Məhkəmə qərarları › İş №2(011)-4840/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4840/2023

01.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4840/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdehn nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent hesab nömrəsi: **********00040) hesablanmış 2.592 manat məbləğində borcun silinməsi barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin abonent hesabına 04/2023-cü il tarixində Cavabdeh İB heç bir normativ hüquqi akta əsaslanmadan 2.592 manat məbləğində borc yazmışdır. Borcun yaranma əsası ilə bağlı iddiaçı tərəfindən maraqlandıqda ona bildirilmişdir ki, Cavabdeh İB işçiləri ona məxsus fərdi yaşayış evinin qaz sayğacını çıxardıb dövlət yoxlamasına göndərmişlər və dövlət yoxlamasına göndərilmiş qaz sayğacında da müəyyən olunmuş texniki qüsurlara görə (İTRİ rəyinə əsasən) abonent hesabına 2.592 manat məbləğində borc yazılmışdır. Lakin, Cavabdeh İB tərəfindən borcun yaranma əsasını təsdiq edən sənədlər (akt, laboratoriya rəyi, tələbnamə və s.) ona təqdim edilməmiş, həmin sənədlərin avtomatlaşdırılmış qaz informasiya sisteminə hələ yerləşdirilmədiyi bildirilmişdir. O, təbii qazdan hər zaman istifadəsində olan qaz sayğacı üzrə istifadə etmişdir, ödənişlərini də vaxtı-vaxtında etmişdir. O qaz sayğacına müdaxilə etməmişdir. Qaz sayğacının texniki vəziyyətində nasazlıq və s. qüsurlar aşkar edilmişdirsə, eləcə də qaz sayğacı istismara yararsız hala düşmüşdürsə bu onun təqsiri ucbatından baş verməmişdir. Qaz sayğacına müdaxilə etmişdirsə, texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə və ya sayğac istismara yararsız hala düşmüşdürsə bu hal küçədən keçən istənilən şəxs tərəfindən, onunla qərəzliyi və düşmənçiliyi olan şəxslər tərəfindən, o cümlədən də, qaz sayğacına özünə məxsus laboratoriyada birtərəfli qaydada baxış keçirən zaman Cavabdeh İB-nın öz işçiləri tərəfindən də qəsidli şəkildə törədilmiş ola bilər. Qaz sayğacında yaranmış texniki nasazlığa və digər qüsurlara görə istehlakçı qismində ona əlavə sərfıyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyündən, belə olan halda abonent hesabına yazılmış 2.592 manat məbləğində borcun qanuni əsasını göstərmək öhdəliyi də Cavabdeh İB-nin üzərinə düşür. Azərbaycan Respublikasında təbii qazın istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyət “Qaz təchizatı haqqında” Qanun və “Qazdan istifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edilən Qanun və Qaydalarda istehlakçının təqsiri olmadan və ya təqsiri olmaqla qaz sayğacında yaranmış texniki qüsurlarla əlaqədar istehlakçıya əlavə sərfiyyat hesablanması və bu hesablamanın mexanizmi nəzərdə tutulmamışdır. İddiaçı ona məxsus ünvanın abonent hesabına yazılmış 2.592 manat məbləğində borcun qanunsuz və əsassız şəkildə hesablanıb yazıldığını hesab edir. Bu səbəbdən də, hesab edir ki, həmin borc məbləği abonent hesabından silinməlidir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, 14-2-2/3-5- 4561/Q002 nömrəli rəyə əsasən 28026412 zavod nömrəli sayğacın hesablama mexanizminin qapağın yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 21.600 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İddiaçı məxsus **********00040 saylı abonentin saldosundan görünür ki, abonentin 2023-cü ilin aprel ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 2.592 manat borcu mövcud olmuşdur. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2.592 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1036,80 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın istismara yararsız olmasının iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair sübutlar olmadığından və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablamalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2.592 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,92 (qırx beş manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00040) üzrə İddiaçı 2023-cü ilin aprel ayı üçün hesablanmış 2.592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc silinsin. 45,92 (qırx beş manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar