Məhkəmə qərarları › İş №2(011)-4604/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4604/2022

15.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4604/2022 15.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq yazılmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, göstərmişdir ki, ünvan 1-də yerləşən mənzil faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu **********500012 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunmaqdadır. Həmişə tərəfindən vaxtaşırı smart-kart vasitəsilə ödənilməklə həmin ünvan qazla təmin olunmuşdur. 02 oktyabr 2020-ci il tarixdə smart-kart qaz sayğacları Cavabdeh İB tərəfindən dəyişdirilərək adi qaz sayğacları qoyulmuşdur. Yenidən 10 iyun 2022-ci ildə, həmin xx.xx.2020-ci ildə quraşdırılmış adi qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən dəyişdirilərək smart sayğaclarına keçən vaxt onlara verilmiş qaz kartının ASAN kommunal xidmətindən qeydiyyatdan keçirilməsi onlara bildirilmişdir. 11 iyun 2022-ci ildə qaz kartını qeydiyyatdan keçirən zaman onlara bildirilmişdir ki, 31 may 2021-ci ildə onlara qaz sayğacına görə 216 manat, sayğaca müdaxiləyə görə cərimə aktı yazılmışdır. Aktın yazılması barədə nə onun, nə də ailə üzvlərinin xəbəri olmamışdır. Bu müddət ərzində Cavabdeh İB tərəfindən ünvanlarına heç bir sənəd və akt göndərilməmiş və ya təqdim olunmamışdır. Aktın harada tərtib olunması barədə məlumatları yoxdur, 11 iyun 2022-ci il tarixdə ASAN kommunal xidmətindən aktın surətini götürmüşdür. Bu səbəbdən də, o, hesab edir ki, əsassız olaraq yazılmış 216 manat cərimə Cavabdeh İB tərəfindən silinməli və ondan tutulmuş məbləğin ona geri ödənilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1-də yerləşən Abonent kodu **********500012 olan fərdi yaşayış evinə əsassız olaraq yazılmış 216 manat cərimənin Cavabdeh İB-si tərəfindən silinməsi və bu müddət ərzində tutulmuş pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1-də yerləşən Abonent kodu **********500012 olan fərdi yaşayış evinə əsassız olaraq yazılmış 216 manat cərimənin Cavabdeh İB-si tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına baxış keçirilmiş və “sayğacın çıxış plastmas borusu deşilmişdir” qeyd edilmişdir. İş materiallarında olan abonentin saldosundan məlum olur ki, İddiaçı 2021-ci il üçün 216 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2021-ci il tarixli, ******* nömrəli aktın surətində “sayğacın çıxış plastmas borusu deşilmişdir” kimi qeyd edilsə də, cavabdeh həmin qüsurun iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 216 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB-si tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə hesablanmış 216 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq yazılmış cərimənin silinməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 216 manat məbləğində borcu silmək vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar