Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-470/2022 07.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 1360,80 manat borcun, Cavabdeh tərəfindən silinməsi və smart karta ödədiyi puldan borc kimi tutulmuş 190,50 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 07.01.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanına cavabdeh tərəfindən hesablanmış 1133,60 manat borcun silinməsi və 227,20 manat ödədiyi məbləğin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ona məxsusdur, təxminən 2018-ci ilin mart ayında həmin yaşayış sahəsinə quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən sökülmüş və əvəzində yeni sayğac quraşdırılmışdır, qaz sayğacı neçə illər ərzində çöldə, açıq havada olduğundan üzərində plomb çürümüşdür, lakin həmin sayğaca və ya plombuna o və ya ailə üzvləri tərəfindən heç bir müdaxilə edilməmişdir, eyni zamanda evdən kənarda quraşdırılmış qaz sayğacına görə heç bir məsuliyyət daşımır, cavabdeh tərəfindən köhnə qaz sayğacı aparıldıqdan sonra ona məlumat verilmişdir ki, ziyan kimi pul ödəməlidir, bir neçə ay sonra isə həmçinin cərimə də ödəməli olduğunu bildirmişlər, bir neçə ay ərzində smart karta ödədiyi pullardan borca tutulmalar olmuşdur, hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır, bu səbəbdən silinməli, tutulmuş pul isə geri qaytarılmalıdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca 29.03.2018-ci il və 31.10.2018-ci il tarixlərində baxış keçirilərkən qüsur aşkarlanmış və müvafiq aktlar tərtib olunmuş, tərtib olunmuş aktlarda sayğaca müdaxilə olunması, plombun olmaması və plombun deşilməsi nöqsanları qeyd olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı İddiaçı abonent koduna hesablanmış və həmin məbləğ də ondan tələb edilir. Sonda R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 02.10.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı iTRON G-4 markalı 1002AQ**********0 saylı qaz sayğacı yeni İtron G4 tipli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.10.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Azəriqaz İB-nin 29/1710- 01858/1-36 nömrəli rəyinə əsasən 1002AQ**********0 zavod nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 31.10.2018-ci il tarixli qərarının surətindən görünür ki, 31.10.2018-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə **********00000 abonen koduna 9720 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.03.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, 1002AQ**********0 zavod nömrəli sayğacın plombunun olmadığı nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30.03.2018-ci il tarixli qərarının surətindən görünür ki, 30.03.2018-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə **********00000 abonen koduna 1944 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, 2018 ci il üçün **********00000 abonent kodu üzrə 1360,80 manat borc yazılmışdır. İş materiallarında olan 27.10.2021-ci il tarixli GASREP sənədindən görünür ki, iddiaçının **********00000 saylı abonent hesabına borca görə tutulma 227,20 manat təşkil edir. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 2018-ci ildə yenisi ilə əvəzləşdirilmişdir, çıxarılmış qaz sayğacları yoxlanılarkən qüsur aşkar olunmuş, bu əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmiş və itirilmiş qazın bərpası üzrə 1360,80 manat borc iddiaçının abonent hesabına yazılmışdır, həmin məbləğdən 227,20 manat cavabdeh tərəfindən tutulmuş, qalıq borc 1133,60 manat təşkil edir və həmin məbləğ iddiaçıdan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1133,60 manat məbləğində borc silinməli, iddiaçıdan borca görə tutulmuş 227,20 manat geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatdan artıq (1360,80) olduğundan, cavabdehdən dövlət mədaxilinə 33,60 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1133 (min yüz otuz üç) manat 60 (altmış) qəpik borc silinsin, İddiaçı **********00000 saylı abonent kodu üzrə tutulmuş 227 (iki yüz iyirmi yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul ona geri qaytarılsın. Cavabdehndən 33 (otuz üç) manat 60 (altmış) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-470/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-470/2022
07.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver