Məhkəmə qərarları › İş №2(011)-4722/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4722/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4722/2021 21.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı “xxxx” MMC Cavabdeh qarşı 07.10.2019-cu il tarixli müqaviləyə əsasən Acer markalı noutbuk üçün 846 manat ödənilməmiş hissə, 253 manat dəbbə pulu, 11.11.2019cu il tarixli müqaviləyə əsasən Acer markalı noutbuk üçün 1246 manat ödənilməmiş hissə, 347 manat dəbbə pulu, ümumilikdə 2692 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 07.10.2019-cu il və 11.11.2019-cu il tarixli müqavilələrə əsasən Acer markalı noutbuk, Acer markalı noutbuk almış və nəticədə 2692 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1170 manat olan Acer markalı noutbuk üçün ümumilikdə 1099 manat olmaqla, ondan 846 manat ödənilməmiş hissə, 253 manat dəbbə pulu, 11.11.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1602 manat olan Acer markalı noutbuk üçün ümumilikdə 1593 manat olmaqla ondan 1246 manat ödənilməmiş hissə, 347 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 680 manat təşkil edir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 07.10.2019-cu il tarixli, 00964111 saylı müqaviləyə əsasən “xxxx” MMC “Acer” modelli noutbuk satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 65 manat məbləğində olmaqla, ilkin ödəniş etmədən, cəmi 1170 manat ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 11.11.2019-cu il tarixli, 01044716 saylı müqaviləyə əsasən “xxxx” MMC “Acer” modelli noutbuk satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 18 ay müddətində hər ay 89 manat məbləğində olmaqla, ilkin ödəniş etmədən, cəmi 1602 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İşin materiallarında olan 29.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 07.10.2019-cu il tarixli müqavilə üzrə 846 manat əsas, 253 manat cərimə, cəmi 1099 manat; 11.11.2019-cu il tarixli müqavilə üzrə 1246 manat əsas, 347 manat cərimə, cəmi 1593 manat, ümumilikdə 2692 manat məbləğində borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə qismən əsaslıdır Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığıdan 07.10.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulunun 253 manat məbləğində deyil, 84.6 manat məbləğində, 11.11.2019-cu il tarixli müqavilə üzrə dəbbə pulunun 347 manat deyil, 124.6 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 07.10.2019-cu il tarixli, 00964111 saylı müqavilə üzrə əsas borca görə 846 (səkkiz yüz qırx altı) manat, cərimə borcuna görə 84,6 (səksən dörd manat, altmış qəpik) manat, cəmi 930,6 (doqquz yüz otuz manat, altmış qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddiaçı “xxxx” MMC ilə Cavabdeh arasında bağlanılmış 11.11.2019-cu il tarixli, 01044716 saylı müqavilə üzrə əsas borca görə 1246 (bir min iki yüz qırx altı) manat, cərimə borcuna görə 124,6 (yüz iyirmi dörd manat, altmış qəpik) manat, cəmi 1370,60 (bir min üç yüz yetmiş manat, altmış qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar