Məhkəmə qərarları › İş №2(011)-4657/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4657/2023

08.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4657/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Ferrum Kapital QSC-yə və Optimal Elektronika MMC-yə qarşı “iddiaçı ilə Optimal Elektronika MMC arasında bağlanmış və xitam edilmiş müqavilə üzrə borclu olaraq əks olunduğu məlumatların cavabdehlərin online və qeyri-online sistemlərindən silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdehlər Ferrum Kapital QSC-yə və Optimal Elektronika MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Optimal Elektronika MMC ilə aralarında bağlanmış və xitam edilmiş 40015835 saylı müqavilə üzrə borclu olaraq əks olunduğu məlumatların Cavabdeh1 QSC və Cavabdeh2 MMC, eləcə də cavabdehlərin əməkdaşlıq etdiyi digər təşkilatların online və qeyri-online sistemlərindən dərhal silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə müraciət etməkdə əsas və başlıca məqsədi Ali Qanunumuz olan Konstitusiyada təsbit edilmiş vətəndaş hüquqlarının cavabdehlər Ferrum Kapital QSC və və qeyrisi tərəfindən olduqca kobud şəkildə pozulmasını məhkəmədə mübahisələndirməklə Qanunun Aliliyi prinsipinin rəhbər tutularaq hüquqlarının müdafiəsi məqsədilə ədalətli qərar qəbul edilməsini Ədalət Mühakiməsi olan məhkəmədən xahiş etməkdir. İddiaçı bildirir ki, o, istehlakçı hüquqlarından istifadə edərək Cavabdeh2 MMC ilə 40015835 saylı, xx.xx.2022-ci il tarixli “Nisyə Alqı-Satqı Müqaviləsi” bağlayaraq Optimaldan 1 ədəd kondisoner məhsulu götürmüş və qısa müddət sonra məhsulu geri qaytararaq Cavabdeh2 MMC ilə aramda bağlanılan Müqaviləyə hər iki tərəfin qarşılıqlı razılığı ilə xitam vermişdir. Cavabdeh2 MMC-ə ediləcək ödənişlər Ferrum Kapital faktorinq şirkətinə məxsus olan ödəmə sistemi (Milliön ödəmə terminalı və ya milliön ödəmə sistemi) vasitəsilə edildiyindən Cavabdeh2 MMC-dən eyni qayda tətbiq olunmaqla aldığı digər məhsul üzrə aylıq ödəniş məbləğini hesaba mədaxil edən zaman millön ödəmə sistemində qeyd etdiyi Müqavilə üzrə adında 2022-ci ilin dekabr ayında borc üzrə 555 manat gecikmə olmasını görmüş və dərhal cavabdehlər Optimal Elektronika MMC və Ferrum Kapitala məxsus 012 954 və 012 *** ** ** nömrələri ilə əlaqə saxlayıb Müqaviləyə tərəflər arasında xitam verilməsi səbəbindən qeyd edilən borcun Ferrum Kapitalın ödəmə sistemindən silinməsini və işgüzar nüfuzuna xələl vurulmamasını tələb etmişdir. Bildirmişdir ki, onun müqaviləsi cavabdeh Optimal Elektronika MMC ilə bağlanıb və xitam edilib. Adına xitam edilmiş müqavilə üzrə onun borclu kimi göstərilməyi işgüzar nüfuzunun ləkələnməsi və ictimaiyyət arasında nüfuzdan düşməsinə təsir edən hal kimi qiymətləndirilməli və dərhal mövcud olmayan müqavilə üzrə qanunsuz və əsassız olaraq borclu kimi ödəmə sistemlərində əks edilməyi silinməlidir. Cavabdeh Optimal Elektronika MMC belə bir müqavilənin mövcud olmadığını və bu səbəbdən də borc hesablaya bilmədiyini vurğulayıb zəruri təsdiqedici sənədləri e-mail ünvanına göndərdi, həmçinin, bu barədə digər cavabdeh Ferrum Kapitala məlumat verilməsini də bildirdi. Digər cavabdeh Ferrum Kapitalın əməkdaşı ona bu məsələ ilə bağlı tədbir görüləcəyini bildirsə də heç kim ona zəng etməmiş və əlaqə saxlamamışdır. Təəssüfləndirici haldır ki, xx.xx.2023-cü il tarixdə yenidən Millön ödəmə sistemi vasitəsilə həmin məlumatların silinib-silinmədiyini yoxlayanda bəlli oldu ki, cavabdeh Ferrum Kapital yol verdiyi hüquqazidd hərəkəti aradan qaldırmaq əvəzinə bu aylar da əlavə vəsait hesablayaraq sistemdə olan borc məbləğini daha artıq göstərmişdir. X2 QSC-nin 012 *** ** ** nömrəli əlaqə telefonuna təkrar zəng edərək iradını bildirmiş və tədbir görülməsini təkrar tələb etmişdir. Bir neçə dəqiqə sonra ona zəng edən cavabdeh Ferrum Kapitalın əməkdaşı bildirmişdir ki, onunla digər cavabdeh Optimal Elektronika MMC arasındakı müqaviləyə xitam verilməsinə baxmayaraq Optimal Elektronika MMC Ferrum Kapitala olan borcunu ödəmədiyindən mövcud olmayan müqaviləyə görə iddiaçıya borc yazılır və iddiaçı bildirildi ki, iddiaçı Optimal Elektronika MMC-dən adına hesablanan borc məbləğini alıb Ferrum Kapitala ödəsə cavabdeh Ferrum Kapital MMC-ə məxsus online ödəmə sistemlərindən iddiaçının adı borclu kimi çıxarılacaq. Belə bir gülünc iddia və tələbin cavabdeh Ferrum Kapital tərəfindən iddiaçıdan tələb edilməsi həqiqətən də absurd məntiqsizlik və əsassızlıqdır. Cavabdeh Ferrum Kapital tərəfindən iddiaçıya qarşı edilən kobud qanun pozuntusu azmış kimi xx.xx.2023-cü il tarixdə daha bir qanun pozuntusu törətməsi artıq kərgin olan əsəblərimə daha ciddi ziyan vurulmasına səbəb oldu. İddiaçıya məxsus e gov az portalı vasitəsilə şəxsi kabinetimə daxil olarkən məlum oldu ki "X1 (FİN) görə şəxsin fərdi məlumatlarının verilməsi" barədə cavabdeh Ferrum Kapital tərəfindən konstitusion hüquqlarının kobud pozulmasına səbəb olan və şəxsi toxunulmazlıq sirrimi yayan məlumatların əldə edilməsinə dair xx.xx.2023-cü il tarix, saat 18:50-də AKB-a tamamilə qanunsuz və hüquqazidd sorğu edilmiş, cavabdeh Ferrum Kapitalla iddiaçı arasında heç bir hüquq münasibəti mövcud olmadığı halda, eləcə də cavabdeh Ferrum Kapitala heç bir şifahi və ya yazılı razılıq vermədiyi halda iddiaçıya aid şəxsi məlumatlar AKB-dan qanunsuz olaraq əldə edilmişdir. (Tərəfimdən aidiyyəti quruma şikayət edilmişdir) Bundan sonra bütün bu məsələlərə aydınlıq gətirilməsi, eləcə də sahibkar adı altında hüquqazidd hərəkətlər törədən Ferrum Kapital və Optimal Elektronika MMC ilə bağlı müvafiq araşdırma aparılıb qanuni tədbir görülməsi üçün Mərkəzi Banka yazılı şikayət edib cavabdeh Ferrum Kapitalın gah Bank, gah da BOKT kimi özünü təqdim edib qanunsuz hərəkətlər törətməsinə münasibət bildirmələrini tələb etmişdir. Təəssüflər olsun ki, Ferrum Kapitalın əməkdaşının dediyi kimi oldu. Mərkəzi Bank nədənsə nəzarətində olan subyekt dairəsinin qanunsuz fəaliyyətinə göz yumaraq şikayətə Mərkəzi Bank tərəfindən baxılmasının qeyri-mümkünlüyünü israrla bildirmişdir. Eləcə də İqtisadiyyat Nazirliyi və s. qurumlar da cavabdehlərin hüquqazidd hərəkətlərinə göz yumdular. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. İşin faktiki halları: İddiaçı ilə Cavabdeh2 MMC arasında 40015835 saylı, xx.xx.2022-ci il tarixli “Nisyə Alqı-Satqı Müqaviləsi” bağlayaraq Optimaldan 1 ədəd kondisoner məhsulu götürmüş və qısa müddət sonra məhsulu geri qaytararaq Cavabdeh2 MMC ilə bağlanılan Müqaviləyə hər iki tərəfin qarşılıqlı razılığı ilə xitam vermişdir. İddiaçının müraciəti əsasında Cavabdeh2 MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçının cavabdeh təşkilata borcu yoxdur. İş materiallarına əlavə edilmiş tələbin güzəştinə dair faktorinq müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 MMC borclulara münasibətdə tələbetmə hüququnu Cavabdeh1 MMC-yə güzəşt etmişdir. Müqaviləyə xitam verilməsinə baxmayaraq cavabdeh olan təşkilatlar iddiaçının adının borclu kimi öz elektron sistemlərində göstərərək onun adına gecikmiş borc məbləğinin olmasını qeydə almışlar. İddiaçının istinad edilən müqavilənin ləğv edilməsinə dair istinadına qiymət verilməmiş, onun adı borclular siyahısında əks olunmağa davam etmişdir. Odur ki iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinin Vİİ hissəsinə əsasən-“İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı: Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu: 3-cü maddəyə əsasən istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququ var. 21-ci maddəyə əsasən bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 26-cı maddəyə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. İş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında ilkin olaraq nisyə alğı-satqı müqaviləsi bağlansa da, daha sonra müqavilə münasibətlərinə xitam verilmişdir. Belə ki, hazırda tərəflər arasında hər hansı müqavilədən irəli gələn öhdəlik mövcud deyildir. Eyni zamanda qeyd olunmalıdır ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 MMC arasında tələbin güzəştinə dair bağlanmış faktorinq müqaviləsi məhz həmin hüquqi şəxslər arasında yaranmış hüquq münasibətlərinə aiddir. Belə ki, nə qədər ki, iddiaçı ilə Cavabdeh2 MMC arasında hər-hansı müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud deyil sözügedən faktorinq müqaviləsi hazırkı iş üzrə iddiaçı üçün hər-hansı məhdudiyyət və öhdəlik yaratmaq üçün əsas ola bilməz. Beləliklə, sözügedən borcun Cavabdeh1 MMC-nin ödəniş sistemində iddiaçının adına mövcud olması tamamilə əsassızdır. Belə ki, qeyd olunan hallar iddiaçının qanuni mənafelərinin pozulmasıdır. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehlərin hərəkətləri qanunsuz hesab edilməli və onların üzərinə cavabdehlərə məxsus online və qeyri-online sistemlərində iddiaçının borclu olaraq göstərilməsinə dair məlumatın silinməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə iddia tələbinin digər, yəni iddia tələbində qeyd edilən “cavabdehlərin əməkdaşlıq etdiyi digər təşkilatlar” hissəsinə qiymət verərək hesab edir ki, bu hissədə tələb qeyri-müəyyən subyekt dairəsinə ünvanlandığı üçün iddia təmin edilə bilməz. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış və xitam edilmiş müqavilə üzrə borclu olaraq əks olunduğu məlumatların cavabdehlərin online və qeyri-online sistemlərindən dərhal silinməsi vəzifələrinin yerinə yetirilməsi cavabdehlər "xxxx" QSC-nin və "xxxx" MMC-nin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar