin kollektorun üzərində yaratmış ağır yüklənmə səbəbindən kollektorda qəzalı vəziyyət yaranmış və mövcud vəziyyət potensial təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin yaranma riski ciddi formada artırmaqla yanaşı tikilinin hazırda mövcudluğu qəzanın aradan qaldırılmasını mümkünsüz etməkdədir. Eyni zamanda bu hallar 3-cü şəxslər tərəfindən iddiaçıya qarşı məhkəmə iddialarının qaldırılmasına yol açır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, Əmlak kompleksi özbaşına tikili deyil, tam qanuni tikilidir və xüsusi mülkiyyətdədir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına qeydiyyatdan keçmiş və onun tikili üzərində xüsusi mülkiyyət hüququ tanınmışdır. Sözügedən tikili xüsusi mülkiyyətə verilməzdən əvvəl aidiyyəti dövlət orqanlarından, həmçinin cavabdehdən müvafiq razılıq alınmaqla inşa edilmiş, dövlət qeydiyyatından keçmiş, habelə tikiliyə iddiaçı tərəfindən sudan istifadə sayğacları da quraşdırılmışdır. Əgər tikili qanunsuz idisə, iddiaçı qanunsuz hesab etdiyi tikili ilə rəsmi abunə müqaviləsi bağlamış və dövlət reyestrindən çıxarış əsasında tikiliyə sayğac quraşdıra bilməzdi. 13 il ərzində iddiaçı bu barədə bir dəfə də olsun məsələ qaldırmamışdır. Uzun illərdir ki, həmin tikili oradadır, bütün dövlət orqanları və iddiaçı tərəfindən həmin tiikilinin qanuniliyi qəbul olunmuşdur. Əmlak kompleksi cavabehin xüsusi mülkiyyətindədirsə, iddiaçı heç bir hüquqi əsasla tikilinin sökülməsi barədə iddia irəli sürə bilməz.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılsa da, səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehin vəkili və nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etdi.
7. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
8. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
9. Maddə 29, İİ və İV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
10. Maddə 152. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
11. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 12.
13. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarinı ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır.
14. Maddə 180.4 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarına əsasən sökülə bilər.
15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə cavabdehin vəkili və nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir.
22. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
23. İddiaçının məhkəmə qarşısında irəli sürdüyü tələb, cavabdeh tərəfindən qanunsuz inşa edilmiş Əmlak kompleksinin sökülməsindən ibarətdir. Məkhəmə qeyd edir ki, ilk növbədə Əmlak kompleksinin özbaşına tikili olub-olmaması müəyyən edilməlidir.
24. İş materialları əsasında müəyyən olunur ki, Əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi dövlətə məxsusdur, Əmlak kompleksinə dair isə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla ona bu barədə reyestrdən çıxarış verilmişdir. Məhkəmə qeyd edir ki, Əmlak Kompleksi artıq 13 ildir ki, cavabdehin mülkiyyətində olmaqla istifadəsindədir, bu müddət ərzində isə cavabdehin adına verilmiş çıxarış iddiaçı tərəfindən mübahisələndirilməmişdir. AR Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə əsasən, müəyyən olunur ki, iddiaçının sökülməsini tələb etdiyi əmlak özbaşına tikili deyildir,
25. Həmçinin, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/2840 saylı, xx.xx.2023-cü il tarixli rəyində ekspert müəyyən etmişdir ki, Əmlak Kompleksi tikinti norma və qaydalarının tələblərinə uyğun inşa edilmişdir. “Sadıqcan” yağış kollektorunun Sadıqcan küçəsindən keçən hissəsinin üzəri bağlı olduğundan kanalizasiya xətlərinin istiqamətini müəyyən edilməsi mümkün olmaması səbəbindən, tikilinin yğış kollektorunun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda, iş materialları əsasında müəyyən olunur ki, Əmlak Kompleksinə dair AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın İdarə edilməsi üzrə Dövlət komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən “Ərazi və tikililərin planı”na dair sənəd verilmiş, ekspert tərəfindən Əmlak kompleksinə baxış keçirilərkən də onun faktiki vəziyətinin “Ərazi və tikililərin planı”na uyğun olduğu müəyyən edilmişdir.
26. Bundan başqa, məhkəmə qeyd edir ki, yuxarıdakı müddəaların mənasından da göründüyü kimi, mülkiyyət hüququ istər yerli, istərsə də, beynəlxalq hüquqla qorunan və dövlət tərəfindən tanınan ən üstün hüquqlardan biridir. Mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Bu hüquq və səlahiyyət daxilində mülkiyyətçi, başqalarının hüquqlarını və mənefelərini pozmadan, əmlakına maneəsiz sahiblik edə, əmlakın təyinatına uyğun olaraq öz tələbatlarının təmin olunması üçün əmlakdan istədiyi kimi istifadə edə, öz iradəsi ilə əmlakın hüquqi müqəddəratını müəyyən edə (onu satmaq, bağışlamaq və s. hərəkətlər etmək) bilər. Qanunla müəyyən edilmiş istisnalardan başqa, hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi isə yalnız mülkiyyətçinin razılığı və iradəsi ilə mümkün ola bilər.
27. Lakin mülkiyyət hüququnun ən üstün hüquqlardan biri olması və yüksək qanuni təminat verilməsi onun hüdudsuz olması anlamına da gələ bilməz. İstər milli, istərsə də beynəlxalq qanunvericilik mülkiyyət hüquqnun məhdudlaşdırılmasının, ona müdaxilə edilməsinin əsaslarını da nəzərdə tutur ki, bu qanuni əsaslar yuxarıda həm Mülki Məcəllənin 152.5, həm də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilmişdir.
28. Qanunvericilik müəyyən edir ki, mülkiyyətə müdaxilə üçün hüquqi əsas olmalı, müdaxilə ictimai, yaxud fərdi maraqlara xidmət etməli və mütənasiblik (maraqlar arasında ədalətli balansın təmin olunması) meyarlarına cavab verməlidir.
29. Məhkəmə hesab edir ki, müdaxilənin qanunauyğun (hüquqi əsasın) olması həm müdaxiləni tələb edən tərəfin, həm də müdaxiləyə məruz qalan tərəfin mülkiyyət hüquqlarının qanuni olub-olmamasının araşdırılması zəruridir.
30. Əvvəldə də qeyd edildiyi kimi, Əmlak kompleksinin cavabdehin mülkiyyətində olması işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçının da mülkiyyət hüquqlarının qanuni olması da işin mübahisəsiz halıdır. Bu konteksdə, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi haqlı görünə bilər. Lakin müdaxilənin ictimai, maraqlara xidmət etməsi, yəni zərurliyinin nədən ibarət olmasını iddiaçı əsaslandıra bilməmiş, hətta ekspertiza tərəfindən yağış kollektorunun istiqamətini müəyyən edilmək tikilinin yğış kollektorunun üzərində və ya mühafizə zonasında yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün olmamışdır.
31. Beləliklə, işin şərh edilən hallarına əsasən məhkəmə hesab edir ki, Əmlak Kompleksi cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyətində olduğundan, fiziki və hüquqi şəxslərin mülakiyyəti isə dövlət tərəfindən müdafiə olunuğundan, iddiaçı tərəfindən irəli sürülmüş tələb təmin edilməməlidir
32. Məhkəmə hesab edir ki, ekspertiza xərci iddianın təmin edilməsinə uyğun olaraq, iddiaçıdan tutulmaqla dövlət büdcəsinə ödənilməlidir.
33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 50 manat məbləğində ekspertiza xərci İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı