Məhkəmə qərarları › İş №2(011)-4647/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4647/2025

14.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4647/2025 14.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 2073,60 manat məbləğində borcun silinməsi və 1231,20 manat məbləğində ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı hazırda ünvan 1 ünvanında yerləşən 335 saylı evin 95 saylı mənzilində yaşayır. ünvan 1 ünvanında yerləşən 335 saylı evin 95 saylı mənzilinə dair Cavabdeh İB ilə aralarında qazın alğı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilə nəticəsində evə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Evinidə quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləyərkən kartın blokla olduğunun şahidi olmuşdur. Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə ona bildirmişdirlər ki, sayğacın işlək vəziyyətdə deyil. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə dəfələrlə əsassız olaraq borc yazılıb, o 712,8 və 518,4 manat olmaqla 2 dəfə borca görə ödəniş etmişdir. Daha sonra yenidən 2073,60 manat borcu olduğunun şahidi olmuşdur və ona yenidən bu pulu ödəmə bildirilmişdir. Evində quraşdırılan qaz sayğacına heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti onlar yox cavabdeh təşkilat özü daşıyır. Bildirir ki, cavabdeh təşkilat tərəfindən sayğaca nəzərət edilməli idi. Cavabdeh İB tərəfindən ona akt təqdim edilmişdir. Kart vasitəsi ilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları - İddiaçı barəsində xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il, tarixli ******* saylı aktlar tərtib edilmişdir. - xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2023cü il, tarixli ******* saylı aktlarda mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi qeyd edilmişdir. - İddiaçı xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 454,90 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 518,40 manat, xx.xx.2023-cü il, tarixli ******* saylı akt əsasında 2073,60 manat məbləğində borc hesablanmışdır. - İş üzrə təqdim edilmiş abonent saldolarından görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə abonent tərəfindən 518,40 manat ödəniş edilmiş, xx.xx.2019-cu il tarixli, ******* saylı akt üzrə borca görə 454,90 manat məbləğində vəsait Cavabdeh İB tərəfindən tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/914 nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil etmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialının 6 avqust 2025-ci il tarixli, 3-15-2-1/2-3098/2025 saylı məktubuna əsasən Bakı şəhər sakini İddiaçı qazdan qanunsuz istifadəyə görə X1 Agentliyinin Bakı filialı tərəfindən inzibati məsuliyyətə cəlb edilməmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixinədək qüvvədə olan redaksiyası

6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında; müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.

7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada)

2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir.

5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 454,90 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 518,40 manat, xx.xx.2023-cü il, tarixli ******* saylı akt əsasında 2073,60 manat, ümumilikdə 3046,90 manat borc hesablanmışdır. Məhkəmə iddiaya xx.xx.2019-cu il tarixli, ******* saylı akt və xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış borca görə ödənilmiş 1231,20 manat pul vəsaitinin geri qaytarılması hissəsində qiymət verərək hesab edir ki, bu hissədə iddianın hüquqi əsasını 01 may 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasında “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun və xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəaları təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 454,90 manat və xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 518,40 manat, ümumilikdə hesablanmış 973,3 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı cavabdeh təşkilat tərəfindən iddiaçının qanunsuz olaraq kənar xətt vasitəsilə qazpaylayıcı şəbəkəyə qoşulduğu və qazı taladığına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, sözü gedən aktlar əsasında borcun hesablanaraq iddiaçıdan tələb edilməsi qanunsuz və əsassızdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı hesablanmış 1231,20 manat məbləğində borcdan 973,30 manat məbləğində ödəniş etmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya xx.xx.2019-cu il tarixli, ******* saylı akt və xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış borca görə ödənilmiş 973,30 manat məbləğində pul vəsaiti isə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddiaya xx.xx.2023-cü il, tarixli ******* saylı akt əsasında 2073,60 manat borcun silinməsi hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, aktlar üzrə hesablanmış borcun silinməsi hissəsində iddianın hüquqi əsasını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13 maddəsinin 9-cu hissəsinin 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası və “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarını təşkil edir. Qeyd edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə bağlı müvafiq qərarların mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” xx.xx.2023-cü il, tarixli ******* saylı akt əsasında 2073,60 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, qeyd edilən 2073,60 manat borc məbləği silinməlidir.

Məhkəmə xərcləri: Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq məhkəmə xərcinə daxil olan 30 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 64 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1, ev 335, mənzil 95 ünvanı üzrə (abonent kodu: **********00950) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 2073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB tərəfindən ünvan 1, ev 335, mənzil 95 ünvanı üzrə (abonent kodu: **********00950) xx.xx.2019-cu il tarixli ******* saylı akta görə 454,9 (iki yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat, xx.xx.2021-ci il tarixli ******* saylı akta görə 518,40 (iki yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat, ümumilikdə 973,3 (doqquz yüz yetmiş üç manat otuz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq İddiaçı geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh İB-dən 50,47 (əlli manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu və ekspertiza tətqidatının dəyərinə görə 64 (altmış dörd) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar