Məhkəmə qərarları › İş №2(011)-4919/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-4919/2023

14.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-4919/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 104 saylı mənzilin mərhum baldızına verilməsini nəzərdə tutan Xətai rayon İcra Hakimiyyəti başçısının 662 saylı. xx.xx.1999-cu il tarixli sərəncamının xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-a məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin mərhum baldızı-xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-a Xətai rayon İcra Hakimiyyəti başçısının 662 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına müvafiq olaraq ünvan 1 ünvanında yerləşən yaşayış binasının 104 saylı mənzil verilmişdir. Belə ki, sözü gedən sərəncamda mərhum baldızı xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-ın adında yanlışlığa yol verilmiş, İsabalayeva Qülezar yerinə İsabalayeva Gülzar qeyd edilmişdir. Buna baxmayaraq bütün sənədlərdə Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi, ölüm haqqında şəhadətnaməsində adı Qülezar düzgün qeyd edilmişdir. Həmçinin Xətai rayon İcra Hakimiyyətinə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün müraciət etsə də, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Sözügedən sərəncamda mərhum xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-ın adının düzgün qeyd edilməməsi bu gün bir çox hüquqi proseduru həyata keçirməkdə ərizəçiyə maneə yaradır. Belə ki, xx.xx.1947ci il təvəllüdlü İsabalayeva Qülezar xx.xx.2017-ci il tarixində dünyasını dəyişmiş, onun ölümündən sonra vərəsəlik işinin açılması, miras əmlakın qəbul edilməsi ilə bağlı tərəflərindən notariat ofisinə müraciət edilmişdir. Bundan sonra, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixində 901/2023 saylı məktub bizə verilərək miras qoyanın adına tərtib edilmiş çıxarışın təqdim edilməsi xahiş edilmişdir. Sözü gedən notariat ofisinin məktubu Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edildikdən sonra ərizəçiyə məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 104 saylı mənzilin xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezara verilməsini nəzərdə tutan Xətai rayon İcra Hakimiyyəti başçısının 662 saylı, xx.xx.1999-cu il tarixli sərəncamında İsabalayeva Qülezar-ın adında yanlışlığa yol verilmiş, İsabalayeva Qülezar yerinə İsabalayeva Gülzar qeyd olunmuşdur. Belə olan halda, mərhumdan qalmış miras əmlaka dair müvafiq hüquqmüəyyənedici sənəd bizə verilməsi mümkün olmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Ərizəçinin mərhum baldızı-xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-a Xətai rayon İcra Hakimiyyəti başçısının 662 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına müvafiq olaraq ünvan 1 ünvanında yerləşən yaşayış binasının 104 saylı mənzil verilmişdir. Belə ki, sözü gedən sərəncamda mərhum baldızı xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-ın adında yanlışlığa yol verilmiş, İsabalayeva Qülezar yerinə İsabalayeva Gülzar qeyd edilmişdir. Buna baxmayaraq bütün sənədlərdə Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi, ölüm haqqında şəhadətnaməsində adı Qülezar düzgün qeyd edilmişdir. Həmçinin, Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün müraciət etsə də, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 8-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Göründüyü kimi, ərizəçinin mərhum baldızı-xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-a Xətai rayon İcra Hakimiyyəti başçısının 662 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına müvafiq olaraq ünvan 1 ünvanında yerləşən yaşayış binasının 104 saylı mənzili verilmişdir. Belə ki, sözü gedən sərəncamda mərhum baldızı xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-ın adında yanlışlığa yol verilmiş, İsabalayeva Qülezar yerinə İsabalayeva Gülzar qeyd edilmişdir. Belə ki, iş materillarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin ərizəçiyə ünvanlanmış cavab məktubunda bir daha təsdiq olunur ki, Xətai rayon İcra Hakimiyyəti başçısının 662 saylı, xx.xx.1999-cu il tarixli sərəncamında mərhumun adı Gülzar kimi qeyd olunmuşdur. Belə olan halda, ərizəçinin mövcud ərizəsi əsaslıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, iş materiallarına əlavə edilmiş mərhum şəxsə məxsus olmuş “Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsi”-nin surətindən görünür ki, mərhumun adı İsabalayeva Qulezar kimi qeyd olunmuşdur. Daha sonra iş materiallarında olan mərhumun “ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, mərhumun adı burda da İsabalayeva Qulezar kimi qeyd olunmuşdur. Eyni zamanda, iş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti tərəfindən ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, ərizəçiyə yol verilmiş yanlışlığın aradan qaldırılması üçün mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 104 saylı mənzilin ərizəçinin mərhum baldızına verilməsini nəzərdə tutan Xətai rayon İcra Hakimiyyəti başçısının 662 saylı, xx.xx.1999-cu il tarixli sərəncamının xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-a məxsus olması faktının hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsi üçün mülki işdə kifayət qədər sübutlar vardır. Yuxarılda qeyd edilən hüquqmüəyyənedici sənəddə ərizəçinin mərhum baldızının adı səhvən “Gülzar” kimi göstərilmişdir və həmin sənədin ərizəçinin mərhum baldızına məxsus olması faktının müəyyən edilməsinin ərizəçinin mərhum baldızına məxsus olan torpağa dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına dair hüquqi əhəmiyyəti olduğundan ərizə əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, ərizə təmin edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış binasının 104 saylı mənzilin ərizəçinin mərhum baldızına verilməsini nəzərdə tutan Xətai rayon İcra Hakimiyyəti başçısının 662 saylı, xx.xx.1999-cu il tarixli sərəncamının xx.xx.1947-ci il təvəllüdlü İsabalayeva Qülezar-a məxsus olması faktı müəyyən edilsin. Ərizəçinin ödədiyi 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar