Məhkəmə qərarları › İş №2(011)-4552/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4552/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4552/2021 22.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 may 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********83068 olan Hoffmann X Ultra markalı telefon üçün 150 manat ödənilməmiş hissə, 15 manat cərimə; 12 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, Acer markalı notebook, notebook çantası, Genius markalı mouse, Kaspersky antivirus, Sonorous markalı ekran təmizləyicisi, İMEİ kodu **********36928 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ kodu **********44850 olan Xiaomi Redmi 7 markalı telefon üçün 1.269 manat ödənilməmiş hissə, 126 manat cərimə olmaqla, ümumilikdə 1.560 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 12 may 2019-cu il və 12 avqust 2019-cu il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Hoffmann X Ultra markalı telefon, Acer markalı notebook, notebook çantası, Genius markalı mouse, Kaspersky antivirus, Sonorous markalı ekran təmizləyicisi, İMEİ kodu **********36928 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ kodu **********44850 olan Xiaomi Redmi 7 markalı telefon almış və nəticədə 1.560 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə cavabdehin 12 may 2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 319 manat olan Hoffmann X Ultra markalı telefon üçün ümumilikdə 165 manat olmaqla, 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu borcu; 12 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.620 manat olan Acer markalı notebook, notebook çantası, Genius markalı mouse, Kaspersky antivirus, Sonorous markalı ekran təmizləyicisi, İMEİ kodu **********36928 olan Samsung Galaxy A20 markalı telefon, İMEİ kodu **********44850 olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə 1.395 manat olmaqla, 1.269 manat ödənilməmiş hissə, 126 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 520 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Hoffmann X Ultra markalı telefon, Acer markalı notebook, notebook çantası, Genius markalı mouse, Kaspersky antivirus, Sonorous markalı ekran təmizləyicisi, Samsung Galaxy A20 markalı telefon, Xiaomi Redmi 7 markalı telefon almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 22 aprel 2021ci il tarixə ümumilikdə 1.560 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilələr üzrə ümumilikdə 1.560 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 12 may 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 150 (yüz əlli) manat, dəbbə pulu 15 (on beş) manat, 12 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borc 1.269 (min iki yüz altmış doqquz) manat, dəbbə pulu 126 (yüz iyirmi altı) manat olmaqla, ümumilikdə 1.560 (min beş yüz altmış) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar