Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4537/2021 27.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 03.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1324 manat ödənilməmiş hissə, 399 manat dəbbə pulu olmaqla 1723 manat, 09.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1428 manat ödənilməmiş hissə, 428 manat dəbbə pulu olmaqla 1856 manat, 11.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 429 manat ödənilməmiş hissə, 128 manat dəbbə pulu olmaqla 557 manat, ümumilikdə 4136 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “xxxx” MMC ilə bağladığı 03.09.2019-cu il, 09.09.2019-cu il və 11.06.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung LED televizor, Samsung soyuducu, İMEİ Kodu **********24133 olan Samsung Galaxy A30 markalı telefon almış və nəticədə 4136 manat borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 313 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul edərək, həqiqətən də sadalanan müqavilələr əsasında qeyd olunan məhsulları aldığını, lakin, iddiaçı tərəfindən ona möhlət verildiyini və hər ay 100 manat ödəyə biləcəyini göstərmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış:
1. 03.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 1397 manat olan (18 ay x 74 manat + 65 manat ilkin ödəniş) Samsung LED televizor;
2. 09.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 1512 manat olan (18 ay x 84 manat + 0 manat ilkin ödəniş) Samsung soyuducu;
3. 11.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqısatqı qiyməti 585 manat (15 ay x 39 manat + 0 manat ilkin ödəniş), İMEİ Kodu **********24133 olan Samsung Galaxy A30 markalı telefonu cavabdehə satmışdır. 22.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə borcu 03.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1324 manat ödənilməmiş hissə, 399 manat dəbbə pulu olmaqla 1723 manat, 09.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1428 manat ödənilməmiş hissə, 428 manat dəbbə pulu olmaqla 1856 manat, 11.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 429 manat ödənilməmiş hissə, 128 manat dəbbə pulu olmaqla 557 manat, ümumilikdə 4136 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC 03.09.2019-cu il, 09.09.2019-cu il və 11.06.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə tələb olunan dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, 03.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 199 manat, 09.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 148 manat, 11.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 48 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 86 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 25,80 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 03.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1324 manat ödənilməmiş hissə, 199 manat dəbbə pulu olmaqla 1523 manat, 09.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1428 manat ödənilməmiş hissə, 148 manat dəbbə pulu olmaqla 1576 manat, 11.06.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 429 manat ödənilməmiş hissə, 48 manat dəbbə pulu olmaqla 477 manat, ümumilikdə 3576 (üç min beş yüz yetmiş altı) manat borc və ödənilmiş dövlət rüsumunun 25,80 (iyirmi beş manat 80 qəpik) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Sərdar Mehrəliyev