Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-483/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən fərdi yaşayış evində öz ailəsi ilə birlikdə əsasən ilin isti vaxtlarında yaayır. O, vaxtı-vaxtında həmin ünvanlara aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Bu ünvanda quraşdırılmış qaz sayğacı adına rəsmiləşdirilmişdir. Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan guya 28 fevral 2022-ci il tarixində həmin ünvana baxış keçirmiş, guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdikləri aşkar etmişdirlər. Buna görə də akt tərtib edərək ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədilə 1347.84 manat məbləğində əsassız borc yazmışdırlar. Ona məxsus yuxarıda qeyd olunan təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız akt tərtib etmiş, bu akt əsasında əsassız borc yazmışdırlar. Sözügedən akt onun iştirakı olmadan tərtib edilmiş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkillər ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş 30 iyun 2022-ci il tarixli rəydə ona məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə guya ona məxsus ünvanda “PQ-4” tipli qaz peçinin, “QSQ”-nin və “dəmir soba” nın olması qeyd olunmuşdur. “PQ-4” tipli qaz peçinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 24 saat, “QSQ”-nin saatlıq qaz sərfiyyatı 2,6 kub metr olmaqla orta günlük iş rejimi 24 saat, “dəmir soba” nın saatlıq qaz sərfiyyatı 1,4 kub metr, orta günlük iş rejimi 24 saat olmaqla hesabat 90 gün üçün aparılmışdır. İddiaçı sözügedən ünvanda əsasən bağ mövsümü ərəfəsində yaşadığı üçün “QSQ”-nin və “dəmir soba” nın sözügedən ünvanda quraşdırılması üçün zərurət olmamışdır. Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi, aktlarda qeyd olunmayan su qızdırıcı cihaz (pitiminutka) mövcuddur. Lakin buna baxmayaraq Komissiya mövcud olmayan cihazlara görə sərfiyyat hesablamış və ona məxsus ünvana baxış keçirmədən aktlar tərtib etmiş, aktlarda isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarını aşkara çıxarmaq deyil, vətəndaşlara əsassız borc yükləməkdən ibarət olmuşdur. Aktda göstərilən istilik sistemi mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə ondan hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz. İddiaçı Komissiya tərəfindən aparılmış hesablama ilə razı deyildir. Belə ki, komissiya tərəfindən verilmiş rəylərin hamısında məişət qaz cihazlarının saatlıq qaz sərfiyyatıq qeyd edilmişdir. Həmin cihazların saatlıq qaz sərfiyyatının reallıqda aktlarda göstərildiyi kimi olmasına dair iş materiallarında hər hansı bir sübut yoxdur. Ona görə də Cavabdeh İB-nin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəylərdə göstərikən qaz sərfiyyatı, bu sərfiyyat əsasında hesablanmış borc məbləğləri iddiaçı razı deyildir. Belə ki, Birliyin əməkdaşları yalnız PQ-4 tipli qaz peçinə görə ona bir gün üçün 3.45 manat ekvivalentində qaz sərfiyyatı hesablamışdır. Halbu ki, PQ-4 tipli qaz cihazının aylıq qaz səfiyyatının 5 manat civarında olması heç kimə sir deyildir. Bundan başqa Birliyin əməkdaşlarından ibarət komissiyanın rəyində qeyd olunan cihazların 24 saat fasiləsiz işləməsi qeyd olunmuşdur. Hər hansı bir qaz cihazının 90 gün müddətində fasiləsiz işləməsi mümkün deyildir. Bu həmin cihazlarla bağlı istehsalçı tərəfindən verilmiş təlimatda da qadağan edilir. İddiaçı göstərilənləri nəzərə alaraq, ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00032) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1347, 84 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2022-ci il üçün 1347.84 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən məlum olur ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/548 saylı, 16 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmişdir. Sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin (möhürün) sıxılması nəticəsində əks olunmuş plomb vardır və onun tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 282.2-ci maddəyə görə təbii qazdan, elektrik və ya istilik enerjisindən istifadə qaydalarının pozulmasına görə - fiziki şəxslər otuz manatdan qırx manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan doxsan manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, ******* nömrəli aktın surətində “sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçının yaşadığı mənzilə dair hesablanmış 1347.84 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 33/548 saylı, 16 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının üzərində gözlə görünən sınma, qırılma və aralama izləri müşahidə edilməmişdir. Sayğacın yuxarı hissəsində olan metal bərkidicinin üzərində olan qəlibin (möhürün) sıxılması nəticəsində əks olunmuş plomb vardır və onun tamlığı pozulmamışdır. Təqdim edilən qaz sayğacının üzərində olan plombun üzərində zədə olmadığından sayğaca müdaxilə edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, iddiaçının yaşadığı evə dair hesablanmış 1347.84 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədə Qorqud yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00032) dair əsassız hesablanmış 1347.84 manat borc məbləğini silmək vəzifəsi Cavabdeh İB-yə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-483/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-483/2023
09.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver