Məhkəmə qərarları › İş №2(011)-4821/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4821/2024

31.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4821/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın məyyən edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Suraxanı rayonu Hövsan Bağ massivində yerləşən 90/897 saylı 0.05 ha torpaq sahəsi üzrə AR Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park- X4 Departamenti X2 və İstismarı Birliyinin 31882 saylı müqaviləsində ata adının “Əlifağa” olduğu halda səhvən “Əlifağa Cəfər” kimi qeyd edilən sənədin ərizəçiyə məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəh., Xətai ray., K. Kərimov küç., ev-34A.,m-51 də yaşayır. Bakı Şəhəri Suraxanı rayonu Hövsan Bağ massivində yerləşən 90/897 saylı 0.05 ha torpaq sahəsi ərizəçiyə məxsusdur. Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərkən xahiş etmişdir ki, xx.xx.2003-cü ildən istifadəsində olan və ərizəçiyə məxsus Bakı Şəhəri Suraxanı rayonu Hövsan Bağ massivində yerləşən 90/897 saylı 0.05 ha torpaq sahəsi ərizəçinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və çıxarışın verilməsini xahiş etmiş, lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ərizəçiyə imtina edilərək bildirilmişdir ki, istifadənizdə olan torpağın X2 və İstismarı Birliyininin 31882 saylı müqaviləsində ata adınız “Əlifağa” olduğu halda, səhfən “Əlifağa Cəfər” kimi göstərilmişdir. Yəni ata adı səhv qeyd olunub. Ad, soyad və ata adlarının yazılışında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bu səbəbdən də, ərizəçi sənədləşdirməni tam başa çatdıra bilmir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarında olan, Maraqlı şəxs1 Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən verilən 31882 saylı, xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, birlik tərəfindən Suraxanı rayonu, Hövsan ərazisində 0,05 hektar torpaq sahəsi olan 90/897 №-li bağı müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla, 17 kv.metr olan 2 yaşayış otağı xx.xx.2003-cü il tarixli, 09 saylı protokol əsasında istifadəçi Axundova X5 verilmişdir. İş materiallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, təqdim edilmiş “31882” saylı, xx.xx.2003-cü il tarixli bağın istifadəyə verilməsi haqqında müqavilə ilə şəxsiyyəti təsdiq edən sənəd arasında hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur, belə ki, müqavilədə ata adı “ Əlifağa Cəfər” kimi, şəxsiyyəti təsdiq edən sənəddə isə “Əlifağa” kimi qeyd olunmuşdur, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan, nikah haqqında arayışın surətindən görünür ki, X7 və X3 xx.xx.1986-cı il tarixdə Bakı şəhər Nəsimi Rayon Qeydiyyat Şöbəsində nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra ərə Axundov, arvada Axundova soyadı verilmişdir. İş materiallarında olan, ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan, 14221208 saylı, xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən, 100 manat məbləğində dövlət rüsumu tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları da müəyyən edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də təmin edilməlidir. Beləliklə işin materialları ilə müəyyən edilmişdir ki, Ərizəçi Suraxanı rayonu, Hövsan ərazisində 0,05 hektar torpaq sahəsi olan 90/897 №-li bağ sahəsi istifadəyə verilmişdir. Ərizəçinin bağ sahəsinə hüququnu müəyyən edən Maraqlı şəxs1 Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən Hövsan ərazisindəki 90/897 nömrəli bağın istifadəyə verilməsi haqqında 31882 saylı, xx.xx.2003-cü il tarixli müqavilədə səhvə yol verilərək, ata adı “Əlifağa Cəfər” kimi göstərildiyindən, o həmin bağ sahəsini özəlləşdirə bilmir. Məhkəmə hesab edir ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır və həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən ərizə təmin edilərək, Maraqlı şəxs1 Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən Hövsan ərazisindəki 90/897 nömrəli bağın istifadəyə verilməsi haqqında 31882 saylı, xx.xx.2003-cü il tarixli müqavilənin Ərizəçi məxsus olmasına dair hüquqi fakt müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Maraqlı şəxs1 Başçısı aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən Hövsan ərazisindəki 90/897 nömrəli bağın istifadəyə verilməsi haqqında 31882 saylı, xx.xx.2003-cü il tarixli müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. . Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar