Məhkəmə qərarları › İş №2(011)-462/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-462/2022

09.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-462/2022 09.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına (Abonentin kodu: **********00880) hesablanmış 831,30 (səkkiz yüz otuz bir manat otuz qəpik) manat borcun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ona məxsusdur. Bir müddət öncə Cavabdeh nümayəndələri onun evində qeyri-qanuni, yəni kənar xəttin olmasını bəhanə edərək cərimə yazmışlar. Halbuki, onun evində heç bir kənar xətt olmamışdır. Sübut kimi ona heç bir sənəd təqdim edilməmişdir, yalnız naməlum fotoşəkil göstərilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən bu səbəbdən də 831,30 manat əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsi tələb edilmişdir. Həmin borcla bağlı da ona heç bir sənəd təqdim etməmişlər. Bu səbəbdən də hesab edir ki, yazılmış borc əsassız olduğundan qanunsuzdur. Qeyd edilənlərə əsaslanaraq, məhkəmədən iddiasının təmin edilərək Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına (Abonentin kodu: **********00880) hesablanmış 831,30 (səkkiz yüz otuz bir manat otuz qəpik) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki baxış iclasında iştirak edən Cavabdeh səlahiyyətli nümayəndəsi X1 izahatında qeyd etmişdir ki, Cavabdeh İB-nin aktında qeyd olunub ki, vətəndaş özbaşına sayğac quraşdırdığı üçün həmin sayğac nöqsanlı sayğacdır. Yəni Cavabdeh İBnin balansında olmayan qazdan istifadə etdiyinə görə təbii qazın israfına səbəb olmuşdur. Ona görə də, borc yazılmışdır. Həmin borc da özü tərəfindən quraşdırılan sayğacın istifadəsi nəticəsində yaranmışdır. Ona görə də, iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh sonuncu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ünvan 2 ünvanında yerləşən yaşayış evinə quraşdırılan sayğaca baxış keçirilən zaman tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25.03.2020-ci il tarixli, ******* saylı aktda “abonent özünə məxsus sayğacı açaraq yerinə Abşeron rayonuna məxsus 12308229 nömrəli sayğacı giriş və çıxış borusunu deşərək mənzilə quraşdırmış və istifadə etmişdir” sözləri qeyd edilmiş və həmin akt əsasında abonentə 831.30 (səkkiz yüz otuz bir manat otuz qəpik) borc hesablanmışdır. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qaz sayğacının zədələnməsində istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini, cavabdeh tərəfindən iddia edildiyi kimi əgər sayğac iddiaçı tərəfindən dəyişdirilibsə, bu halı sübut etmək vəzifəsi Cavabdeh İB-nə məxsus olduğu halda, bunu təsdiq edən hər hansı bir sübut (videogörüntü və s. sənəd) ilə məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə olaraq, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, sözügedən aktda abonentin, yəni iddiaçının imzası yoxdur. Göstərilənlərlə yanaşı, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən müəyyən etmək olur ki, iddiaçı hər dəfə qaz sərfiyyatına görə bir-birinə yaxın məbləğlərdə mütəmadi olaraq ödəniş etmişdir. Bu səbəbdən qaz sayğacının dəyişdirilməsi və ya deşilməsi halına görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin təbii qaz sərfiyyatına görə abonentdən pul tələb etməkdə maraqlı tərəf olması qənaətinə gələrək, hesab edir ki, iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 831,30 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, stehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh tərəfindən abonent İddiaçı (Abonent kodu: **********00880) hesablanmış 831.30 (səkkiz yüz otuz bir manat otuz qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar