Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4525/2022 20.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsinə dair” iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı **********01830 nömrəli abonent hesabına xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020ci il tarixli ******* saylı aktlar əsasında əsassız olaraq artıq hesablanmış 1111,12 manat məbləğində borcun silinməsi, **********01830 nömrəli abonent hesabında əks olunan ümumi 386,90 manat qalıq borcu, yəni 12/2011-ci il tarixində yaranmış 149,30 manat və 03/2014-cü il tarixində yaranmış 237,60 manat qalıq borcların silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddiaçı təbii qazın alqı-satqısı müqaviləsinə əsasən fərdi yaşayış evində təbii qazdan istifadə edir, istifadəsində olan fərdi yaşayış evinə **********01830 saylı abonent kodu verilmişdir, iddiaçıya iki akt əsasında 1180,8 manat maddi zərər borcu, həmin borcdan əlavə 12/2011-ci il tarixə 149,30 manat, 03/2014-cü il tarixinə 237,60 manat məbləğində qalıq borcları hesablanmışdır, iddiaçı xx.xx.2020-ci il tarixli aktı qismən qəbul edir, 2020-ci ilin fevral ayı üzrə 28 gün müddətinə günlük 6 saat olmaqla təbii qazdan əlavə xətt vasitəsilə istifadə etmişdir, tələbnamədə qeyd olunan qaz işlədicilərinin orta günlük iş rejiminin 24 saat hesabı olmaqla hesabat müddətinin də 90 gün müddətinə aparılması qanuni, əsaslı və inandırıcı deyildir, bu o deməkdir ki, iddiaçı işdə olarkən və s. evində qaz işlədicilərini açıq vəziyyətdə saxlamışdır, həmçinin 3 ay müddətinə qazdan özbaşına istifadə etməmişdir, bunu cavabdehin əməkdaşları da aşkar etməmişdir, əlavə xətt vasitəsilə yalnız 2020-ci ilin fevral ayında istifadə etmişdir, iddiaçı 1 aktdan, ancaq 1 aylıq qeyri-qanuni istifadəni qəbul edir, mart ayına hesablanan 295 manat borcu qəbul etmir, həmin borcdan əsassız olaraq artıq hesablanmış 1111,12 manat borc silinməlidir, həmçinin 12/2011-ci il tarixində yaranmış 149,30 manat və 03/2014-cü il tarixində yaranmış 237,60 manat borclar 5 il tələb müddəti keçdiyi üçün hüquqi qüvvəsini itirmişdir, yəni cavabdeh həmin borcları iddiaçıdan tələb etmək hüququnu itirmişdir, bu səbəbdən həmin ünvan üzrə hesablanmış 386,90 manat borc da silinməlidir. Sonda İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.Əliyev izahat verərək bildirdi ki, iddiaçı cavabdeh təşkilata ziyan vurmuşdur, bununla bağlı əməkdaşlar tərəfindən akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, həmçinin fotoşəkillər çəkilmişdir, iddiaçı kənar xətt vasitəsilə qazdan istifadə etdiyinə görə, ona borc yazılmış və iddiaçının abonent koduna əlavə edilmişdir, sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə nəticəsində hesabat aparılmışdır, sadalananlar və əldə olan əsaslı sənədlər iddiaçının uzun müddət təbii qazı taladığını təsdiq edir. Sonda cavabdehin nümayəndəsi R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin, habelə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2020-ci il tarixli 03-1052 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” istehlakçının keyfiyyətli qazla təmin olunması və qazın dəyərinin qaz sayğacı göstəricisinə uyğun ödənilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün olmaqla 8856 m3 (2x24x90=2592 m3; 5x24x90=3240 m3; 4x24x90=3024 m3) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2952 m3 (2x24x30=864 m3; 5x24x30=1080 m3; 4x24x30=1008 m3) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan ******* saylı Aktın surətindən görünür ki, İddiaçı Qala, Südçülük ünvanı üzrə sayğacdan kənar xətt qaynaq vasitəsi ilə dayandırılmışdır, akt İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan 15 noyabr 2021-ci il tarixli Abonent saldosundan görünür ki, İddiaçı **********01830 nömrəli abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2020-ci il tarixə 885,60 manat, 03/2020-ci il tarixə 295,20 manat borc yazılmışdır. Həmçinin 12/2011-ci il tarixə ayın sonuna borc 149,30 manat təşkil etmiş, həmin borc 04/2012-ci il tarixdə silinmişdir, 03/2014-cü il tarixə “Qalıq və akt” əsasında 237,60 manat borc yazılmış, ayın əvvəlinə borc 237,60 manat olmuşdur. həmin borc 08/2018-ci il tarixdə silinmişdir. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “qazın alqı-satqısı” müqaviləsinə əsasən, İddiaçı, ünvan 1 ünvanında (abonent kodu: **********01830) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun abonent koduna 12/2011-ci il tarixi üzrə 149,30 manat, 03/2014-cü il tarixi üzrə 237,60 manat borc yazılmışdır, həmin borclar, 04/2012-ci il və 08/2018-ci il tarixdə silinmişdir, həmçinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar olunması” əsası ilə cavabdeh tərəfindən aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent koduna orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə 02/2020-ci il tarixinə 885,6 manat (bir gün üçün 9,84 manat) və 03/2020-ci il tarixinə 295,2 manat olmaqla, cəmi 1180,8 manat borc yazılmışdır, iddiaçı 2020-ci ilin fevral ayı üzrə 28 gün müddətinə günlük 6 saat olmaqla təbii qazdan əlavə xətt vasitəsilə istifadə etdiyini etiraf edir, həmin ünvan üzrə iddiaçının abonent koduna sayğac hesablaşması əsasında təbii qazdan istifadəyə görə 02/2021-ci il tarixinə 90,50 manat (905 m3) (bir gün üçün 3.01 manat), 03/2021-ci il tarixinə 106,40 manat (1064 m3), 02/2022-ci il tarixinə 92,04 manat (767 m3), 03/2022-ci il tarixinə 145 manat (725 m3) borc hesablanmışdır. Bununla belə, sayğacdan qeyri qanuni istifadə dövründə təbii qazdan hər gün 24 saat olmaqla istifadəsinə əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddiaçının abonent koduna xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlar əsasında hesablanmış borc məbləğinə münasibətdə qeyd edir ki, bu zaman iddiaçıya 02/2020-ci il tarixinə 885,6 manat və 03/2020-ci il tarixinə 295,2 manat borc hesablanmasına əsas olmuş mötəbər sübutlar iş materiallarına əlavə edilmədiyindən, həmin dövr üzrə hesablaşma, borcun yazıldığı müddətin əhatə olunduğu ilin mövsümü (fevral və mart ayları), növbəti illərdə həmin aylar üzrə iddiaçının qaz sərfiyyatı və ona dair aparılmış hesabat dövrü (02/2021-ci il tarixi üzrə 90,50 manat - 905 m3 ; 03/2021-ci il tarixi üzrə 106,40 manat - 1064 m3 ; 02/2022-ci il tarixi üzrə 92,04 manat - 767 m3; 03/2022-ci il tarixi üzrə 145 manat - 725 m3) müqayisə olunmaqla aparılmalıdır. İş materiallarından görünür ki, analoji aylar üzrə orta aylıq qaz sərfiyyatı 145 manat, qeyri-qanuni istifadə dövrü üzrə isə aylıq sərfiyyatı isə 295 manat hesablanmışdır ki, bu da təbii qaz işlədicilərinin gündəlik sərfiyyatı kimi 24 saat, müddət isə 3 ay üzrə götürülmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, təbii qaz işlədicilərinin gündəlik sərfiyyatı kimi 24 saat götürülməsi ağlabatan deyil və bu müddət 12 saat üçün məqbuldur. Qeyd edilənlərə əsasən, qeyri-qanuni təbii qazdan istifadə dövrü üzrə hesablaşma gündəlik sərfiyyat müddəti 12 saat olmaqla aparılmaldır ki, bu da 8856 m3 üçün 442,8 manat (8856 m3 / 24 saat x 12 saat = 4428 m3 x 0,10 manat = 442,8 manat), 2952 m3 üçün isə 147,6 manat (2952 m3 / 24 saat x 12 saat = 1476 X 0,10 manat = 147,6 manat) təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyri-qanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı 590,4 manatdır. Məhkəmə, iddia tələbinin “12/2011-ci il tarixində yaranmış 149,30 manat və 03/2014cü il tarixində yaranmış 237,60 manat qalıq borcların silinməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, qeyd edilən borclar 04/2012-ci il və 08/2018-ci il tarixdə silindiyindən, iddia tələbi həmin hissədə əsaslı deyildir və ona görə məhkəmə tərəfindən müddətin tətbiqi barədə ərizə nəzərə alınmaqla iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.2-ci bəndinə əsasən, istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********01830) yazılmış 590,4 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan az (590,4 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********01830 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 590 (beş yüz doxsan) manat 40 (qırx) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-4525/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4525/2022
20.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver