Məhkəmə qərarları › İş №2(011)-499/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-499/2023

06.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-499/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 188 manat borcun (abonent kodu: **********290) və 30 manat dövlət rüsumu üzrə xərclərin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi N.H.Hümmətov iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu: **********290) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidməti göstərilir, cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2022-ci il tarixinə abonentin 188 manat borcu yaranmışdır, iddiaçı tərəfindən borcun ödənilməsi məqsədilə ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2022-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir, lakin cavabdeh borcun ödənilməsini tam təmin etməmişdir, həmin ünvana xx.xx.2021-ci il tarixdə CSS-20 markalı 21168628 nömrəli sayğac quraşdırılmışdır. cavabdeh xidmətlərdən mütəmadi istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini ödəməmişdir. Həmçinin nümayəndə bildirdi ki, 2020ci ilə qədər sayğac cavabdehin mənzilinin daxilində olmuş, buna görə ona əməkdaşlar tərəfindən evə daxil olaraq baxılmamışdır, borc onların, yəni cavabdehin bildirdiyi sayğac göstəricisi üzrə yazılmışdır, sayğac dəyişdirilmiş, 2021-ci ildə yeni sayğac mənzildən kənara qoyulmuşdur, bundan sonra ona əməkdaşlar özləri baxmışdır, sayğacın dəyişdirilməsi barədə aktı məhkəməyə təqdim edə bilmir, məhkəmə tərəfindən aparılmış hesablamaya etirazı yoxdur. Sonda N.H.Hümmətov iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, ailə tərkibi 4 nəfərdir, sentyabrın 1-i ona 74 manat borc gəlmiş, həmin borcu ödəmişdir, ünvanında olan su sayğacını dəymişdirlər, dəyişdikdən sonra isə bu qədər borc yazılmışdır, iddiaçının əməkdaşları hər ay sayğaca baxış keçirib, borcu müəyyən etməli, əgər bu qədər borc vardırsa, bunu ona deməli idilər, lakin bunu ona deməmişdirlər, hətta borcun nə zaman yarandığını da deməmiş, birbaşa olaraq ondan bu qədər pul istəmişdirlər, su xidmətləri üzrə pulu vaxtında iddiaçı tərəfindən verilmiş bildirişlərə əsasən ödəmişdir, heç bir borcu olmamışdır, sayğac isə heç vaxt evdə - mənzilin daxilində olmayıb, həmişə aşağıda olmuşdur, sayğacı özləri qoymuş, özləri də çıxarmışdırlar, bu barədə xəbəri olmayıb, sudan həmişə sayğaca uyğun istifadə etmişdirlər, hazırda hesablanmış 7 manat borcu ödəyə bilər, lakin qalan həddə borcu qəbul etmir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “X4”ndan görünür ki, Cavabdeh **********290 saylı abonent kodu üzrə ünvan 1 ünvanında su borcu qalıq – 131,60 manat, çirkab borcu qalı – 56,49 manat olmaqla, cəmi 188 manat hesablanmışdır. İş materiallarında olan ünvan 1 ünvanında yaşayan X2 (abonent kodu - **********290) İddiaçı ASC-yə su və çirkab su xidmətinə görə xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər olan debitor borcun yaranması haqqında çıxarışdan görünür ki, 2015-2016cı il tarixində satış 82,98 manat, ödəniş 69 manat, qalıq 13,98 manat, 2017-ci il tarixinə satış 99,5 manat, ödəniş 116 manat, qalıq -16,5 manat, 2018-ci il tarixinə satış 133 manat, ödəniş 134 manat, qalıq -1 manat, 2019-cu il tarixinə satış 109,5 manat, ödəniş 96,98 manat, qalıq 12,52 manat, 2020-ci il tarixinə satış 105,5 manat, ödəniş 106,5 manat, qalıq -1 manat, 2021-ci il tarixinə satış 281 manat, ödəniş 64 manat, qalıq 217 manat, 2022-ci il tarixinə satış 129 manat, ödəniş 164 manat, qalıq –35 manatdır, qeyd olunan ünvanda xx.xx.2022-ci il tarixinə olan borc 190 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 295039 №-li Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən cavabdehə yaranmış borcla əlaqədar xəbərdarlıq edilərək borcun 7 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh, ünvan 1 ünvanında **********290 saylı abonent kodu ilə su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətindən istifadə edir, o, xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır, həmin ünvan üzrə 2015-2016-cı il tarixində satış 82,98 manat, ödəniş 69 manat, qalıq 13,98 manat; 2017-ci il tarixinə satış 99,5 manat, ödəniş 116 manat, qalıq -16,5 manat; 2018-ci il tarixinə satış 133 manat, ödəniş 134 manat, qalıq -1 manat; 2019-cu il tarixinə satış 109,5 manat, ödəniş 96,98 manat, qalıq 12,52 manat; 2020-ci il tarixinə satış 105,5 manat, ödəniş 106,5 manat, qalıq -1 manat; 2021-ci il tarixinə satış 281 manat, ödəniş 64 manat, qalıq 217 manat; 2022-ci il tarixinə satış 129 manat, ödəniş 164 manat, qalıq –35 manatdır, iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin öhdəliklərinin yerinə yetirilməsini istisna edən, habelə 2021-ci il üzrə hesablanmış borc məbləğinin həmin həddə olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, cavabdehdən tutulmalı olan borc məbləğinə münasibətdə hesab edir ki, borcun həmin həddə hesablanmasına əsas verən sübutlar iş materiallarına əlavə edilmədiyindən və belə hallar məhkəmə tərəfindən də müəyyən olunmadığından, əvvəlki illər üzrə iddiaçının ünvanına istifadə etdiyi xidmətlərin dəyəri üzrə hesablanmış orta aylıq borc məbləği (2015-2016-cı illər üzrə 82,98 manat, 2017-ci il üzrə 99,5 manat, 2018-ci il üzrə 133 manat, 2019-cu il üzrə 109,5 manat, 2020-ci il üzrə 105,5 manat; 82,98 + 99,5 + 133 + 109,5 + 105,5 = 530,48 manat) nəzərə alınmaqla, 2021-ci il üzrə hesablanmış borcun 106 (530,48 / 5 = 106,096 manat) manat həddində müəyyən olunması məqsədəmüvafiqdir. Belə olan halda məhkəmə hesab edir ki, 2021-ci il üzrə ödənilmiş məbləğ (64 manat), habelə 2022-ci il üzrə cavabdeh tərəfindən ödənilmiş artıq məbləğ (35 manat) nəzərə alınaraq, cavabdehdən 7 (106,906 – 64 – 35 = 7,096) manat həddində borc alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasinin Qanununun 59-cu maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 30-cu maddəsinə 1-ci bəndinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59-cu maddəsinin 3-cü bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Həmin Qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən, Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Həmin Qanunun 72-ci maddəsinə görə bu Qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifələrindən biridir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən su təchizatı və tullantı suların axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 7 manat borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddianın həcmi, onun təmin edilmiş və təmin edilməmiş hissəsi (müvafiq olaraq 7 manat və 181 manat) nəzərə alımaqla, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu 3 manat hissədə cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh yaranmış borca görə 7 (yeddi) manat və dövlət rüsumuna görə ödənilmiş 3 (üç) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar