Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-4879/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi) “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi) “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış evinin və 0,04 ha torpaq sahəsinə dair mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah olunur. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
Məhkəmənin mövqeyi:
4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
5. Belə ki, Mülki prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi xüsusi icraat qaydasında baxılmalı işlər sırasına aid edilmişdir ki, bunlardan biri də məhz mirasın qəbul edilməsi faktının müəyyən edilməsidir. Hazırki mülki iş üzrə isə İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməmiş, iddia ərizəsi verərək öz iddia tələbini irəli sürmüş və iddiaçı və cavabdeh olaraq tərəfləri iddia ərizəsində qeyd etmişdir. Qeyd edilən hallar mülki işlərə baxılması üçün verilmiş ərizənin forma və məzmununa dair qanunvericiliyin şərtlərinin pozulması halı kimi qiymətləndirilməlidir.
6. Mülki prosessual qanunvericilikdə təsbit edilmiş xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalara müvafiq olaraq, hüquqi əhəmiyyəti olan faktların bu qaydada müəyyən edilməsi üçün aşağıda göstərilən şərtlər tələb olunur: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması (Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsi); - həmin faktları təsdiq edən lazımi sənədlərin başqa qaydada alınmasının, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmaması (308-ci maddə); - hüquq haqqında mübahisənin olmaması (306.4-cü maddə).
7. Sadalanan şərtlərdən hər hansı birinin olmaması xüsusi icraat qaydasında işə baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada alınmasının mümkünsüzlüyü belə faktların müəyyən edilməsinin məhkəmədənkənar qaydasının qüvvədə olan qanunvericilikdə mövcud olmamasını nəzərdə tutur.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qərarın 1.6-cı bəndində qeyd edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır.
9. Ərizəçinin mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi üzrə müddətin ötürülməsi ilə bağlı da mübahisə mövcuddur. Bu hal öz-özlüyündə işə xüsusi icraat qaydasında da baxılmasını qeyri-mümkün edir.
10. Həmçinin, məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə ərizəçi İddiaçı Bakı şəhəri 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontorunu, Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4614/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardada əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu da ərizəçiyə geri qaytarılmış və lazımi qaydada icraya yönəldilmişdir. Hazırki iş üzrə iddiaçı öz iddia ərizəsinə əvvəlki ərizə verilən zaman ödənilmiş dövlət rüsumunu təsdiq edən sənədi (qəbzi) əlavə etmişdir. Dövlət rüsumu məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı əsasında ərizəçiyə geri qaytarıldığından eyni qəbz nömrəli rüsumdan ikinci dəfə istifadə edilməsi dövlət rüsumunun ödənilməməsi kimi qiymətləndirilməlidir ki, bu da Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələblərinə əsasən iddia ərizəsinin geri qaytarılması əsaslarından biridir.
11. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.
12. Məhkəmə iddiaçıya iddia ərizəsində olan nöqsanları aradan qaldırdıqdan və lazımi sənədləri əlavə etdikdən sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olmasını izah edir.
13. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 152, 263- 264-cü maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
1. İddiaçı cavabdeh Bakı şəhəri 4 saylı Bakı ASAN Xidmət Mərkəzində Notariat Kontoruna qarşı (Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb etdiyi) “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçıya hazırkı iddia ərizəsi ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan və lazımi sənədləri əlavə edildikdən sonra məhkəməyə yenidən müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova