Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-482/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsinə dair” iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********01403) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1969 manat 92 qəpik məbləğində olmaqla borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayı evində ailəsi ilə yaşayır, həmin sayğac onun adına rəsmiləşdirilmişdir, 30 iyun 2022-ci ildə cavabdehin əməkdaşları tərəfindən üvana iddiaçının məlumatı olmadan baxış keçirilmiş, güya onun təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur, bu məqsədlə ona 1969,92 manat məbləğində əsassız borc yazılmışdır, həmin akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir, akta əlavə edilmiş fotoşəkillər isə iddiaçının ünvanına aid deyil, həmçinin iş materiallarında olan rəydə cihazların 24 saat fasiləsiz işləməsi qeyd olunmuşdur, amma bu mümkün deyil, cihazın 180 gün ərzində fasiləsiz müddətdə işləməsi heç də ağlabatan deyildir, bu istehsalçı tərəfindən verilmiş təlimatda da qadağan edilir, borc hesablanarkən dövr 180 gün götürülmüşdür, halbuki həmin 180 günün 60 günü aprel, may, iyun aylarına təsadüf edir, sayğac qoyulanadək iddiaçı bir müddət sayğacsız təbii qazdan istifadə etmiş olsa belə, təbii qazdan aktda göstərilən formada və həddə istifadə etmək üçün hər hansı bir zərurət olmamışdır, PQ-4 qaz peçinə görə isə iddiaçıya bir gün üçün 3,45 manat həddində borc yazılıb, lakin bu cihazın aylıq sərfiyyatının təxmini 5 manat olması heç kimə sirr deyildir, həmçinin sərfiyyatın göstərildiyi kimi olmasına dair heç bir sübut yoxdur, halbuki bunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, cavabdeh tərəfindən iddiaçıdan tələb olunan borcun heç bir hüquqi əsası yoxdur. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev izahat verərək bildirdi ki, iddiaçı cavabdeh təşkilata ziyan vurmuşdur, bununla bağlı əməkdaşlar tərəfindən akt tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, iddiaçı kənar xətt vasitəsilə qazdan istifadə etdiyinə görə, ona borc yazılmış və iddiaçının abonent koduna əlavə edilmişdir, sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan istifadə nəticəsində hesabat aparılmışdır, sadalananlar və əldə olan əsaslı sənədlər iddiaçının uzun müddət təbii qazı taladığını təsdiq edir. Sonda cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin, habelə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Zabrat qəsəbəsində yerləşən fərdi ev üzrə G4 markalı **********7 saylı sayğacla əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Zabrat qəsəbəsində yerləşən fərdi ev üzrə Zenner tipli G4 markalı **********7 saylı sayğac yeni Zenner tipli G4 markalı **********278 saylı sayğacla əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğac quraşdırılmazdan əvvəl abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 16416 m3 (2x24x180=5184 m3; 6x24x180=11232 m3) qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur, təbii qaz işlədiciləri PQ4 və kombidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xx/xx-0350343 saylı Aktın surətindən görünür ki, İddiaçı Zabrat qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli “Abonent saldosu”ndan görünür ki, İddiaçı **********01403 nömrəli abonent hesabına “Qalıq və aktlar” əsasında 06/2022-ci il tarixə 1969,92 manat borc yazılmışdır, Zenner G4T smart markalı qaz sayğac xx.xx.2022ci il tarixdə quraşdırılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaclar xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə yenisi ilə əvəz edilmişdir, cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və “sayğac quraşdırılmazdan əvvəl abonentin təbii qazdan qeyri-qanuni istifadə edilməsi” barədə nöqsan qeyd olunmuşdur, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmiş və həmin akt əsasında iddiaçının **********01403 saylı abonent hesabına orta günlük iş rejimi 24 saat, hesabat müddəti 180 gün qəbul edilməklə 06/2022-ci il tarixə 1696,92 manat borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir, iddiaçı sayğac quraşdırılan xx.xx.2022-ci il tarixə qədər təbii qazdan sayğacsız istifadə etmişdir, istifadə müddəti 2 ay, orta günlük iş rejimi 12 saat, təbii qaz işlədiciləri isə PQ-4 və kombidir. Məhkəmə, cavabdehin aktda qaz işlədicilərinin 180 gün ərzində hər gün 24 saat orta günlük iş rejimi barədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin müddətlər ağlabatan deyildir, belə uzun müddət üçün hesabatın aparılması isə, borcun yazıldığı müddətin əhatə olunduğu ilin mövsümü də nəzərə alınmaqla, daha mötəbər sübutlara istinad olunmasını (məsələ, iddiaçıya məxsus ünvana baxış keçirilməklə təbii qazdan qanunsuz istifadəyə görə mütəmadi və ya hər ay bu barədə akt tərtib olunmasını və s.) tələb edir. Bununla belə, hesabatın həmin hədlərdə aparılmasına əsas verən sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, itirilmiş təbii qaz sərfiyyatına münasibətdə qeyd edir ki, sayğacsız dövr ərzində təbii qazdan istifadəyə görə hesablaşma, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də göstərilən düsturuna uyğun olaraq, lakin hesabat müddəti 60 gün, orta günlük iş rejimi 12 saat götürülməklə aparılmalıdır (1.2x12 saat x 60 gün=864 m3; 2.6x 12 saat x 60 gün=1872 m3; 864+1872=2736 m3 ; 2736 m3 x 0,12 manat = 328,32 manat). Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyri-qanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı 328,32 manat həddində müəyyən edilməli və iddiaçının abonent hesabına yazılmış 1969,92 manat borcdan 1641,6 (1969,92-328,32=1641,6) manat silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.2-ci bəndinə əsasən, istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********01403) yazılmış 1641,60 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və hazırki iddia qismən təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, təmin edilmiş iddianın qiyməti 1000 manatdan çox (1641,6 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 36,41 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********01403 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 1641 (min altı yüz qırx bir) manat 60 (altmış) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 36 (otuz altı) manat 41 (qırx bir) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-482/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-482/2023
25.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver