Məhkəmə qərarları › İş №2(011)-50/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-50/2022

11.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-50/2022 11.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilə öhdəliklərinin icra edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı – Cavabdeh1 MMC-dən və onun qanuni təmsilçisi Cavabdeh2 9600 manat icarə haqqının, əldən çıxmış faydaya görə 9600 manat, icarə haqqının qanunsuz olaraq ödənilməməsinə görə illik bank faiz uçot dərəcəsi (7%) nəzərə alınmaqla 2 il üçün 1344 manat və 30 manat dövlət rüsumunun tutulması və iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi, 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. xx.xx.2019cu il tarixdə qeyd edilən qeyri-yaşayış sahəsi 1 il müddətinə Cavabdeh1 MMC-yə icarəyə vermişdir. Bu zaman icarə müqaviləsi 41 saylı Notariat Kontorunda təsdiq edilmiş və Cavabdeh1 MMC-nin qanuni təmsilçisi Cavabdeh2 tərəfindən imzalanmışdır. Müqavilə şərtlərinə əsasən aylıq icarə haqqı 800 manat müəyyən edilmişdir və müqavilə 1 il müddətinə imzalanmışdır. Bütün bu müddət ərzində cavabdeh nə aylıq icarə haqqını ödəmişdir, nə də müqavilə müddəti bitdiyi an sahəni könüllü surətdə tərk etmişdir. Əksinə iddiaçıya qarşı müxtəlif iradlar bildirmişdir. Halbuki, cavabdehin icraçı qismində 1 il üçün ödəməli olduğu icarə haqqı üzrə borcu 9600 manat təşkil edir və həmin borc bu günə qədər ödənilməmişdir. Bundan başqa icarə müddəti bitdiyinə və icarəçinin sahəni tərk etməməsinə görə iddiaçı hər ay ən azı 800 manat olmaqla vəsait itirir. Çünki həmin sahəni başqa bir şəxsə icarəyə vermək imkanından məhrum olur. İddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı – ilkin iddianın təmin edilməməsi, cavabdehdən qeyri-yaşayış sahəsinə çəkilən xərclərin əvəzi olaraq 206000 manat pulun alınıb ona ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı və anası X3 Bakı şəhər sakini İddiaçı ilə ona məxsus ünvan 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 121.4 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair razılığa gəlmişdirlər. Razılığa əsasən qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən təmir edilməli, bundan sonra icarə müqaviləsi bağlanaraq istifadəyə verilməlidir. İddiaçı da icarəyə verənlə razılaşdıqları kimi qeyri-yaşayış sahəsində yüksək keyfiyyətli təmir işləri aparmışdır. Təmirdən sonra qeyri-yaşayış sahəsi tamamilə təzələnmiş və dəyəri də əvvəlkinə nisbətdə əhəmiyyətli dərəcədə qalxmışdır. Qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair cavabdehlə 2019-cu ilin sentyabr ayında notariat qaydada müqavilə bağlanmışdır. İcarə müqaviləsi cavabdeh İddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmışdır. Cəmiyyətin direktoru və təsisçisi iddiaçı Cavabdeh2dır. İddiaçı cavabdehə etibar etdiyindən onun dediklərinin hamısına əməl etmişdir. Cavabdeh müqavilənin hər il uzadılacağına iddiaçını əmin edərək hazırkı müqaviləni 1 il müddətinə bağlamaqla qeyri-yaşayış sahəsinə külli miqdarda sərmayə qoyulmasına nail olmuşdur. Hazırda isə cavabdeh icarə müqaviləsinin müddətini uzatmaq istəmir və yaranmış vəziyyətdən istifadə edərək iddiaçını qeyri-yaşayış sahəsindən çıxarmaq niyyətindədir. Qeyriyaşayış sahəsi əsaslı təmir olunub, ora bahalı avadanlıqlar yerləşdirilib və artıq bir ildən çoxdur ki, restoran kimi fəaliyyət göstərir. Hazırda icarəyə verən iddiaçıya səbəbsiz olaraq qeyri-yaşayış sahəsinin boşaldılmasına dair bildiriş göndərmişdir. Eyni zamanda iddiaçını qeyri-yaşayış sahəsindən çıxarmaq üçün müxtəlif üsullardan istifadə edir. Bunun üçün o gah elektrik enerjisinin, gah da, qazın dayandırılması ilə bağlı “Azərişıq” və “Azəriqaz”a yazılı müraciətlər göndərmişdir. Qeyri-yaşayış sahəsinin təmirinə iddiaçı tərəfindən 206000 manatdan çox vəsait qoyulmuşdur. İcarə müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlansa da, qeyri-yaşayış sahəsi pandemiya ilə bağlı 6 aydan çoxdur ki, işləməmişdir. Lakin, buna baxmayaraq icarə haqqı mütəmmadi olaraq artıqlaması ilə ödənilmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixdə 41 saylı Notariat Kontorunda təsdiq edilmiş müqaviləyə xitam verilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh1 MMCnin və onun qanuni təmsilçisi Cavabdeh2 məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin iddiaçıya təhvil verilməsi, həmçinin cavabdehlərdən 9600 manat icarə haqqının, əldən çıxmış faydaya görə 9600 manat, icarə haqqının qanunsuz olaraq gecikdirilməsinə görə illik bank faiz uçot dərəcəsi 7% nəzərə alınmaqla 2 il üçün 1344 manat, 30 manat dövlət rüsumunun tutulması və İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixdə 41 saylı Notariat Kontorunda təsdiq edilmiş müqaviləyə xitam verilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh1 MMCnin və onun qanuni təmsilçisi Cavabdeh2 məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin iddiaçıya təhvil verilməsi, həmçinin cavabdehlərdən 9600 manat icarə haqqının, əldən çıxmış faydaya görə 9600 manat, icarə haqqının qanunsuz olaraq gecikdirilməsinə görə illik 5% nəzərə alınmaqla 2 il üçün 960 manat və 30 manat dövlət rüsumunun tutulması və İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçının, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə dair xx.xx.2019-cu il tarixdə 41 saylı Notariat Kontorunda təsdiq edilmiş müqaviləyə xitam verilməsi, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh1 MMCnin və onun qanuni təmsilçisi Cavabdeh2 məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin iddiaçıya təhvil verilməsi, həmçinin cavabdehlərdən 9600 manat icarə haqqının, əldən çıxmış faydaya görə 11200 manat, icarə haqqının qanunsuz olaraq gecikdirilməsinə görə illik 5% nəzərə alınmaqla 2 il üçün 2080 manat və 30 manat dövlət rüsumunun tutulması və İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi və məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 və ilk Cavabdeh1 MMC məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin Cavabdeh2 və Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Onların məhkəmə iclasına gəlməmələrinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən əsaslıdır. Buna görə, həm ilkin iddia, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh1 MMC adından Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 1 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 saylı qeyri-yaşayış sahəsinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı tərəfindənCavabdeh1 MMC-nin direktoru Cavabdeh2 10 təqvim günü ərzində sahənin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 İddiaçı ünvanladığı məktubun surətindən görünür ki, İddiaçı icarə müqaviləsinin növbəti il üçün uzadılmasına dair mövqeyinin bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" MMC Qiymətləndirmə Şirkətinin Cavabdeh1 MMCyə ünvanladığı xx.xx.2020-ci il tarixli № MB 13/1042 saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektində (Hasly restoran) aparılmış təmir-bərpa işlərinin və avadanlıqların xx.xx.2020-ci il tarixinə hesablanmış bazar dəyəri 206709 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2915 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı vəziyyətdə olan təmirinə 2019-cu il üçün mövcud olan bazar qiymətlərinə çəkilmiş xərclərin ümumi dəyəri təqribən 19564,50 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/93xx-xx/6921 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırki vəziyyətdə olan təmirinə mövcud olan orta bazar qiymətlərinə uyğun çəkilmiş xərclərin ümumi dəyəri təqribən 20865,50 manat məbləğində müəyyən olunmuşdur. Ekspertiza tədqiqatına təqdim edilən ayrıla bilməyən əşyaların amortizasiya nəzərə alınmaqla hazırkı vəziyyətdə orta bazar qiymətləri 1300 manat müəyyən olunur. İş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Cavabdeh2 anasıdır. Cavabdeh2 restoranın təmirini onun köməyi ilə həyata keçirmişdir. O şəxsən restoranın təmirində iştirak etmişdir. 2019-cu ilin sentyabr ayında müqavilə bağlansa da, həmin restoranın təmirinə müqavilədən əvvəl, yəni iyun ayında başlanmışdır. 2019-cu ilin sentyabr ayının 21-də restoranın açılışı olmuşdur. İcarə müqaviləsində aylıq icarə ödənişi 800 manat yazılsa da, iddiaçıya 6 ay ərzində hər ay üçün 1500 manat, digər 6 ay üçün hər ay 2000 manat icarə haqqı ödənilmişdir. Restoran bir müddət işlədikdən sonra pandemiya ilə bağlı olaraq fəaliyyəti dayanmışdır. Lakin pandemiya vəziyyətində də iddiaçıya aylıq icarə haqqı ödənilmişdir. İddiaçı ilə tanışılıqları var idi. İcarə müqaviləsi bir il müddətində bağlansa da, qızı Cavabdeh2 müqavilənin müddətinin hər il uzadılmasını nəzərdə tutmuşdur. 2020-ci ilin sentyabr ayında onlara kafeni tərk etmələri ilə bağlı məktub göndərilmişdir. Bundan sonra qarşı tərəflə əlaqə saxladıqda kafeni boşaltmaları onlardan tələb edilmişdir. Daha sonra İddiaçı qızı Cavabdeh2 qarşı məhkəmədə iddia qaldırmışdır. İş üzrə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, restoran yerləşən ərazinin qonşuluğunda yaşayır. Qeydiyyat ünvanı Nizami rayonu olsa da, faktiki olaraq ünvan 3 ünvanında yaşayır. Kafenin təmiri ilə bağlı bütün prosesləri görmüşdür. Kafenin əvvəlki vəziyyəti çox pis olmuş, hazırda kafe əsaslı təmir olunmuşdur. Kafenin xarici görünüşündən onun təmirinə külli miqdarda pul qoyulduğu bilinir, lakin nə qədər pul xərclənməsi barədə məlumatı yoxdur. 2019-cu ilin sentyabr ayında restoranın açılışı olmuşdur, bir müddət fəaliyyət göstərdikdən sonra pandemiya ilə bağlı fəaliyyəti dayanmışdır. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, restoran yerləşən ərazinin qonşuluğunda yaşayır. 2019-cu ilin yay aylarında həmin restoranın təmirinə başlanılmışdır və təmir bir neçə ay davam etmişdir. O təmirin şahidi olmuşdur. Kafenin əvvəlki vəziyyəti qənaətbəxş deyildir. Bildiyinə görə kafenin icarəyə verilməsi uzunmüddətli olmalı idi. İş üzrə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, onun Cavabdeh2 anası Səidə xanımla iş birliyi olmuşdur. Sözügedən kafenin təmir işləri, mebelləri və havalandırma sisteminin quraşdırılması onun tərəfindən həyata keçirilmişdir. İş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 27 ildir ki, ünvan 4 ünvanında yaşayır. Cavabdeh1 kafesi evinin yaxınlığında yerləşir. O, kafenin əvvəlki vəziyyətini görmüş, kafenin əvvəlki vəziyyəti bərbad olmuşdur. Orda əsaslı təmir həyata keçirilmiş, əvvəlki vəziyyətindən əsər-əlamət qalmamışdır. Kafedəki bütün avadanlıqlar yenilənmişdir, ora avropasayağı təmir olunmuşdur. Təmirin qiyməti təxminən 200000-300000 manat olar. Yeganə Şirinova ora rəfiqələri ilə birlikdə iftar süfrəsinə getmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, kafenin işıq və səs sistemi ilə bağlı bütün texniki işlərini həyata keçirmişdir. Kafenin indiki adı Cavabdeh1dir, əvvəlki adı isə “Yeni Bakı” olmuşdur. 2019-cu ilin yay aylarında kafe təmir olunmuşdur. Kafenin əvvəlki vəziyyətindən əsər-əlamət yoxdur, ordakı bütün elektrik xətləri yenidən çəkilmişdir. Təmir zamanı bəzi hissələr sökülmüş, yeniləri ilə əvəz olunmuşdur. Kafedə işlədiyi vaxt onlara xidmət haqqı olaraq 5000 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ilk İddiaçı ilə ilk Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən müqavilə xx.xx.2019-cu il tarixdən qüvvəyə minməli və xx.xx.2019-cu il tarixdə müqavilənin müddəti bitməli idi. Müqaviləyə görə İddiaçı özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 nömrəli binanın 1-ci mərtbəsində yerləşən, ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsini Cavabdeh1 MMC-nə icarəyə vermişdir. İcarə müqaviləsi üzrə aylıq icarə haqqı 800 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk iddia tələbinin “xx.xx.2019-cu il tarixdə 41 saylı Notariat Kontorunda təsdiq edilmiş müqaviləyə xitam verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassızdır. Ona görə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədə icarə müddətinin son tarixi xx.xx.2020-ci il olaraq müəyyən edilmişdir. Göründüyü kimi, bağlanmış icarə müqaviləsi üzrə müqavilənin qüvvədə olma müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən, tərəflərin öhdəliklərinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Tərəflərin öhdəliklərinə xitam verilmiş müqaviləyə xitam verilməsinə isə əsas olmadığından, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Republikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məhkəmə ilk iddia tələbinin “ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsindən Cavabdeh1 MMC-nin və onun qanuni təmsilçisi Cavabdeh2 məcburi qaydada öz hesablarına çıxarılması və həmin sahənin iddiaçıya təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, ilk iddia qeyd edilən hissədə əsaslıdır. Azərbaycan Republikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Belə ki, bağlanmış icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə müddəti xx.xx.2020-ci il tarixdə bitdiyindən, cavabdehlər Cavabdeh1 MMC və onun qanuni təmsilçisi Cavabdeh2 tərəfindən icarə predmeti olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan İddiaçı məxsus qeyri-yaşayış sahəsi sonuncuya təhvil verilməli idi. Lakin ilk cavabdehlər müqavilə üzrə müəyyən edilmiş müddət bitdikdən sonra da icarə predmetini təhvil verməmişdirlər. Odur ki, ilk İddiaçı özünə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin cavabdehlər tərəfindən öz hesablarına boşaldılmasını və sahənin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia qeyd edilən hissədə əsaslı olduğundan, təmin edilməlidir. Məhkəmə həmçinin ilk iddianın “cavabdehlərdən 9600 manat icarə haqqının, əldən çıxmış faydaya görə 11200 manat, icarə haqqının qanunsuz olaraq gecikdirilməsinə görə illik 5% nəzərə alınmaqla 2 il üçün 2080 manat və 30 manat dövlət rüsumunun tutulması və İddiaçı ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissələrdə qismən əsaslıdır. Belə ki, Azərbaycan Republikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd olunan Məcəllənin 700-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 705-ci maddəsinə əsasən, əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. Belə ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 20-si icarə haqqı ödənilməli idi. Lakin məhkəmə araşdırması zamanı Cavabdeh1 MMC tərəfindən müqavilənin qüvvədə olduğu müddət ərzində icarə haqqı ödənilməsi sübuta yetirilməmişdir. Odur ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixədək ödənilməmiş 9146,6 manat ((11x800)+13x(800/30)=9146,6) məbləğində icarə haqqı Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa müqavilə müddəti bitdikdən sonra cavabdehlər icarə predmetini iddiaçıya təhvil verməmiş və bununla da iddiaçı əldə edə biləcəyi mümkün gəlirdən məhrum olmuşdur. Odur ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (ilk iddiaçının tələb etdiyi vaxta) keçən 1 il 2 ay müddətində ödənilməli olan icarə haqqı nəzərə alınmaqla icarə haqqının məbləği 11200 manat (800x14=11200) Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, ilk iddiaçı icarə haqqının ödənilməməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% olmaqla faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, cavabdehlər tərəfindən ödənilməmiş icarə haqqının ümumi məbləği 20346,6 manat, gecikdirilmiş müddət isə 2 il olmaqla, həmin dövr üçün ödənilməli olan gecikdirilmiş vaxt üçün illik 5% olmaqla hesablanmış faiz borcu 2034,66 manat ((((9146,6+11200)x5)/100)x2)=2034,66) Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ilk iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi də Cavabdeh1 MMC-dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qeyd edilən hissədə Cavabdeh2 münasibətdə ona görə təmin edilməməlidir ki, qeyd edilən icarə obyektində Cavabdeh1 MMC hüquqi şəxs kimi fəaliyyət göstərmiş, Cavabdeh2 isə hüquqi şəxsin təmsilçisi olmuşdur. Odur ki, iddia qeyd edilən hissədə Cavabdeh1 MMC-nə münasibətdə təmin edilərək, göstərilən pul vəsaitləri də ondan tutulmalıdır. Məhkəmə qarşılıqlı iddianın “cavabdehdən qeyri-yaşayış sahəsinə çəkilən xərclərin əvəzi olaraq 206000 manat pulun alınıb iddiaçıya ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları, tərəflərin izahatları və şahid ifadələri ilə müəyyən edilir ki, icarə obyekti olan qarşılıqlı cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsi qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən təmir edilmişdir. Məhkəmə hesab edir ki, qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən təmir edilməsi nəticəsində İddiaçı əsassız varlanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh2 hazırkı iddia tələbi əsaslı olsa da, lakin həcminə görə qismən əsaslıdır. Belə ki, qarşılıqlı iddiaçı qeyri-yaşayış sahəsinin təmirinə ümumilikdə 206000 manat xərc çəkdiyini bildirsə də, lakin qarşılıqlı iddiaçı özü də həmin qeyri-yaşayış sahəsindən restoran kimi istifadə etmiş və orada fəaliyyət göstərmişdir. Qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərin amortizasiya dəyəri nəzərə alınmaqla ümumi dəyərinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və Məhkəmə Eksperizası Mərkəzi tərəfindən təqdim edilən 9/93xx-xx/6921 saylı ekspert rəyinə əsasən, mübahisəli ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsinin təmirinin və ondan ayrıla bilməyən avadanlıqların hazırkı vaxta olan ümumi dəyərinin 22165,5 manat olması müəyyən edilmişdir. Məhkəmə əlavə olaraq, qeyd edir ki, iş üzrə verilmiş iki ekspert rəyindən “9/93xxxx/6921 saylı” rəydə qeyri-yaşayış sahəsində aparılmış təmir işlərinin və həmçinin orada olan ayrıla bilməyən avadanlıqların dəyəri sonradan məhkəmə araşdırılması zamanı təqdim edilmiş qaimə-fakturalar nəzərə alınmaqla, müəyyən olunduğuna görə, məhz bu rəy vurulmuş maddi zərərin miqdarının müəyyən edilməsi üçün məhkəmə tərəfindən mötəbər sübut növü kimi qiymətləndirilir. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə verilmiş 9/93xx-xx/6921 saylı ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı cavabdeh İddiaçı qeyri-yaşayış sahəsinin təmirinə çəkilmiş xərclərin qalıq dəyəri olan 22165,5 manat məbləğində pul vəsaiti tutularaq, qarşılıqlı iddiaçıya ödənilməli və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə daxil olan ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın 100 manatı Cavabdeh1 MMC-dən, 100 manatı isə İddiaçı tutularaq, dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh1 MMC və onun qanuni təmsilçisi Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 121,4 kv.metr olan qeyri-yaşayış sahəsindən məcburi qaydada öz hesablarına çıxarılsın və həmin sahə İddiaçı təhvil verilsin. Cavabdeh1 MMC-dən 9146,6 (doqquz min yüz qırx altı manat altmış qəpik) manat icarə haqqı, 11200 (on bir min iki yüz) manat əldən çıxmış fayda və 2034,66 (iki min otuz dörd manat altmış altı qəpik) manat illik 5% olmaqla hesablanmış faiz borcu olmaqla, cəmi 22381,26 (iyirmi iki min üç yüz səksən bir manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 22165,5 (iyirmi iki min yüz altmış beş manat əlli qəpik) manat məbləğində pul vəsaiti tutularaq, Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 MMC-dən, 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar