Məhkəmə qərarları › İş №2(011)-4689/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4689/2025

08.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4689/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı – ünvan 2 (abunə kodu: **********B0071) ünvanı üzrə cərimə kimi yazılmış olan 1.175,84 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 (abunə kodu: **********B0071) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac evin əvvəlki mülkiyyətçisinin adına rəsmiləşdirilmişdir. Mənzil mülkiyyətinə keçdikdən sonra, keçmiş mülkiyyətçidən qalan borcun olduğu məlum olmuş, bu səbəbdən də abonentin dəyişdirilməsi mümkün olmamışdır. Bununla yanaşı cavabdeh tərəfindən iddiaçıya məlum olmayan səbəbdən və əsaslarla akt üzrə haqsız yerə cərimə borcu yazılmışdır. Hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, əlavə etmişdir ki, mənzilin sahibi olmasına baxmayaraq, cavabdehin yazdığı cərimənin təfərrüatlarından ətraflı məlumatı yoxdur. Üçüncü şəxs X3 bu barədə məlumatlıdır. O, üçüncü şəxsin izahatının düzgünlüyünü təsdiq edir. Sual-cavab zamanı o bildirmişdir ki, mənzilin əvvəlki mülkiyyətçilərindən biri Səidə xanım olub. Məlumatına görə onun elektrik sayğacından kənar xətti olub. Onun özü kənar xətt çəkməyib. Dəqiq xatırlamadığı vaxtda işıqları kəsildiyindən, cavabdeh təşkilatın işçilərini təmir işi üçün çağırıb və cavabdeh təşkilatın işçiləri özləri kənar xətt çəkiblər. Daha sonra isə həmin xəttə görə ona cərimə yazıblar. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 bildirmişdir ki, sözügedən mənzil iddiaçı tərəfindən 2024-cü ilin sentyabr-oktyabr aylarında alınıb. Mənzil alınandan əvvəl mənzildə kənar xətt var idi. Əvvəlki abonent olan Səidə xanımın adına da buna görə 5-6 dəfə cərimə yazılmışdır. Mənzili alanda həmin cərimələri iddiaçı özü ödəmişdir. Daha sonra isə işıq kəsildiyi cavabdeh təşkilatın işçilərini təmir işi üçün çağırıblar və cavabdeh təşkilatın işçiləri özləri mənzilə kənar xətt çəkiblər. Daha sonra isə həmin xəttə görə iddiaçıya cərimə yazıblar. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan abunə haqqında vərəqdən görünür ki, ünvan 1 ünvanında quraşdırılmış elektrik enerjisi sayğacı **********B0071 nömrə ilə abonent Səidə Ağayevanın adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi 61,30 kv.metr olmaqla, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Səidə Ağayeva adlı abonentin barəsində tərtib edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 010207 saylı aktından görünür ki, A241297549 saylı sayğaca baxış keçirilən zaman məlum olub ki, mənzildə sayğac sxemdən kənar faz xəttindən istifadə edilir. Belə ki, sayğacın çıxış faz xətti açılıb, ümumi şiti qidalandıran avtomat ayırıcıdan kənar faz xətti götürülərək mənzili qidlandıran xəttin üzərindəki avtomat ayırıcıya birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında yaşayan Ağayeva Səidə adlı abonentin kənar xətti ləğv edilərək ona 1.179,52 manat borc hesablanmışdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 8.17.1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur. Həmin Qaydaların 10.18.9-2-ci bəndinə əsasən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Həmin Qaydaların 11.13-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, enerjiresurslarından səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Göründüyü kimi, hazırda iddiaçı məhkəmədən **********B0071 nömrəli abonent koduna əsasən abonent Səidə Ağayevanın adına olan borcun silinməsini xahiş edir. Məhkəmə əvvəlcə iddiaçının müvafiq tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “İ.Orucovun şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, silinməsi xahiş edilən borc iddiaçıya deyil, başqa şəxsin adına yazılmışdır. Bununla da məhkəmə hesab edir ki, başqa şəxsin adına yazılmış borcun silinməsinə dair iddianın verilməsi üçün iddiaçının subyektiv hüququ olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı ünvan 2 (abonent kodu:**********B0071) ünvanı üzrə yazılmış 1.175,84 (bir min yüz yetmiş beş manat səksən dörd qəpik) manat borcun silinməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar