Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4651/2021 01.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 iyun 2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və iddiaçının abonent hesabına əlavə edilmiş 302.40 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə ünvan 1i ünvanında yaşayır. O, yaşadığı evdə xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. 15 may 2019-cu ildə Saatlı Qaz sahəsinin işçiləri həyətə gəlib akt tərtib etmişlər və qaz sayğacını əvəzetmə adı ilə açıb özləri ilə aparmışlar. Tərtib edilmiş aktda qaz sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halı göstərilməmişdir. Bundan əlavə sayğac açılıb laboratoriyaya göndərilərkən iddiaçının iştirakı ilə qablaşdırılıb möhülənməmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 iyun 2019-cu il tarixli ******* saylı aktla iddiaçıya 3024 kub metr qaz sərfiyyatı hesablanmış və həmin qazın dəyəri abonent saldosuna daxil edilmişdir. Belə ki, qaz sayğacına iddiaçı və ailə üzvləri tərəfindən hər hansı müdaxilə olunmamışdır. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını, iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 iyun 2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi, barabanın üzərində cızıq izinin olması aşkarlanmışdır. Buna görə itirilmiş qazın bərpası məqsədilə 3024 kub metr qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının **********01610 saylı abunə koduna 302.40 manat məbləğində yekun borc hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndində göstərilir ki, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının yaşadığı evdə qaz sayğacına baxış keçirilərkən sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi, barabanın üzərində cızıq izinin olması aşkar edilmiş və bu barədə 28 iyun 2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Aktın tərtib edilməsində iddiaçı (istehlakçı) iştirak etməmiş, o, aktı imzalamaqdan imtina etmişdir. İddiaçının abonent hesabına itirilmiş qazın bərpasına görə 302.40 manat borc hesablanmışdır. Tərtib edilmiş mübahisələndirilən akt üzrə hesablanmış 302.40 manat borc iddiaçının abonent hesabında qalmışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış borcun əsasını təşkil edən mübahisələndirilən akt yuxarıda qeyd edilən qaydaların tələbinə uyğun şəkildə tərtib olunmamışdır və iddiaçının sayğacın plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi, barabanın üzərində cızıq izinin olmasını təsdiq edən sübut kimi qəbul edilməməlidir. Belə ki, həmin akta əsasən sözügedən əməllərin məhz iddiaçının hərəkətləri nəticəsində baş verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 302.40 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 iyun 2019-cu il tarixli, ******* saylı akt ləğv edilməli, Cavabdeh tərəfindən İddiaçı **********01610 saylı abunə koduna hesablanmış 302.40 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 20 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 iyun 2019-cu il tarixli, ******* saylı akt ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01610 saylı abunə koduna hesablanmış 302.40 (üç yüz iki manat qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-4651/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4651/2021
01.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver