Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-452/2022 19.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən dünyasını dəyişmiş X2 adına tərtib olunmuş 08.09.2017-ci il tarixli ******* nömrəli akt üzrə əsassız olaraq, hesablanmış cərimə borcundan geridə qalan 1414,30 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 10/2021-ci il tarixinə kimi qanunsuz olaraq **********00010 nömrəli abonent hesabından borca tutulmuş 764,50 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması və işə baxılması ilə əlaqədar vəkil xidmətinin göstərilməsi üçün iddiaçı tərəfindən Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına ödənilmiş 141,50 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının dünyasını dəyişmiş atası X4 Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla, təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə etmişdir, həmin fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən **********00010 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini də təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli qaz sayğacı quraşdırılmışdır, 2017-ci il tarixində Cavabdeh İB-nin nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış Smart G4 markalı İtron tipli 1102AQ**********0 nömrəli qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz etmişlər, daha sonra çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamasında qaz sayğacının çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilmiş olması barədə rəy verilmişdir, sözügedən rəy əsasında BRQSD-nin rəisi tərəfindən 08.09.2017-ci il tarixində “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt və daha sonrasında isə həmin akt əsasında 20.09.2017-ci il tarixində qərar qəbul edilmişdir, qəbul edilmiş qərarda 10894 metr kub qaz itkisinin yaranması səbəbindən abonent hesabına 2178,80 manat məbləğində cərimə borcu qeyd edilmişdir, qaz sayğacının dövlət yoxlamasında İddiaçı və ya onun ailə üzvlərinin iştirakı təmin edilməmiş, eləcə də, qaz sayğacında aşkar olunmuş xətalarda onun heç bir təqsiri olmamışdır, evdən bir neçə metr aralıda olan qaz sayğacına həyətdən istənilən şəxs, hətta SOCAR işçisinin də müdaxilə etməsi mümkündür, bundan əlavə tərtib edilmiş 08.09.2017-ci il tarixli ******* nömrəli aktın tərtib olunmasından onun xəbəri olmamış və ona aktı imzalamaq təklif edilməmişdir, o tərtib olunmuş aktı və qərarı qanunsuz hesab edir və bu səbəbdən borcu silinməli, borca görə çıxılmış pul ona geri qaytarılmalıdır. Sonda Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.G.Quliyeva iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş aktda sayğaca müdaxilə olunması qeyd olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı iddiaçının mərhum atasının abonent koduna hesablanmış və həmin məbləğ də hazırda ondan tələb edilir. Sonda A.G.Quliyeva iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 08.09.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçının nümayəndəsi İddiaçıdur, rəyə əsasən sayğacın çıxış plastmas borusunun deşilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 20.09.2017-ci il tarixli Qərarın surətindən görünür ki, 07.09.2017-ci il tarixli ******* nömrəli akta əsasən **********00010 abonent koduna 10894 kub/m itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 09.10.2021-ci il tarixli Gasrep sənədindən görünür ki, X3 **********00010 nömrəli abonent kodu üzrə 2021-ci il oktyabr ayı üçün borca görə tutulma 764,50 azn, cari borc 1414,31 manat təşkil edir. İş materiallarında olan 19.10.2021-ci il tarixli abonentin saldosundan görünür ki, **********00010 saylı abonent hesabına 10/2017-ci il tarixinə 2178,80 manat borc hesablanmışdır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20.02.2009-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan 20.10.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı 7 saylı Vəkil bürosuna xidmət haqqı kimi 130 manat pul köçürmüşdür. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilmiş, təbii qazın itirilməsi barədə akt tərtib edilmiş, əsas kimi sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsi göstərilmişdir və onun dəyəri kimi 2178,80 manat borc abonent hesabına yazılmışdır, həmin məbləğdən 764,50 manat cavabdeh tərəfindən borc kimi tutulmuş, qalıq borc isə 1414,30 manat təşkil edir və iddiaçıdan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00010) itirilmiş qazın bərpası məqsədilə yazılmış borcdan tutulmuş 764,50 manat geri qaytarılmalı və qalan 1414,30 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin olunduğundan və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunmasi halları məhkəmə tərəfindən müəyyən olunmadığından cavabdehdən 41,78 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə, hüquqi yardım məqsədilə iddiaçı tərəfindən vəkil bürosuna ödənilmiş 141,50 manat tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən **********00010 nömrəli abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış cərimə borcundan ödənilməmiş qalan 1414,30 manat borc silinsin, tutulmuş 764,50 manat məbləğində pul İddiaçı geri qaytarılsın. Hüquqi xidmət göstərilməsi üçün Bakı şəhəri 7 saylı vəkil bürosunun hesabına ödənilmiş 141,50 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 41 (qırx bir) manat 78 (yetmiş səkkiz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-452/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-452/2022
19.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver