Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-485/2022 14.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ İş № 2(011)-485/2022 Azərbaycan Respublikası adından Q Ə T N A M Ə Bakı şəhəri Xətai Rayon Məhkəməsi 14 mart 2022-ci il Bakı şəhəri Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı müqavilənin etibarsızlığı tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ünvan 1 ünvanında yerləşən 518 nömrəli mənzilə dair Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 122 saylı MKİS ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə Xətai rayonu, General Şıxliniski küçəsi, ev 42 ünvanında yerləşən 518 nömrəli mənzilə dair (bundan sonra – Mənzil) iddiaçıya 03.02.1988-ci il tarixdə 38 nömrəli order verilmişdir. Eyni zamanda, cavabdeh Qardaşxan Qəhrəmanova Bakı şəhəri, Xətai rayonu, General Şıxliniski küçəsi, 42 saylı evin 520-518 saylı otaqlarına dair 02.08.1990-cı il tarixdə 18 nömrəli order verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.12.2019-cu il tarixli, 482 nömrəli Qərarı ilə Bakı şəhərinin bir neçə rayonu ilə bərabər Xətai RİH-nin üzərinə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfidən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunverciliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və əvəzləşdirilməsinə şəraitin yaradılması, habelə qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkəti tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürüləcək sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımı maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsi və s. vəzifəsi qoyulmuşdur. 28.12.2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, General Şıxliniski küçəsi, 42 saylı evin 520-518 saylı otaqlarına dair Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 122 saylı MKİS ilə Cavabdeh1 arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Həmçinin, 27.01.2021-ci il tarixdə cavabdehlər və podratçı "xxxx" MMC arasında kooperativ binada mənzil tikintisi haqqında 95 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən "xxxx" MMC tərəfindən sifarişçi Bakı şəhəri Xətai RİH-nin sifarişi əsasında qəzalı vəziyyətdə hesab edilmiş ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sökülərək həmin binanın yerində sakinlərə ayrılmış vəsait hesabına yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi, qəzalı yaşayış binasının sökülməsi və yerində yeni çoxmənzilli yaşayış binasının inşa edilməsi üçün ayrılmış dövlət vəsaitindən 30500 manat kompensasiyanın Cavabdeh1 bank hesabına köçürülməsi və kompensasiya vəsaitindən 30000 manat pulun "xxxx" MMC-yə ödənilməsindən sonra yeni inşa ediləcək binada 2-ci bina, 10-cu mərtəbə, 2 otaqlı, 65,16 kv.m., 77 saylı təmirsiz mənzilin Cavabdeh1 təqdim edilməsi müəyyən edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişlər ki, ona məxsus Mənzil qanunsuz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 122 saylı Mənzil Kommunal istismar sahəsi ilə bağlanmış 28.12.2020-ci il tarixli kirayə müqaviləsi əsasında Cavabdeh1 verilmişdir. Bina 2018-ci ildən qəzalı elan olunub və sökülməsi ilə bağlı Nazirlər Kabineti Qərar verib. Qəzalı olan və 2021-ci ilin fevralın əvvəlində sökülən binanın mənzili hansı əsasla sökülmədən 1 ay 10 gün öncə Cavabdeh1 müqavilə əsasında verilmişdir. O, Cavabdeh1 məxsus otağa, guya zavod tərəfindən verilmiş order barədə məlumatı isə ilk dəfə 2021-ci ilin əvvəlində binanı sökməyə gələn Xətai Rayon İcra hakimiyyətinin nümayəndəsindən öyrənmişdir. Lakin buna ehtimal verməsə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən mənzildən istifadə hüququna xitamla bağlı məhkəməyə dəvət olunduqda iş materiallarında belə bir orderin (18.08.1990 tarixli) və yenicə bağlanmış kirayə müqaviləsinin (28.12.2020) surətlərini görmüşdür. İddiaçı, onun vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh X1 iddianın təmin edilməməsini xahiş etdi. Digər cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Məhkəmə tərəlflərin, onların vəkili və nümayəndələrinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, əvvəlcə iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmamasının aydınlaşdırılmasına zərurət vardır. İşin faktiki hallarından da göründüyü kimi, Mənzil 03.02.1988-ci il tarixdə verilmiş 38 nömrəli order əsasında iddiaçının sahibliyinə verilsə də, iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı Mənzilin sahibi olmaqla əldə etdiyi həmin əmlakına mülkiyyət hüququna gözləntisi vardır. Mülki Məcəllənin 152-ci maddəsi müəyyən edir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.2 və 152.3). İddiaçının Mənzilin tək sahibi olması işin mbahisəsiz halıdır. Eləcə də, iddiaçı özünün yaşayaış sahəsinə, mənzilə olan tələbatını təmin etməklə Mənzilin təbbi xassələrindən istifadə etmiş olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan qarşı” işi üzrə 27.09.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının milli qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ dövlət qeydiyyatına alınmasa da, beynəlxalq qanunvericilik baxımından onun Mənzilə dair mülkiyyət hüququ olduğundan iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Konkret iddia tələbinə gəldikdə isə, məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 337-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsində isə deyilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Qeyd edilən müddəalarda əqdlərin etibarsızlığının əsasları və qaydası göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi ümumi anlayışdan isə görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Bu şərtlər əsasən subyektlə bağlı olan, habelə əqdin forma və məzmununa aid olan şərtlərdir. Bundan başqa, müqavilə (əqd) bağlanarkən müqavilənin obyektinin müqavilənin bağlandığı an mövcud olması da onun etibarlılığını şərtləndirən ən mühüm amillərdən biridir. Çünki müqavilənin obyektinin müqavilənin bağlandığı an mövcud olmaması, əslində onu bağlayan tərəflərin hər hansı hüquqi nəticə əldə etmək niyyətlərinin olmamasını, müqaviləni yalnız görünüş üçün bağlandığını, yaxud başqa nəticə əldə etmək məqsədlərinin olması ehtimalı ilə bağlanması qənaətinə gəlməyə əsas verir. İş materialları ilə müəyyən edilir ki, Mənzilin də yerləşdiyi ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli yataqxana AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnistitutunun 09.06.2020ci il tarixli rəyi əsasında qəzalı vəziyyətdə olan bina hesab olunmuşdur (Bakı şəhəri Xətai RİH-nin 19.08.2021-ci il tarixli, H-48/3-012 saylı məktubu). Məhkəmə qeyd edir ki, mənzil o halda kirayə hüquq münqaibətlərinin obyekti ola bilər ki, yaşayış üçün yararlı vəziyyətdə olsun. Çünki mənzil insanların məişət ehtiyaclarının, habelə onların açıq məkandan, təbiət hadisələrindən (külək, yağış, qar və s.) qorunması üçün həyati vacib əhəmiyyətə malikdir. Məhkəmə hesab edir ki, qəzalı vəziyyətdə olan yaşayış sahəsi bu əlamətlərə malik olmamaqla, yaşayış üçün yararsız olduğından mülki hüquq münasibətlərinin obyekti də ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsi də müəyyən edir ki, əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Mənzil qəzalı vəziyyətdə olduğundan və yaşayış üçün yararsız olduğundan hər hansı mülki hüquq münasibətlərinin obyekti ola bilməz. Bu halda, 28.12.2020-ci il tarixli mənzilin kirayə verilməsi barədə bağlanmış müqavilə onun həqiqi kirayəyə verilməsi ilə bağlı hüquqi nəticə yarada bilməzdi, bu səbədən, müqavilə onu bağlayan tərəflərin həqiqi iradəsini əks etdirməməklə uydurma olmuşdur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında da qeyd edilir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, General Şıxliniski küçəsi, 42 saylı yataqxana qəzalı vəziyyətdə olması nəticəsində mülki hüquq münasibətlərinin obyekti kimi çıxış edə bilmədiyindən, həmin yataqxanada yerləşən 518 saylı otağa dair Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 122 saylı MKİS ilə Cavabdeh1 arasında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayəsi barədə 28.12.2020-ci il tarixli müqavilə uydurma əqd olmaqla əhəmiyyətsiz olduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 518 nömrəli mənzilə dair Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 122 saylı MKİS ilə Cavabdeh1 arasında bağlanmış 28.12.2020-ci il tarixli müqavilə etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-485/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-485/2022
14.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver