Məhkəmə qərarları › İş №2(011)-454/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-454/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-454/2022 24.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliyindən yaranmış borca (kirayə haqqı) görə cavabdehdən 1950 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manatın, ümumilikdə 1980 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir neçə ildir ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilini kirayə müqaviləsinə əsasən Cavabdeh kirayə təqdim etməklə hər ay 450 manat ödəniş olunmaqla müqavilə əsasında əməkdaşlıq etmişdir. Yazılı müqavilənin şərtlərinə əsasən cavabdeh kirayənin pulunu əvvəlcədən ödəməklə mənzildən istifadə etmişdir. Lakin cavabdeh bəzən kirayə haqqını gecikdirmiş, sonradan onun qalıqlarını ödəmişdir. Cavabdeh 2020-ci il üçün borcu qaldığından kirayə müqaviləsinin arxasında öz xətti ilə borcunu 2021-ci ilin mart ayına qədər ödəyəcəyini qeyd etmişdir. Sonradan cavabdeh 2050 manat qalıq borcdan cəmi 100 manat ödəniş etmişdir. Lakin cavabdeh 1950 manat pulu ödəməkdən yayınır. Daha sonra Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən, iddiaçı əsl iddiaçı olan İddiaçı ilə əvəz edilmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə öhdəliyindən yaranmış borca (kirayə haqqı) görə cavabdehdən 1.950 manat, 269 manat kommunal ödənişin əvəzi və dövlət rüsumuna görə ödənilmiş 30 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, eyni zamanda iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını tələb etdiyindən, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 34, 2a saylı mənzil İddiaçı mülkiyyətindədir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında öhdəliklər kirayə münasibətlərindən irəli gəlmişdir. İddiaçı ilə Cavabdeh arasında 01 may 2020-ci il tarixdə yaşayış sahəsinin kirayəsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan mənzili cavabdehin istifadəsinə verməyi, cavabdeh isə aylıq 450 manat kirayə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən kirayə haqqı vaxtlıvaxtında ödənilməmişdir. İş materiallarında olan 01 may 2020-ci il tarixli müqavilədən görünür ki, müqavilənin son səhifəsinin arxasında Cavabdeh öz xətti ilə iddiaçıya 2050 manat borcunun qaldığını, 2021-ci ilin mart ayınadək borcunu ödəyəcəyini qeyd etmişdir. İddiaçı tərəfindən verilmiş izahatlara əsasən, cavabdeh ona cəmi 100 manat ödəniş etmiş, qalan 1950 manat kirayə haqqını ödəməmişdir. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kirayə müqaviləsi əsasında iddiaçıya məxsus mənzildən istifadə etmişdir, lakin müqavilə əsasında müəyyən edilmiş öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan, müqavilə üzrə mübahisəli mənzildən istifadəyə görə kirayə haqqını tələb etmək hüququna malik olduğundan, iddia qeyd edilən hissədə əsaslıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin 269 manat kommunal ödənişin əvəzinin cavabdehdən tutulması hissəsini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Məhkəmə belə hesab edir ki, işin faktiki hallarına əsasən cavabdeh kirayə müqaviləsinə əsasən sözügedən mənzili istifadə etməyə başladığı andan kommunal xidmətlərə görə ödənişləri həyata keçirməli olmuşdur. İddiaçı hazırkı iş üzrə kommunal ödənişlərin ödənilməsini tələb etməyə haqqı çatan tərəfdir. Hazırkı iş üzrə cavabdeh həmin kommunal xidmətlərdən yararlanmış, lakin kommunal xidmət haqlarını ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 680-ci maddəsinə əsasən, kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri aid deyildir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə koduna əsasən istifadə olunmuş su sərfiyyatının dəyəri 269 manat ödənilmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1950 manat kirayə haqqı, 269 manat kommunal ödənişin əvəzi və dövlət rüsumuna görə ödənilmiş 30 manat, ümumilikdə 2.249 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 238-253, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1950 (min doqquz yüz əlli) manat kirayə haqqı, 269 (iki yüz altmış doqquz) manat kommunal ödənişin əvəzi və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat, ümumilikdə 2.249 (iki min iki yüz qırx doqquz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar