Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-474/2022 03.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qıının katibliyi, Ərizəçinin nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin maraqlı şəxs Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maraqlı şəxs1nə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maraqlı şəxs2nə qarşı nəqliyyat vasitəsinin sahibsiz hesab edilməsi və onun dövlət mülkiyyətinə verilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən işğaldan azad olunmuş torpaqlardan hərbi qənimət kimi əldə edildiyi və mülkiyyətçisinin olmadığı müəyyən edilmiş, 10.09.2021-ci il tarixli və 05.10.2021-ci il tarixli təhvil-təslim aktları ilə Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təhvil verilmiş “Ural” markalı, “Honda CR-V” markalı və “Niva" markalı nəqliyyat vasitələrinin sahibsiz hesab edilməsi və onların dövlət mülkiyyətinə verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, 08.01.2021-ci il tarixində tərtib olunmuş akt əsasında işğaldan azad olunmuş ərazilərdən hərbi qənimət kimi əldə edilmiş buraxılış ili və müəhərrikin həcmi bəlli olmayan, tünd göy rəngli, JHLRD68516C023408 ban nömrəli və nasaz vəziyyətdə olan “Honda CR-V” markalı, buraxılış ili və müəhərrikin həcmi bəlli olmayan, qırmızı rəngli, XTA212100J0623789 ban nömrəli “VAZ-2121” markalı avtomobillər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maraqlı şəxs2 tərəfindən Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə, 22.09.2021-ci il tarixdə isə sözügedən avtomobillər sonuncu tərəfindən ƏMDX Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təhvil verilmiş və bu barədə nəqliyyat vasitəsinin təhvil-təslim aktları tərtib olunmuşdur. Həmçinin, 08.09.2021-ci il tarixində tərtib olunmuş akt əsasında işğaldan azad olunmuş ərazilərdən hərbi qənimət kimi əldə edilmiş modeli, buraxılış ili, müəhərrikin həcmi və ban nömrəsi bəlli omayan 299429 889689 kabinə nömrəli “Ural” markalı avtomobil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maraqlı şəxs1 tərəfindən Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə, 05.10.2021-ci il tarixdə isə sözügedən avtomobil sonuncu tərəfindən ƏMDX Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təhvil verilmiş və bu barədə nəqliyyat vasitəsinin təhvil-təslim aktı tərtib olunmuşdur. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" qanunvericiliyin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maraqlı şəxs2 və Maraqlı şəxs1 tərəfindən işğaldan azad olunmuş torpaqlardan hərbi qənimət kimi əldə edilmiş “Ural”, “Honda" və “Niva" markalı nəqliyyat vasitələri saxlanılmışdır. Qeyd edilən nəqliyyat vasitələrinin mülkiyyətçisi olmadığından, onların üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə həmin avtomobillər 10.09.2021-ci il tarixli və 05.10.2021-ci il tarixli “Nəqliyyat vasitələrinin təhvil-təslimi barədə Akt" əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təhvil verilmişdir. Nəqliyyat vasitələri hazırda Hərracların Təşkili üzrə Auksion Mərkəzinin faktiki sahibliyindədir. Ərizəçinin nümayəndəsi məhkəmə baxışı zamanı ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maraqlı şəxs1nə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyərək, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülk Məcəllənin 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Qeyd edilən müddəlardan da göründüyü kimi, daşınar əşyanın sahibsiz hesab edilməsi üçün əsaslar onun mülkiyyətçisinin olmaması (məlum olmaması), yaxud mülkiyyətçi məlum olsa da, onun daşınar əşyaya dair öz sahibliyinə xitam vermək məqsədilə imtina etməsi ilə şərtləndirilmişdir. Mülki işin yuxarıda qeyd edilən fakitiki hallarından da göründüyü kimi, “Niva”, “Honda" markalı avtomobillər Maraqlı şəxs2 əmədaşları tərəfindən Beyləqan rayonun Milabad kənd sakini X2 yaşadığı evin, “Ural” markalı avtomobil isə Maraqlı şəxs1 əmədaşları tərəfindən Qəbələ rayonun Tikanlı kənd sakini X5 yaşadığı evin həyətindən götürülərək ərazi üzrə Vergilər İdarəsinə, sonuncular tərəfindən isə Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təhvil verilmişdir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, Beyləqan rayonun Milabad kənd sakini X1 rayon Polis Şöbəsinin rəisinə verdiyi izahatında bildirmişdir ki, 2-ci Vətən Müharibəsi zamanı adını bilmədiyi bir hərbiçi “Niva” və “Honda" markalı avtomobilləri onun evinin həyətində qalmasını istəmiş və sonradan aparacağını bildirsə də, gəlməmişdir. Həmçinin, Qəbələ rayonun Tikanlı kənd sakini X8 27.02.2021-ci il tarixli izahatında bildirmişdir ki, həmkəndlisi və əmisi oğlu X3 vasitəsi ilə işğaldan azad olunmuş Xocavənd rayonunda yerləşən "xxxx" ASC-də işləyən zaman həmin rayonun Tuğ kəndində meşə ərazisində aşkar etdiyi sökülü vəziyyətdə ola “Ural” markalı yük avtomobilini təmir edərək 09.02.2021-ci il tarixində həmin avtomobilin üzərinə Qəbələ rayonu, Bum qəsəbə sakini X9 məxsus avtomobilin **-BJ-*** nömrəli dövlət qeydiyyat nişanını bağlayaraq Fizulu rayonun gətirmiş, oradan da evakuator vasitəsilə Qəbələ rayonu Tikanlı kəndinə gətirmişdir. İşin şərh edilən və məhkəmə tərəfindən araşdırılan hallarından da, göründüyü kimi hər üç avtomobilin mülkiyyətçisi məlum deyil. Ona görə də, ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 323.1-ci maddəsinə əsasən Daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Həmin Məcəllənin 326.3-cü maddəsiə əsasən məhkəmə daşınmaz əşyanın mülkiyyətçisinin olmadığını, yaxud əşyanın mülkiyyətçisi tərəfindən onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan qoyulduğunu və müəyyən edilmiş qaydada uçota alındığını müəyyən edərsə, daşınmaz əşyanın sahibsiz hesab edilməsi və onun üzərində dövlət mülkiyyəti hüququnun tanınması barədə qətnamə çıxarır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Honda CR-V” markalı JHLRD68516C023408 ban nömrəli, “VAZ-2121” markalı XTA212100J0623789 ban nömrəli və “Ural” markalı nəqliyyat vasitələrinin mülkiyyətçisi yoxdur, həmin avtomobillər müvafiq hüquq mühafizə orqanları tərəfindən aşkar edilməklə onun üzərində qanunvericiliyə uyğun olaraq dövlətin mülkiyyət hüququnun tanınması və ondan səmərəli istifadə edilməsi məqsədilə 22.09.2021-ci il tarixli və 05.10.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin təhvil-təslimi barədə Aktlar" əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təhvil verilmişdir. Yuxarıda göstərilən hallar əmlakların sahibsiz hesab edilməsi üçün əsadır. Yuxarıda göstərilən hallar əmlakın sahibsiz hesab edilməsi üçün əsaslar vardır. Şərh edilənlərdən əlavə məhkəmə ərizəçinin hazırki tələbi irəli sürmək üçün subyektiv hüququnun olmasına da qiymət verilməsini zəruri hesab edir. Belə ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqları yaradılması qərara alınmışdır. Fərmanın 4.3-cü bəndinə əsasən müvəqqəti komendantlıqlarının tərkibində İqtisadiyyat Nazirliyinin əməkdaşının da daxil olduğu göstərilmişdir. Fərmanın 6.4-cü bəndinə əsasən kənd təsərrüfatı texnikası istisna olmaqla, digər mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırıması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilir. İşin yuxarıda şərh edilən hallarından da məlum olur ki, sahibsiz nəqliyyat vasitələri daxili işlər orqanları tərəfindən aşkar edildikdən sonra ərzazi üzrə 8 saylı və 10 saylı Ərazi Vergilər İdarəsinə təhvil verilmiş, həmin orqan tərfindən isə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təhvil verilmişdir. Beləliklə, şərh edilənlərdən də göründüyü kimi, Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində yaradılmış müvəqqəti komendantlıqların nəzdində Azərbaycan İqtisadiyyat Nazirliyinin əməkdaşları da olduğundan, habelə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanının 6.4-cü bəndinə müvafiq olaraq mülki təyinatlı texnikanın, nəqliyyat vasitələrinin inventarlaşdırıması, saxlanılması və mühafizəsi vəzifəsinin yerinə yetirilməsinin təşkil edilməsi ərazi üzrə fəaliyyət göstərən müvəqqəti komendantlıqlar tərəfindən həyata keçirilməli olduğundan ərizəçinin hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmuşdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 22.09.2021-ci il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X14 Auksion Mərkəzinə təhvil verilmiş «Honda» markalı JHLRD68516C023408 ban nömrəli, “VAZ-2121” markalı XTA212100J0623789 ban nömrəli və 05.10.2021-ci il tarixli təhvil-təslim aktı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X14 Auksion Mərkəzinə təhvil verilmiş 299429 889689 kabinə nömrəli “Ural” markalı nəqliyyat vasitələri sahibsiz hesab edilsin. JHLRD68516C023408 ban nömrəli «Honda CR-V» markalı, XTA212100J0623789 ban nömrəli “VAZ-2121” markalı və 299429 889689 kabinə nömrəli “Ural” markalı nəqliyyat vasitələri üzərində dövlət mülkiyyəti hüququ tanınmaqla dövlət mülkiyyətinə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-474/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-474/2022
03.02.2022 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver