Məhkəmə qərarları › İş №2(011)-4504/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4504/2023

09.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4504/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı İddiaçı Cavabdehnə qarşı “kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent hesab nömrəsi: **********00040) xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt üzrə əsassız olaraq hesablanmış 1036,80 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, ünvan 1 fərdi yaşayış evində ailə üzvləri ilə yaşayır, qazdan qanunauyğun qaydada istifadə etmişdir. İddiaçının yaşadığı ünvanda yerləşən sayğac xx.xx.2022-ci il tarixində Cavabdeh İB-in əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir, çıxarılan sayğaca yoxlama keçirilən zaman qüsur aşkar olunmuş, bu barədə 2022-ci ilin dekabr ayında akt tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, həmin akt əsasında iddiaçının abonent hesabına borc hesablanmışdır və hazırda həmin borc ondan tələb olunur. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında Cavabdeh İB-nə lazımi qaydada məlumat veriməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 oktyabr 2022-ci il tarixli Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********00040 saylı abonent hesabına “Qalıq və aktlar” bölməsi üzrə 12/2022-ci il tarixə 1036,80 manat borc yazılmışdır. İş materiallarında olan “Gasrep” sənədindən görünür ki,iddiaçı **********00040 abonent kodu üzrə 3136,80 manat ödəniş həyata keçirmişdir. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli ******* saylı “ Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, “sayğacın dişli çarxı və göstərici çarxlarının ötürücülüyünü təmin edən çarxlardan biri aşkar olunmadı və yapışqanlı maddə ilə bərkidilib” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan “qaz sayğacının yoxlanılması barədə” 23 noyabr 2022-ci il tarixli 29/1710-03990-1 saylı aktın surətindən görünür ki, “İmpuls ötürücünün dişli çarxı və göstərici çarxlarının ötürücülüyünü təmin edən çarxlardan biri yerində aşkar olunmadı, digəri yapışqanlı maddə ilə bərkidilib” nöqsanı qeyd edilmişdir İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki,iddiaçıya məxsus ünvandakı “İtron” tipli “G4” markalı sayğac “Zemmer” tipli sayğacla əvəzlənmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 dekabr 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki,xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən ünvan 2 ünvanı üzrə itirilmiş qazın bərpasına görə 8640 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş və sayğac xx.xx.2022-ci il tarixdə yenisi ilə əvəz edilmişdir, çıxarılmış qaz sayğacı Cavabdeh İB-nın laboratoriyasında yoxlamadan keçirilmiş, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmiş, aktda “qaz sayğacının Alarm-1 rejimində olması və daxilində yerləşən dişli çarxlardan birinin yerində olmadığı müəyyən edilmişdir” nöqsanı qeyd olunmuşdur, həmin akt əsasında iddiaçının **********00040 saylı abonent hesabına 1036,80 manat borc yazılmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsinə, habelə sayğaca iddiaçı tərəfindən müdaxilə olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00040) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1036,80 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 (otuz) manat, 36 (otuz altı) qəpik məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00040 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1036 (min otuz altı) manat, 80 ( səksən) qəpik borc silinsin. Cavabdehndən 30 (otuz) manat 36 (otuz altı) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar