Məhkəmə qərarları › İş №2(011)-4688/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4688/2025

14.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4688/2025 14.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “cərimənin silinməsi” barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qeyd edilən 194,02 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 35, 27 saylı mənzili 2022-ci il tarixdə X1 alqısatqı müqaviləsi əsasında almışdır, həmin mənzil hazırda onun adına qeydiyyata alınmışdır, mənzili aldıqdan sonra elektrik enerjisindən istifadə edərək istifadəyə görə yaranmış borcu aybaay tam ödəmişdir, mənzilin əvvəlki sahiblərinə köhnə borc kimi 194,02 manat yazılmışdır, həmin borc sayğaca yazıldığına görə sayğacı öz adına keçirə bilmir, ona görə də, ona aidiyyəti olmayan köhnə borcun silinməsi ilə bağlı müraciət etməli olmuşdur. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Çəxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, abunə kodu: “**********50027”, abonent “X2”, ünvan “Xətai, Əhmədli, Gəncə prospekti, ev 0035, mənzil 0027”, ünvan üzrə sayğaclar xx.xx.1992, xx.xx.2005, xx.xx.2010 tarixlərində quraşdırılmış, abunə borcu 194,02 manat göstərilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydiyyata alınmışdır, həmin mənzildə evində elektrik enerjisindən istifadə məqsədilə xx.xx.1992, xx.xx.2005, xx.xx.2010 tarixlərdə elektrik sayğacı quraşdırılmışdır, abonent kodu **********50027, abonent “X2”dır, sayğac üzrə köhnə borc qrafasında kimi 194,02 manat göstərilmişdir, qeyd olunan ünvan üzrə sayğac “X2”nın adınadır, **********50027 saylı abonent koduna hesablanmış 194,02 manat borc məbləği köhnə borc olmaqla cavabdehə aid deyil, onun tərəfindən həmin məbləğ hazırkı mübahisəyə qədər iddiaçıdan tələb edilməmişdir. Bununla belə, iddiaçının sayğaca müdaxilə etməsi halları, abonent hesabına debitor borc kimi daxil edilmiş 194,02 manat hesablaşmaya dair hər hansı bir əsas məhkəmə tərəfindən müəyyən olunmadı. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya məxsus ünvan üzrə hesablanmış 194,02 manat borc məbləği köhnə borc kimi göstərildiyindən və həmin məbləğə dair hər hansı bir əsas müəyyən edilmədiyindən və bu vaxta qədər iddiaçıdan tələb olunmadığından, iddia tələbi həmin təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. «Elektroenergetika haqqında» Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Qaydaların 7.11-ci maddəsinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.16-cı maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, **********50027 saylı abonent koduna hesablanmış 194,02 manat borc məbləği silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, təmin edilmiş iddianın qiyməti (194,02) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanı üzrə **********50027 saylı abonent koduna hesablanmış 194 (yüz doxsan dörd) manat 02 (iki) qəpik borc məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar