Məhkəmə qərarları › İş №2(011)-4692/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4692/2023

25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4692/2023 25.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzrə (abonent kodu:**********1002) ünvanı üzrə hesablanmış 2968,86 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi halhazırda faktiki olaraq abonentin istifadəsindədir. Bir müddət öncə Cavabdeh nümayəndələri həmin evdə qeyri-qanuni, guya sayğaca müdaxilə edildiyini bəhanə edərək, iddiaçıya cərimə hesablanmışdır. Halbuki iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməmişdir. Mənzildə quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Daha sonra sayğacın çıxış plastmas borusu deşildiyi müəyyən edilmişdir. Bu əsasla da iddiaçıya 3100 manat məbləğində borc hesablanmışdır. İddiaçı qaz sayğacına hər ay kart vasitəsi ilə ödəniş etmiş, sayğaca heç bir müdaxilə etməmiş, sayğacın plombu üzərində olmuşdur. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları İddiaçı barəsində Cavabdeh İB-nin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-cü il tarixli akt tərtib edilmiş, aktda mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlandı qeyd edilmişdir (31 mart 2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”). Cavabdeh İB tərəfindən dəymiş ziyanın bərpasına dair hesabat aparılmış və itirilmiş qazın həcmi 13500 m3 hesablanmış, hesablanmış zərərin məbləği, 1626,7 manat məbləğində borcun abonent tərəfindən ödənilməsi qərara alınmışdır (31 mart 2022ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamə). Bundan başqa iddiaçıya 2021-ci ilin dekabr ayında quraşdırılmış sayğacın mexaniki və elektron göstəriciləri arasında fərq olduğuna görə 2021-ci ilin dekabr ayı üzrə əlavə 794,40 manat məbləğində də borc hesablanmışdır. Lakin abonent saldosunda həmin fərq öz əksini tapmamış, 2021-ci ilin dekabr ayı üzrə sərfiyyat sayğacın mexaniki göstəricilərinə əsasən 0 m3 hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən isthelakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmiş, bununla yamaşı ziyanın hesablanması “Təbii qazdan istitifadə qaydaları” ilə müəyyən edilmiş normalarına uyğun aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş akt əsasında 1626,7 manat manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 1626,7 manat manat məbləğində borc silinməlidir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, iddiaçıya 2021-ci ilin dekabr ayı üzrə 794,4 manat məbləğində borc da qanunsuz hesablanmışıdr. Belə ki, cavabdeh tərəf həmin borcun iddiaçının ünvanında quraşdırılmış sayğacın mexaniki və elektron göstəriciləri arasında yaranmış fərqə görə hesablansa da, məhkəmə araşdırması zamanı iddiaçının evində mexaniki sayğacın quraşdırıldığı, abonent saldosunda sayğacın təkcə mexaniki göstəricilərinin qeyd edildiyi və həmin ay üzrə cəmi 0 m3 qazın sərf edildiyi müəyyən edilmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, qaz sayğacının göstəricilərinə uyğun hesablanmayan 794,4 manat məbləğində borc əsassızdır və silinməlidir. Məhkəmə iddiaya qalan 547,76 manat məbləğində borcun silinməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, qeyd edilən məbləğ iddiaçı tərəfindən istehlak edilmiş qazın dəyəri üzrə borc məbləği olduğuna görə, iddia bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 44,21 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia təmin edilsin. B Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evi üzrə abonent İddiaçı (abonent kodu: **********10020) hesablanmış 2421,10 (iki min dörd yüz iyirmi bir manat on qəpik) manat məbləğində borc silinsin. 44,21 (qırx dörd manat iyirmi bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar