Məhkəmə qərarları › İş №2(011)-4626/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4626/2021

08.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4626/2021 08.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X8 iştirakı ilə, Ərizəçi X3 Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X6 Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə, daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək 30.11.2001-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X6 ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə faktiki olaraq hazırda Bakı şəhəri, Xətayi rayonu, İ.İsmayılov küçəsi, ev 6, mənzil 24-də yaşayır. 30.11.2001-ci il təvəllüdlü X12 anadangəlmə irsi xəstəlik olan Daun sindromu ilə dünyaya gəlmişdir. Oğlunda əqli inkişafın geriliyi (ağıl zəyifliyi), əsəbilik, kəkələmə, nitqin tam inkişaf etməməsi müşahidə olunur. O, öz hərəkətlərini dərk edə bilmədiyi üçün məcburi olaraq ona daima qulluq edir və daim nəzarətdə saxlayır. Xətayi rayonu 8 saylı Polikilinkasının Ambulator kartadan çıxarışı və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 2 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinəsi barədə sənədləri ərizəsinə əlavə edir. Ona baxmaq üçün yüksək qazanc yeri olmadığı üçün və heç yerdən kömək olmadığından saxlamaqda çətinlik çəkir. Əgər oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə, bu zaman onun üzərində qəyyum təyin oluna bilər və qəyyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaq. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X13 ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon 98 saylı MKİS-nin 04.05.2021-ci il tarixli arayışından görünür ki, X6 Bakı şəhəri, Xətayi rayonu, İ.İsmayılov küçəsi, ev 6, 24 saylı mənzildə yaşayır. İş materiallarında olan AZ-İ seriyalı, 165776 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 30.11.2001-ci il tarixdə anadan olmuşdur. Anası qrafasında X6 qeyd edilmişdir. AR ƏƏSMN-nin Tibbi Sosial Ekspert Komissiyasının 31.03.2017-ci il tarixli sonuncu müayinə haqqında məlumatından görünür ki, X10 birinci qrup əlillik müəyyən edilmişdir. Əmək qabiliyyətsizdir və başqasının qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 məhkəmə psixiatrik ekspertizasının 20.06.2021-ci il tarixli, 1865 saylı rəyinə əsasən, X1 orta dərəcəli kəmağıllıq ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacı-qardaşların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş işin halları 30.11.2001-ci il təvəllüdlü X9 ərizəçinin oğlu olması, Daun sindromlu orta dərəcəli kəmağıllıq ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması sübut olunduğuna görə, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 30.11.2001-ci il təvəllüdlü X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar